İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

İdmançılarımız uğurla çıxış ediblər

Qırğızıstanın paytaxtı Bişkekdə güc idman növü olan "strict curl" üzrə dünya kuboku yarışı keçirilib. Turnirdə Azərbaycan Stronqmen Federasiyasının idmançıları uğurla çıxış ediblər. İdmançılarımız 8 qızıl, 2 gümüş medala və 2 mütləq çempionluq kubokuna sahib olublar.

Dünya kuboku yarışında İsa Abbaszadə qızıl, Sadiq Musayev və Sənan Şükürov (hər üçü 82,5 kq) gümüş medal qazanıblar. İsa Abbaszadə mütləq çempionluqda birinci, K.Məmmədli isə ikinci olub. Sadiq Musayev və Sənan Şükürov isə 33-39 yaş qrupunda qızıl medala sahib olublar.

Cəlal Əliyev (110 kq), Mübariz Musayev (140 kq) və 40-44 yaş kateqoriyasında mübarizə aparan Emin Nadirov (125 kq) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. "Sguat" hərəkətində Camal Əhmədzadə 292,5 kiloqram nəticə ilə turniri birinci pillədə başa vurub. Gənclər yaş kateqoriyasında 82,5 kiloqram çəki dərəcəsində çıxış edən Muradəli Qəmbərli qızıl medala layiq görülüb.

 

Azərbaycan kuboku yarışı keçiriləcək

Dekabrın 6-da kikboksinq üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan kuboku yarışına start veriləcək. Yarış Bakı İdman Sarayında təşkil ediləcək və dörd gün davam edəcək. Turnirin keçirilməsində əsas məqsəd növbəti il üçün yeniyetmə və gənclər, eləcə də böyüklərdən ibarət millinin heyətini müəyyənləşdirmək üçün nəzərdə tutulub.

Dekabrın 5-də yeniyetmə və gənclərin, iki gün sonra isə böyüklərin çəkiölçmə mərasimi keçiriləcək. Yeniyetmələr (2007-2008) "Low kick", gənclər (2005-2006) və böyüklər (18 yaşı tamam olmuş) "Low kick" və "Full contact" qaydalarına uyğun olaraq yarışacaqlar.

 

"Azərreyl" klubu avrokuboklarda mərhələ adlayıb

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

Komanda 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gəlib. Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma - 3:0 (26:24, 25:14, 25:21) hesabı ilə millimizin xeyrinə nəticələnib. İlk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi iki görüşün nəticəsinə əsasən 1/16 finala yüksəlib. "Azərreyl" növbəti mərhələdə Almaniyanın "VFB 91 Zul" komandası ilə qarşılaşacaq.

 

Açıq paytaxt çempionatı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Güvən İdman Klubunda kişilər arasında sambo üzrə açıq paytaxt çempionatı keçirilib. Çempionatda 90 idmançı 7 çəki dərəcəsi üzrə qüvvəsini sınayıb.

Yarışda Ülvi Sadıqov (58 kq), Əbdürrəhman Səbzalıyev (57 kq), Elvin Bağırov (64 kq), Tural Allahverdiyev (71 kq), Hacalı Qasımov (79 kq), Adil Adilzadə (88 kq), Cəlil Xəlilzadə (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq) qızıl medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".