Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

“İthra"Dünya Mədəniyyət Mərkəzi

Səudiyyə Ərəbistanının Dhahran şəhərinin yarımsəhra mənzərəsi fonunda poladdan ucaldılan nəhəng daş kompleks Kral Əbdüləziz Dünya Mədəniyyəti Mərkəzi "İthra" (ərəb dilində "zənginləşdirmə") adlanır. Binanın tikintisi zamanı çətin relyefi nəzərə alan inşaatçılar çoxsaylı neft mənbələrinə ziyan vurmamaq üçün bünövrəyə xüsusi diqqət yetiriblər. "Saudi Aramco" neft şirkəti tərəfindən dəstəklənən layihəni Norveçin "Snohetta&MIR" şirkətinin memarları həyata keçirib. Tikintisi 10 il çəkən 3 binadan ibarət mərkəz 2016-cı ildə istifadəyə verilib. 

Heyrətamiz binanın ümumi uzunluğu 350 kilometr, sahəsi 85 min kvadratmetr, hündürlüyü isə 90 metrdir. Uçan naməlum obyekti xatırladan mərkəz mükəmməl səs izolyasiyasına malikdir. Təbii qumdan, gildən və çınqıldan inşa edilən kompleksdə binalardan biri keçmişi, digəri indiki dövrü, mərkəzi hissəsində yerləşən 18 mərtəbəli "Bilik Qülləsi" isə gələcəyi ehtiva edir. Qabaqcıl texnologiyalardan istifadə olunan 900 yerlik tamaşa zalı, bütün yaş qruplarına uyğun muzey, memarlıq sənəti haqqında ətraflı məlumat verən böyük bir kitabxana, musiqi zalı, kinoteatr, teatr, arxiv, sərgi salonları fəaliyyət göstərir. Muzeydə interaktiv displeydə neft emalından və istehsalından bəhs edən videoçarx da nümayiş etdirilir.

2018-ci ildə Amerikanın "Time" jurnalı "İthra"nı ziyarət üçün ən yaxşı 100 yerdən biri adlandırıb. Təkcə 2019-cu ildə Mərkəzi bir milyondan çox insan ziyarət edib.

 

Monreal Olimpiya Stadionu

Kanadanın ən böyük idman kompleksi olan "Monreal Olimpiya Stadionu" Monreal şəhərinin ən möhtəşəm atributlarından biridir. 1976-cı ildə XXI Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə, eləcə də idman yarışlarına evsahibliyi edən məşhur stadion 65.000-dən çox tamaşaçı tutumuna malikdir.

Fransız memar Rocer Tailibertin bu layihəsi yerli sakinlər tərəfindən çox isti qarşılanmamış, hətta mətbuatda və hakimiyyət orqanlarında tənqid də olunmuşdu. Yeni idman arenası tikmək və Olimpiya Oyunlarına evsahibliyi etmək Kanadaya o qədər böyük məbləğə başa gəlmişdi ki, vergi ödəyiciləri pullarının boş bir çuxura atıldığını söyləyirdilər. Ancaq 2006-cı ildə yenidən rekonstruksiya olunan nəhəng kompleks şəhərin ən heyrətamiz memarlıq strukturlarından birinə çevrilir.

Kanadanın rəmzi olan ağcaqayın yarpağına bənzəyən dünyanın ən böyük maili qurğusunun hündürlüyü 165 metr, dam örtüyü ilə oyun meydançasının arasındakı məsafə isə 52 metrdir. Stadionun əsas zalının ümumi sahəsi 43504 kvadratmetrdir. İdman arenasında ucalan 45 dərəcə bucaq altında 175 metr hündürlükdə avanqard üslubunda inşa olunan qüllə stadiona təkcə gözəllik vermir, o həmçinin damın üstünü açmaq üçün transformator funksiyasını da yerinə yetirir. Nəhəng tısbağanı xatırladan mərkəzdə  stadionla yanaşı, idman kompleksi, 100x65 metr ölçüdə futbol meydançası, tribunalar, üzgüçülük hovuzu, idman zalları fəaliyyət göstərir. Qüllənin yuxarı hissəsində yerləşən müşahidə göyərtəsinə xüsusi funikulyorla qalxan ziyarətçilər bütün Monrealı seyr etmək imkanı əldə edirlər.

Kanada liqasının futbol matçlarına, atletika, atçılıq, beysbol və çoxnövçülük üzrə milli və beynəlxalq yarışlara evsahibliyi edən əfsanəvi stadionda, həmçinin müxtəlif musiqi qruplarının çıxışları və din xadimlərinin tədbirləri keçirilir.

 

 “Pişik" bina

Almaniyanın Karlsrue şəhərində çox maraqlı və qeyri-adi "Pişik" binası inşa olunub. Beynəlxalq miqyasda tanınmış qrafika rəssamı, uşaqlar və böyüklər üçün kitabların müəllifi və illüstratoru, dizayner Tomi Ungereg bu cəsarətli layihəni həyata keçirmək üçün Ayla-Suzan Yondelin memarlıq bürosu ilə əməkdaşlıq edib. Memarlıq üslubu isə seçilən tikilinin layihəsini Ayla-Susan Yondellə Tomi Ungereg birlikdə həyata keçiriblər.

Hər birimiz dəfələrlə uşaq bağçasının girişində körpələrin ağladığını və valideynlərini buraxmaq istəmədiyinin şahidi olmuşuq. Balaca fidanların bağçaya marağını artırmaq və tez uyğunlaşmasına kömək etmək üçün memarlar məhz bu formada bina tikmək qərarına gəliblər. 2002-ci ildə istifadəyə verilən "Pişik" bina 3 yaşdan 7 yaşa qədər 100 uşaq üçün nəzərdə tutulub.

Binanın pəncərələri gözündə, qapısı ağzında, uşaqlar üçün quraşdırılan atraksion quyruğunda, geyinib-soyunma otağı və yeməkxana qarın hissəsində, oyun otaqları isə pişiyin pəncəsində yerləşir. Giriş qapısının önünə sərilən qırmızı xalı pişiyin dilidir. Binanın damında uşaqların vaxtlarını keçirməsi üçün qazon da əkilib.

Analoqu olmayan sevimli "Pişik" bina uşaqlar qədər böyüklərin də marağına səbəb olur.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".