Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "İstanbulun fəthi"ni  oxuculara təqdim edirik.

“Respublika”.

 

İstanbulun fəthi

Əsrlər boyu minlərlə döyüş baş verib. Qısa və ya uzunmüddətli olmasından asılı olmayaraq bu müharibələrin bəziləri  tarixdə həlledici rol oynayaraq bəşəriyyətin təkamülünə səbəb olub. Nəticələri milyonlarla insanın və dövlətlərin gələcəyinə istiqamət verən belə döyüşlərdən biri də İstanbulun (keçmiş Konstantinopol) fəthidir. Tarixə unudulmaz döyüşlərdən biri kimi düşən bu hadisə dünya düzəninin dəyişməsində əhəmiyyətli rol oynamışdır.

Bizans imperiyası olaraq da tanınan, 1000 illik Şərqi Roma İmperatorluğunun süqutu ilə bitən  bu hadisə orta əsrlərin sonu, yeni əsrin başlanğıcı kimi qəbul edilir. Avropada feodal rejiminin gücünün itirilməsinə və mütləq səltənətlərin güclənməsinə səbəb olan bu döyüş, ticarət yollarının Osmanlı dövlətinin əlinə keçməsinə və avropalıları yeni axtarışlara sövq etməklə coğrafi kəşflərə səbəb olmuşdur. İstanbulun fəthindən sonra Avropa ölkələri orada ilk daimi səfirliklərini açmağa başlamış, pravoslavlar qoruma altına alınmaqla dini birliyin qarşısı alınmışdır.

Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol (idiki İstanbul) 1453-cü il 29 may tarixində Osmanlı sultanı II Mehmet tərəfindən fəth edilmişdir. Bu fəth Osmanlı dövlətini imperiyaya çevirmiş, eyni zamanda Bizans imperiyasının tarix səhnəsindən silinməsinə səbəb olmuşdur.

İstanbulun tarixi çox qədimdir. Müxtəlif sivilizasiyaların  paytaxtı olan bu şəhər 7 dəfə mühasirəyə alınsa da, fəth edilməmişdi.    

 Şəhərin mühasirəsindən əvvəl onun əhatəsindəki bəzi qala və qəsəbələr Karaca Paşanın sərkərdəliyi altında 10 min nəfərlik qoşun tərəfindən ələ keçirilmişdir. 1453-cü ilin 6 aprel tarixində isə Osmanlı ordusu Haliç körfəzindən  Mərmərəyə qədər olan ərazidə qala divarlarını mühasirəyə almışdır.

Osmanlı ordusu tərəfindən qala divarlarının ən zəif yerləri təsbit edilərək, həmin ərazilərə toplar yerləşdirilir. Ordunun  ən böyük topu Əyri Qapı istiqamətinə yerləşdirilsə də, lakin nəticə əldə edilmir. Bu top sonra Müqəddəs Romanos qapısının qarşısına gətirilir. Bu gün Türkiyədə istifadə edilən “Topkapı” kəlməsi də buradan qaynaqlanır.

Yunanlar da odlu silaha sahib idilər. Lakin buna baxmayaraq, Osmanlı toplarından açılan atəş nəticəsində Bizans ordusunun böyük bir topu partladılır. Bundan əsəbiləşən yunanlar top komandirini xainlikdə günahlandırırlar. Amma kifayət qədər sübut olmadığı üçün onu öldürə bilmirlər. Daha sonra isə  Konstantinopolda olan alman mühəndisi Jan Qrantın  əsgərlərə keçdiyi  təlimlər nəticəsində Müqəddəs Romanos qapısının önündə olan bir Osmanlı topu məhv edilir.

18 aprel tarixində  Bayrampaşa dərəsi tərəfindən birinci və ikinci qala divarlarına dəlik açılır. Sultanın əmri ilə qala divarlarının önündəki xəndək daş və qum torbaları ilə doldurulur. Osmanlı ordusu gecə hücumuna başlayır. II Mehmetin əmri ilə savaş qüllələri inşa edilsə də,  onlar yunanlar tərəfindən  yandırılır. Osmanlı əsgərləri çox güclü müdafiə ilə qarşılaşdığı üçün bu hücum heç bir nəticə vermir.

Eyni vaxtda Osmanlı ordusu dəniz hücumuna da keçir. Belə ki, 20 aprel tarixində kapitan Flantanellasın rəhbərlik etdiyi Bizans və Genuya donanmaları İstanbula yaxınlaşır. Yeşilköy səmtində baş verən dəniz savaşında Osmanlı donanması say etibarilə üstün olsa da, məğlub olaraq geri çəkilir.

Bu məğlubiyyətdən əsəbiləşən II Mehmet donanma admiralı Baltaoğlu Süleymanı edam etdirmək istəsə də, dövlət əyanlarının xahişindən sonra fikrindən vaz keçir. Amma admiralı toppuzu ilə döyür və onun yerinə Çalıbəyoğlu Həmzə bəyi təyin edir.

Uğursuz hücumlardan sonra II Mehmet iclas keçirir. İclasda Candarlı Xəlil Paşa Avropa dövlətlərinin Bizansa kömək edəcəyini söyləyir. Bu səbəbdn də o, imperatordan 70 min duka qızıl pul vergi alaraq mühasirədən əl çəkməyi təklif edir. Amma onun fikri ilə heç kəs razılaşmır. Lakin Haliçə girməyin yolunu da heç kəs təklif edə bilmir.

Bu səbəbdən də ilk olaraq Zağanos Paşa Qalata və Konstantinopol qala divarları arasında quru əlaqəsi qurmaq üçün Haliç üzərində körpü inşa etməli idi. Amma bu körpü düşmən gəmiləri tərəfindən top atəşi ilə dağıdıla bilərdi. Bu zaman Sultan Diplonsion (Beşiktaş) sularında üzən Osmanlı donanmasının Qalata qala divarları qarşısından sürüşdürülərək Haliçə endirilməsini əmr edir. Əlavə olaraq, Haliç qala divarlarını və oradakı donanmanı vurmaq üçün Qalata ətrafındakı təpələrə toplar yerləşdirilir. Gəmiləri sürüşdürmək üçün isə 4 kilometrlik meşə ərazidən keçmək lazım olduğu üçün ağaclar kəsilir, sonra üzərinə zeytun yağı tökülərək torpağa bərkidilir. Bu yağı isə Osmanlı ordusuna Genuyalılar verir. Əvvəlcə Qalata təpələrində mövqe tutan Osmanlı topçuları Haliçdəki gəmilərə atəş edir.

Yunanların gözündən yayınmaq üçün isə  21-dən 22-nə keçən gecə gəmiləri quru yolla hərəkət edir. Eyni zamanda Müqəddəs Romanos qapısı ətrafındakı divarda böyük dəlik açılır. Şəhər müdafiəçiləri bütün gecə deşiyi yamamaqla məşğul olurlar. Səhər açılanda 72 Osmanlı hərbi gəmisi Haliçə endirilir. Planın ikinci hissəsinə uyğun olaraq isə taxta körpü inşa edilir. 24 aprel tarixində Justinianın rəhbərliyi ilə Osmanlı gəmilərinə hücum edilsə də, nəticə əldə edilmir. Hadisədən sonra yunanlar Müqəddəs Mariya kilsəsinə toplaşaraq gəmiləri yandırmaq üçün yeni hücum planı tərtib edirlər. Hücum gecə vaxtı reallaşdırılmalı idi. Genuyalılar bu planı Sultana çatdırırlar. Nəticədə plandan xəbərdar olan Osmanlı ordusu yenə də yunanları məğlub edir.

 Son hücum üçün hazırlıqlara başlayan Osmanlı ordusu Konstantinə şəhəri təslim etməyi təklif etsə də, qarşı tərəfdən rədd cavabı alır. Çünki yunanlar son damla qanlarına qədər müdafiə olunmaq barədə qərar qəbul etmişdilər.

26 may tarixində Macarıstan krallığının elçisi ordugaha gəlir və mühasirənin dayandırılmayacağı təqdirdə Macar-Bizans ittifaqının qurulacağını, böyük bir Səlibçi donanmasının da yola çıxacağını bildirir.

Bu Səlibçi donanması Konstantinin gözlədiyi Cakomo Loredanın donanması idi. Bu xəbərdən sonra Osmanlı ordusunda iclas keçirilir. 29 may tarixində isə  son hücum barədə qərar qəbul edilir.

Artıq Osmanlı ordusu gecə saatlarında da qala divarlarını bombalamağa başlayır. Müdafiəçilərə açılan dəlikləri təmir etməyə imkan verilmir. 28 may tarixində Müqəddəs Romanos Qapısında açılan bir yarıqdan içəri girən Osmanlı ordusu Genuyalı Justinianın ordusu tərəfindən dəf edilir. Murat Paşa Justinian tərəfindən öldürülür.

Sultan ordunu üç qrupa ayırır. Birinci qrup yaşlılardan və xristianlardan, ikinci qrup müsəlman kəndlilərindən, üçüncü qrup isə yeniçərilərdən təşkil edilir.  29 may tarixində günün ilk şəfəqləri görünəndə Osmanlı ordusu hücum marşı çalaraq müharibəyə başlayır. Qala divarlarına dırmaşmağa çalışan Osmanlı əsgərləri daş və oxlarla məhv edilir. İkisaatlıq hücumdan sonra birinci qrup qaçmağa başlayır. Sultanın əmrinə əsasən, fərarilik edənlər qılıncdan keçirilir.

İkinci qrup hücuma keçsə də, yenə uğur əldə edə bilmirlər. Saat yarımlıq hücumdan sonra bu qrupun da bəzi əsgərləri qaçmağa başlayır. Bu əsgərlər də edam edilir. Sultan üçüncü qrup, yəni yeniçəri ordusu ilə qala divarlarına yaxınlaşmalı olur. Qala divarlarına yaxınlaşan təcrübəli ordu, Konstantin tərəfindən açılan Kerkoporta Qapısından 50 Osmanlı əsgəri ilə şəhərə daxil olur. Bununla da İstanbul fəth edilir.

İmperator Konstantinin  aqibəti barədə  dəqiq məlumat yoxdur. Belə ki, bəzi mənbələrdə Konstantinin savaş zamanı üzündən və kürəyindən aldığı qılınc zərbələrindən qətlə yetirildiyi bildilir. Eyni zamanda qaçan əsgərlərin tapdağı altında qalıb öldüyü də deyilir. Bəzi tarixçilər isə qaçmağa imkanı olsa da, bunu şəninə sığışdırmayıb özünü asdığını qeyd edir.

Qələbə qazanan II Mehmet vəzirləri və sərkərdələri ilə Müqəddəs Romanos Qapısından (Topkapı) şəhərə girir, Ayasofyanın qarşısına gəlib diz çökərək torpağı öpür. Şəhərdəki binaların ona məxsus olduğunu elan edən Sultan, talan, qarət əmrini dayandırır və ona itaət etməyənləri isə edam etdirir.

Beləcə, İstanbul fəth edilir,  Şərqi Roma imperiyası isə süqut edir...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".