Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Qəbələ Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Qəbələ Dövlət Təbiət Yasaqlığı

Bu gün bütün dünyada ekoloji tarazlığın qorunub saxlanması əsas məsələ kimi qarşıya qoyulub və bu istiqamətdə mühüm addımlar atılır. Qeyd edək ki, bu prosesə  hələ ötən əsrin ortalarından başlanmış, elə həmin dövrdən etibarən Azərbaycanda da təbiət və ətraf mühitin qorunması yönündə dövlət səviyyəsində tədbirlər, mühüm işlər həyata keçirilmişdir. Bu məqsədlə ölkə ərazisinin bir çox rayon və bölgələrində qoruq və yasaqlıqlar yaradılmışdır. Beləliklə, xüsusi mühafizə olunan qoruq və yasaqlıqlarda nəsli kəsilməkdə olan flora və fauna nəzarətə götürülmüşdür. Vurğulayaq ki, qoruqlardan fərqli olaraq yasaqlıqlarda təbiətin  bir və ya bir neçə komponenti mühafizə edilir və çoxaldılır.

Ecazkar təbiətə malik Qəbələ rayonunda da nəsli kəsilməkdə olan bioloji canlıların qorunması məqsədilə rayon ərazisində bir neçə qoruq və yasaqlıqlar fəaliyyət göstərir. Qəbələ rayonu Azərbaycanın şimal-qərb hissəsində 8 sentyabr 1930-cu illərdə inzibati rayon kimi yaradılmışdır. Sahəsi 1548,6 kvadratkilometrdir. Əhalisi isə 2020-ci ilin göstəricisinə əsasən 107786 min nəfərdir. İndiki Qəbələ rayonu IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin adını daşıyır. Rayonun yerləşdiyi ərazi dağlıq, düzənlik və yaylalardan ibarətdir. Respublikamızın ərazisində Böyük Qafqazın ən yüksək zirvələri - Bazardüzü, Tufandağ, Bazaryurd və Şahdağ zirvələri məhz Qəbələnin şimal sərhədində yerləşir. Onu da qeyd edək ki, ölkə ərazisində olan 6 kvadratkilometr dağ buzlaqları yalnız bu zirvələrdə mövcuddur. Rayonun meşə və dağları, düzləri təbii landşaftdan asılı olaraq müxtəlif heyvan və quş növləri ilə zəngindir. Ona görə də rayon ərazisində qoruq və yasaqlıqların təşkil olunması bu ərazi üçün xarakterik olan flora və faunanın qorunması vacib məsələlərdəndir.

Qəbələ Dövlət Təbiət Yasaqlığı da rayonun cənub ərazisində olan nadir meşə və kol landşaftını mühafizə etmək məqsədilə yaradılmışdır. Ərazisi 39.700 hektar olan yasaqlıq 1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəli, Bum və Qaraçay çaylarının hövzələrini əhatə edir. Qəbələ Dövlət Təbiət Yasaqlığında düzən, dağ, meşə landşaftının müxtəlif ağac və kol bitkiləri, eləcə də nəsli kəsilmək təhlükəsi qarşısında olan dağ kəli, qarapaca, cüyür, ayı, qaban, vaşaq və digər heyvanlar mühafizə olunur. Yasaqlıq ərazisində üçyarpaq yonca, əvəlik, yarpız, qaymaqçiçəyi, qoz, fındıq, palıd, şabalıd, fıstıq, alma, armud, itburnu, əzgil, zoğal və digər kol bitkiləri yayılmışdır. Bundan başqa, yasaqlıqda nadir heyvanlardan çöl pişiyi, qarapaça, vaşaq, qafqaz maralı, cüyür, canavar, yenot, quşlardan isə kəklik, qırqovul və digərləri məskunlaşmışdır.

Əli SADIQOV,

"Respublika".