SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Su qəbulunun miqdarı ilə bağlı fikirlər alt-üst oldu

Elm adamları  gündəlik su qəbulunun miqdarı ilə bağlı indiyə qədər bilinən bütün fikirləri alt-üst edəcək yeni bir araşdırmaya imza atıblar. Belə ki, Şotlandiyanın Aberdin Universitetinin tədqiqatçıları orqanizmin suya olan tələbatını ödəmək üçün gün ərzində iki litr su qəbulunun çox olduğunu iddia edirlər.

"Science" jurnalında dərc edilən araşdırmada gündəlik suya olan tələbatın bir hissəsinin qidalardan əldə edildiyi üçün indiyə qədər qəbul edilən miqdarın yanlış olduğu bildirilir. Bu səbəbdən də  alimlər gündə 1,5 litr  suyun kifayət edəcəyi qənaətindədirlər.

Sözügedən Universitetin professoru John Speakman BBC-yə verdiyi müsahibəsində  su miqdarının qəbulu ilə bağlı əvvəlki  hesablamalarda bir yanlışlıq olduğunu söyləyib.

"Əslində, gün ərzində qəbul edəcəyimiz suyun miqdarı  orqanizmimizin tələbatını ödəyəcək  ümumi suyun miqdarı ilə digər qidalardan aldığımız su miqdarı arasındakı fərqdir. Bu səbəbdən də gün ərzində istehlak edilən qidaların tərkibindəki mayenin miqdarı ilə qəbul edilən suyun miqdarının cəmi mütləq hesablanmalıdır", - deyə  professor bildirib.

Tədqiqatçılar 23 müxtəlif ölkəni təmsil edən 96 yaşa qədər olan 5 min 604 insanı sınaqlara cəlb ediblər. Onlar xüsusi texnikadan istifadə edərək insanların içdiyi sudakı hidrogen molekulunun sabit izotopu olan deuteriumla (ağır hidrogen) əvəz ediblər. Məlumat üçün qeyd edək ki, deuterium insan orqanizmində olan  tamamilə zərərsiz bir elementdir. Elm adamları suyun orqanizmdə nə qədər tez həzm olunduğunu öyrənmək üçün əlavə deuteriumun bədəndən xaric olunma sürətini müəyyənləşdiriblər. Nəticədə məlum olub ki, maddələr mübadiləsi sürətli  olan insanlar daha çox su içirlər. Bundan əlavə, araşdırma nəticəsində  müəyyən edilib ki, isti və rütubətli mühitlərdə və yüksək hündürlükdə  yaşayanların, həmçinin idmançıların, hamilə  qadınların orqanizmində  su dövranı daha sürətli olduğu üçün onların suya tələbatı çoxdur.

 

Qəflətən ortaya çıxan göyərmələrin səbəbi nədir?

Əksər insanlar  travma almadığı və heç bir xəsarətə məruz qalmadığı təqdirdə,  bədənlərinin müxtəlif nahiyələrində müəmmalı şəkildə ortaya çıxan göyərmələrdən şikayət edirlər. Bu halın nədən qaynaqlandığını öyrənməyə çalışan alimlərin ortaya çıxardıqları  nəticələr yəqin ki, çoxlarınıza maraqlıdır...

Mütəxəssislərin sözlərinə görə, göyərmələrin əmələ gəlməsinin səbəbi konkret amillərlə bağlıdır. Bələ ki, alimlərin fikrincə, bədəndə gözlənilmədən ortaya çıxan göyərmələrin  səbəbi insanların qida vərdişləri ilə əlaqəli ola bilər.

Bundan əlavə, səbəblər arasında, həmçinin orqanizmdə bəzi vitaminlərin çatışmazlığı, yaşlanma, qəbul edilən dərmanlar, habelə bir sıra nadir xəstəliklər də mövcuddur. Belə ki, orqanizmdə C və D vitaminlərinin çatışmazlığı öz növbəsində balanslaşdırılmamış qidalanma ilə əlaqədardır.

İnsan yaşlandıqca kapilyar qan damarlarını əhatə edən toxumalar və dəri incələşərək  elastikliyini itirir. Buna görə də yaşlı insanlarda belə bir səbəbdən yaranan  göyərmələrə  daha çox rast gəlinir.

İnformasiya sözcü.com.tr veb saytında yayımlanıb.

 

Sən demə, çay bu xəstəliklərdən də qoruyurmuş

Yaşlanma ilə əlaqədar yaranan yaddaş və idrak problemlərinin qarşısını almaq artıq düşündüyümüz  qədər çətin olmaya bilər. Belə ki, amerikalı alimlər  nəhayət indiyə qədər  səbəbi və müalicəsi tapılmayan  demans və Alzheimer kimi xəstəliklər zamanı qidalanmanın əhəmiyyətini ortaya qoyan yeni bir araşdırmaya imza atıblar.

"Apetite" jurnalında dərc edilən araşdırmaya görə, tədqiqatçılar çay, pomidor və yaşıl yarpaqlı tərəvəzlər də daxil olmaqla antioksidant təsirə malik flavonoidlərlə  zəngin olan  qidalara üstünlük verən insanların yaddaş itkisi ilə bağlı problemlərinin daha az olduğunu müəyyən ediblər. Bu səbəbdən  də alimlər ən çox flavonoidlərlə zəngin olan çayın gündə iki stəkan içilməsini tövsiyə edirlər.

Amerikanın Nevrologiya Akademiyası tərəfindən 7 il ərzində onlayn aparılan  araşdırmaya, demans diaqnozu qoyulmayan,  81 yaşına qədər olan  961 nəfər cəlb edilib. Müəyyən qidaların qəbulu ilə bağlı anket dolduran iştirakçılar, eyni zamanda  idrak və yaddaş testlərindən də keçiblər.

Tədqiqat zamanı əsasən  gün ərzində qəbul edilən flavonoidlərin miqdarına diqqət yetirilib. Yaş, cins və siqaret kimi yaddaşa mənfi təsir göstərə biləcək digər faktorlar da nəzərə alınmaqla  flavonoidləri daha çox qəbul edən insanların koqnitiv qabiliyyətlərinin yaxşı olduğu müşahidə edilib.

Elm adamları gün ərzində 2 fincan çay içməklə gündəlik flavonoid tələbatının ödənə biləcəyini və bununla da gələcəkdə yaddaş itkisi, idrak geriliyi ilə bağlı problemlərin ortaya çıxma riskinin az olacağı qənaətinə gəliblər.

 

Stres sağlamlığımıza hansı zərərləri vurur?

Görəsən, orqanizmimizdə yaranan  bəzi problemlərin sadəcə stresdən qaynaqlandığını bilsəydik, yenə də əsəb keçirməyə davam edərdikmi? Əslində, bir çox problemin səbəbinin streslə əlaqəli olduğunu bilsək belə, ondan qaçmaq bəzən mümkünsüz olur. Bəs stres  hansı  problemlərə səbəb olur?

Stresin səbəb olduğu ən böyük problemlərdən biri dəri xəstəlikləridir. Əsasən sızanaq, sədəf kimi  bir çox dəri xəstəliklərinin ən başlıca  səbəbi stresdir.

Pəhriz və ya fiziki məşqlərlə çəkini tarazlaya bilməmək  də  streslə əlaqəlidir. Stresli vəziyyətlər  kortizon hormonu ifrazına səbəb olur. Bu hormon metabolizma zamanı yağ və karbohidratların  tarazlaşmasına və qandakı şəkər səviyyəsinin tənzimlənməsinə  kömək edir. Əgər bir insanda kortizon hormonunun miqdarı çoxdursa, o daha çox yemək yeyər və bədən daha az kalori yandırar. Bu vəziyyət isə  kökəlməyə yol açır. Qeyd edək ki, stres bəzi insanlarda çəki itkisinə də səbəb ola bilir. Belə ki, bunun səbəbi streslə birlikdə ifraz olunan adrenalindir. Adrenalin metabolizmanı sürətləndirir, lakin yağların atılmasını ləngidir.

Stresin orqanizmə vurduğu zərərlər həzm sistemindən də yan ötmür. Bundan əlavə, stres qismən və ya tamamilə keçəlləşməyə də yol açır. Saçlarınızın əvvəlkindən daha az olduğunu hiss edirsinizsə və vitaminlər təsir etmirsə, bu problem birbaşa streslə əlaqəli ola bilər.

Bəzən işdə və ya evdə yaşadığınız duyğusal stres səbəbi ilə başağrı problemi də ortaya çıxır. Belə hallarda ağrıkəsicilər kömək etsə belə,  hər zaman dərman ataraq qaraciyərinizi də məhv edə bilərsiniz. Bu səbəbdən də bacardıqca stresə səbəb olacaq vəziyyətlərdən uzaq durmaq məsləhətdir.

Stres yuxu ilə əlaqəli də  bir çox ciddi problemlərin  səbəbi ola bilər. Uzun müddət stresə məruz qaldıqda yuxu problemləri qaçılmazdır. Çünki hər bir insan yaxşı  yuxu almadan normal həyat yaşaya və ondan zövq ala bilməz. Stresin ürəyə də vurduğu zərbələr sübuta yetirilmişdir. Alimlər xroniki stresin ürək xəstəliklərinə ən çox səbəb olan faktorlardan biri olduğunu söyləyirlər.

Odur ki, gələcəkdə belə  problemlərlə üzləşməmək üçün  sağlamlığınız naminə çalışın stresdən uzaq durun.

Məlumatı muhalif.com.tr veb saytı yayıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".