CƏNUBDAN SƏSLƏR...
Güneydən səslər

CƏNUBDAN SƏSLƏR...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

Güney Azərbaycanın mətbəx mədəniyyəti

(əvvəli 3 dekabr tarixli sayımızda)

Güney Azərbaycanın üçüncü böyük şəhəri olan Ərdəbilin də özünəxas dadlı yeməkləri var. Çığırtma, yerkökü xuruştu, göy lobya küküsü, xəşil, ləvəngi, yumurta küftəsi, bıçaq qiymə, Ərdəbil xəngəli, sac qovurma, qeysava, bozbaş, qaysı plov, əriştəli plov, Kəngər plov, basdırma plov, südlü plov kimi bölgəsəl, milli yeməklərin arasında dadı-tamı ilə də çox seçilən meyvəli aş özəl yer tutur. Bu sevimli aş növü bişirilərkən qırmızı lobya, noxud, mərci, düyü, yarma, əriştə, döyülmüş ət, gavalı, quru ərik, albalı, cəfəri və keşniş kimi ərzaqlardan istifadə olunur. Quymaq, sarı halva, qara halva, zəncəfilli halva Ərdəbilin ləzzətlə nuş edilən şirin yeməkləri sırasındadır... Ərdəbilin ən məşhur yeməklərindən olan saciçi qovurma qoyun əti, lavaşana, soğan, sarımsaq, sarı yağ (kərə), qatıq, duz və istiot kimi ərzaqlardan bişirilir. Turşuqovurma isə ət, zəfəran, istiot, lobya, alça, soğan və duzdan hazırlanan qidadır.

Qurud Quzey Azərbaycanda ən çox Qazax-Tovuz bölgəsinin yemək inqrediyenti sayılır. Şərqi Azərbaycan ostanının şimal-qərbində və Naxçıvan MR ilə sərhəddə yerləşən Culfa şəhərində də qurud yeməklərin hazırlanmasında çox önəmli rol oynayır. Culfada xalqın bişirdiyi özəl yeməklər qurudlu qəlyə aşı və qurudlu küftədir. Ancaq qurud Təbrizin milli mətbəxinə də aid olan yemək vasitəsidir və qurudlu aş bu qədim şəhərdə çox məşhurdur. Ümumiyyətlə, türk ellərinin mətbəxində olan sulu yeməklərə şorba, Təbrizdə və ümumən Güney Azərbaycanda isə aş deyilir. Burada aşın, yəni şorbanın meyvə aşı, ayran aşı, yarma aşı, gildik aşı, umac aşı, pomidor aşı, daş kələm aşı, mərcimək şilləsi, qatıq aşı (yoqurtlu aş) və s. kimi növləri bişirilir və süfrələrə birinci yemək olaraq verilir...

Əhərdə qış aylarında daha çox yeyilən məşhur əriştəli mərci şorbası, aşı bişirilir ki, bu yeməyi hazırlayarkən düyü yerinə əriştədən istifadə olunur. Əriştə, çəkilmiş ət, kartof, soğan, ləpə, mərci, kərə yağ, duz, sarıkök, qara zirə, zəfəran və küncüt bu yeməyin əsas ərzaqlarıdır.

Qeyd etdiyimiz kimi, indiki zəngin, çeşidli, rəngarəng milli mətbəximizin, Azərbaycan kulinariyasının hərtərəfli inkişafında varlıların, bəy və xanların rolu böyükdür. Bu zümrənin süfrələri, qış-yay fərqi yoxdur, hər zaman müxtəlif çeşidli yeməklərlə zəngin olub. Bu məqamda Mirzə Ələkbər Sabir, Mirzə Əli Möcüz və ustad Məhəmmədhüseyn Şəhriyarın xalqın varlı və kasıb təbəqəsinin süfrəsində yeyilən xörəklərə, təamların fərqliliyinə poetik yanaşması yada düşür. Küftə və onun növləri ilə yaxından tanış olan Sabir və Möcüz öz əsərlərində onu mötəbər bir yemək kimi səciyyələndiriblər:

 

"Bəylər yeyər nəharə küftə, kəbab və küki

Məsciddə eylər əmma ahu-fəğan orucluq."

***

"Dadlı-dadsız, şor, şirin, yağlı, yavanı kətdilər?

Xəlq edən Allah deyilmi abu-nanı, kətdilər.

Kasibə vermir plov, küki, boranı kətdilər.

***

Küftə, şorba, qayğanaq, qaymaq,

tərək, mən neyləyim?"

***

"Çaştıya pullu yeyər küftəni,

qəlyanı çəkər…"

 

Mirzə Əli Möcüzün bu ifadələrindən küftənin çox hörmətli bəy, xan, varlı süfrəsinə layiq qış yeməklərindən olduğu görünür. Şairin küftəyə bu qədər müraciət etməsi isə küftənin geniş yayıldığını, əksər əhalinin adi yeməklərindən biri olduğunu göstərir.

M.Ə.Sabir öz "Hophopnamə"sində Möcüzün səsinə səs verir, eyni məna çalarını vurğulayır.

 

"Bimar tənim küftəvü bozbaş ələmindən

Xunin ciyərim dolma-badımcanın üçündür…"

 

Əsərlərində bozbaş, piti, plov, fisincan plov, dolma-fisincan, kabab, təndir aşı, halva, doşab və s. milli yemək nümunələrinin də adını çəkən ustad Şəhriyar da xalqın məişətindən yazarkən bütün təbəqələrin süfrəsini əks etdirməyə çalışır və kimin nəyə, hansı yeməkləri yeməyə gücünün çatması ayrı-ayrı şeirlərdən gətirdiyimiz örnəklərdə aydınlaşır.

Güney Azərbaycan tarixinin bütün mərhələlərini və İran dövlətinin yürütdüyü daxili və xarici siyasəti, Güney türklərinin İranda başlarına gətirilən müsibətləri romanlarında məhz bir Türk düşüncəsi ilə obyektiv surətdə qələmə alan yazar Rza Bərahəni "Yurdumun sirləri" adlı unikal əsərində kasıb ailələrlə varlıların süfrələrindəki fərqliliyi qəhrəmanının dili ilə o qədər detallı, gözəl anladır ki... Ancaq bu gözəl anlatma həm yazarın, həm də romanı oxuyan oxucunun könlündə ağrı yaradan acı duyğular doğurur: "Anamın Rasta küçəsinin müxtəlif tacirlərinin evində işi bitəndən sonra evə gətirdiyi yeməyin dadı heç vaxt yadımdan çıxmır. Anam yasda, toyda, bayramda, müxtəlif günlərdə bu evlərdə işləyirdi. Gecə süfrələrdən artıq qalanları kasıbların arasında bölüşdürürdülər. Anam qayıdan zaman evdən apardığı yekə boş qazanı dolu qaytarırdı. Dilənçilərə məxsus olan bu növ yeməyin mahiyyəti müxtəlif məcunla dolu idi. Düyü, kabab, səbziqovurma, təhçin (Sobada bişirilən badımcanlı-göbələkli plov), qıyma, tər halva və ümumilikdə bu evlərin təndirində yapılan qar kimi ağ lavaş çörəkləri qarmaqarışıq halda qazana tökülürdü. Bu yeməklərin hər bir tikəsini anam süfrənin müxtəlif guşələrindən yığırdı. Fərqli qoxuları başımı gicəlləndirən, sərsəm edən bu yeməklər məni dəli edirdi. Aclıq çəkən bir qurdun iştahası. Anam özü yeməyini orada yeyirdi. Nənəmlə mən yeməyə hücum çəkirdik, tələsik, ata-anaları ləzzətli ovu qabağına atan pələng balaları kimi yeyirdik bunları... Süfrədən kənara çəkiləndə fil kimi kefli olurduq...".

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.