Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Zamanımızı düzgün dəyərləndirə bilirikmi?

Yaşadığımız  illəri nələrə sərf etdiyimizə  nəzər yetirsək  görərik ki,  əslində insan ömrü o qədər də uzun deyil. Mövzu ilə bağlı araşdırma aparan elm adamları  orta hesabla  70 il yaşayan bir insanın ömrünün çox hissəsini hansı məşğuliyyətlərə sərf etdiyini hesablayıblar. Gəlin bu faktlara nəzər yetirək...

Məlumdur ki, insan sutka ərzində orta hesabla  8 saat yatmalıdır.  Əgər  sutka ərzində 8 saat yatırıqsa, bu o deməkdir ki, ayın 240 saatını, ilin 2880 saatını, yəni 120 gün, bütövlükdə isə ömrümüzün 25 ilini yatmağa sərf edirik. Üstəlik, bir çox insanın 8 saatdan artıq, yəni 10-12 saat yatdığını düşünsək, bu rəqəm daha da artar.

Texnologiyanın inkişaf etdiyi bir dövrdə yaşadığımızı nəzərə alsaq, insanların çox hissəsi  yuxudan kənar 16 saatın təxminən yarısını telefon danışığına, televizora baxmağa, kompüter qarşısında əyləşməyə sərf edir. Bu vaxt sərfiyyatı isə ömrümüzün 20 ilini əlimizdən alır. Bu rəqəm bəzi insanlarda daha da artıqdır. Çünki elə insanlar var ki, sutkanın yarıdan çox hissəsini monitor qarşısında əyləşirlər.

Təxminlərə görə, orta hesabla insanın ömrünün 4-5 ili qidalanmaya gedir. Təbii ki, bu rəqəm insandan-insana dəyişə də bilər. Çünki elələri var ki, vaxtının çoxunu restoran və kafelərdə yeyib-içməyə sərf edir.

Ömrümüzün  2-3 ilini isə şəxsi gigiyenamıza və sağlamlığımıza sərf edirik. Bu vaxta isə həkim müayinəsi,  diş fırçalamaq, vanna qəbul etmək, xəstəxanada müalicə almaq və sanatoriyada istirahət etmək daxildir.

Böyük şəhərlərdə yaşayan avtomobil sahibləri  ömürlərinin 2 ilə yaxın müddətini özlərindən asılı olmayaraq tıxaclarda dayanmağa sərf edirlər. İşıqforlarda yaşıl işığı gözləməyə isə sürücülərin ümumilikdə 20-30 günü gedir.

Şəxsi avtomobili olmayanlar isə ömürlərinin təxminən 1 ayını ictimai nəqliyyatı gözləməyə qurban verirlər (Sözsüz ki, gözlədikləri nəqliyyat vasitəsi vaxtlı-vaxtında gələrsə).

Alış-veriş etmək də ömrümüzdən az zaman almır.

Marketlərdə və bazarda kişilər ömrünün 2 ilini, xanımlar isə 3 ilini keçirirlər. Təbii ki, bu rəqəm şopinq azarkeşlərinə aid deyil.

Təxmini hesablamalar göstərir ki, xanımlar gözəl görünməkləri naminə ömürlərinin 135 gününü qurban verirlər. Onların  bəzənməyə itirdikləri vaxtı kişilər isə təraşa sərf edirlər.

Sadalanan  faktlar bizlərə xoş təsir bağışlamasa da,  bütün bunlar gündəlik yaşam tərzimizin qaçılmaz həqiqətləridir. Yeganə çıxış yolumuz  isə  heç olmasa yerdə qalan beş-üç dəqiqəni mənalı yaşamaqdır...

 

Kişilər daha çox yalan danışır, yoxsa qadınlar?

Yalançılıqla bağlı araşdırma aparan elm adamları bu yaxınlarda  maraqlı bir nəticəyə gəliblər. Belə ki, Maks-Plank İnsan İnkişafı İnstitutu və İsrail Texniki Texnologiya İnstitutunun alimləri  kişilərin qadınlardan daha çox yalan danışdığını ortaya çıxarıblar. 

sözcü.com.tr veb saytında yayımlanan informasiyaya görə, 565 araşdırma və 44 min 50 təcrübənin meta- analizinin  nəticələri aradakı fərq  çox böyük olmasa da, kişilərin qadınlardan daha çox yalana əl atdığını göstərib. Belə ki, araşdırma zamanı kişilərin 42, qadınların isə 38 faizinin yalan danışdığı məlum olub.

"Kimin, nə zaman və nə üçün  yalan danışdığına dair dəqiq məlumatlar olmadığı üçün   əslində nəticələr olduqca ziddiyyətlidir. Bütün bu araşdırmalardan əldə edilən məlumatlara əsasən, bəzi məqamlarla bağlı daha aydın qərarlar verə bilərik. Təhlillərimizin nəticələri yalana meylin situasiya faktorları və yaş kimi şəxsi amillərlə əlaqəli olduğunu ortaya qoyur", - deyə Maks-Plank İnsan İnkişafı İnstitutunun professoru Philipp Gerlach bildirib.

Bundan əlavə,  araşdırmalar göstərib ki, gənc qadınlar yaşlı qadınlara nisbətən daha çox yalan danışırlar. Belə ki, 20 yaşlı qadınlarda yalan danışma ehtimalının 47, 60 yaşlı qadında isə bu nisbətin yüzdə 36 faiz olduğu ortaya çıxıb.

 

Yatanda xasiyyətimiz üzə çıxırmış

Elm adamları yatarkən belə şəxsiyyətimizlə bağlı müəyyən fikir yürütməyin mümkün olduğunu söyləyirlər. Onların fikrincə,  yatma şəklimiz xarakterimizlə  əlaqəlidir.

Mütəxəssislərin fikrincə, sola və yaxud yan tərəfə bükülərək - döl pozisiyasında  yatan insanlar ətraf mühitə qarşı əks-mövqeli bir imic yaratsalar da, daxilən çox həssas və utancaq olurlar. Onların  insanlara öyrəşmələri müəyyən  bir vaxt tələb etsə də,  istiqanlı xarakterləri ilə ətrafdakıları cəlb edirlər.

Hər iki qolu aşağıya tərəf,  üzü-üstə yatmağı sevənlərin isə itaətli olduğu müəyyən olunmuşdur. Bu insanların ən zəif nöqtələri hər kəsə tez inanmalarıdır.

Arxası üstə, qolları aşağıya doğru yatan insanlar isə səssiz və içinə qapalı bir şəxsiyyətə sahib olurlar. Daima həm özləri, həm də yaxınları üçün rahat həyat şəraiti yaratmağa can atırlar.

Hər iki qolu önə doğru uzadılmış, yana dönük bir mövqedə yatanlar ümumiyyətlə yeni şeylərə meyilli olmaqla yanaşı, bir o qədər də şübhəçi və tənqidçi ola bilərlər. Qərar vermələri çox çətin olur, amma  verdikləri qərardan da onları  heç kim döndərə bilmir.

Mədənin üzərində, əllər başın üstündə, yaxud yastığın ətrafında, başı isə sağa və ya sola tərəf dönmüş vəziyyətdə-sərbəst yuxu pozisiyasını seçənlər ətraf mühitə qarşı əks-mövqeli  və enerjili olurlar. Hər nə qədər aqressiv görünsələr də, əslində özlərinə yönəlmiş tənqidləri nəzərə alıb dərs çıxarırlar.

Arxasıüstə və qolları başının üstündə-dəniz ulduzu şəklində yatanlar yaxşı bir dinləyicidirlər və onlara etibar etmək olar. Eyni zamanda başqalarına kömək etməkdən həzz alırlar, amma maraq mərkəzində olmaq xoşlarına gəlmir.

 

İtlər düşündüyümüzdən də...

Avstriyanın Vyana Baytarlıq Universitetinin alimləri itlərlə bağlı maraqlı bir araşdırmaya imza atıblar. Fərqli cinsə və yaş qrupuna  aid  olan 96 it üzərində  tədqiqat aparan elm adamları, xüsusi bir  metoddan istifadə edərək onların indiyə qədər bilinməyən qeyri-adi xüsusiyyətini ortaya çıxarıblar. Məlum olub ki,  vəfalı dostlarımız düşündüyümüzdən də həssasdırlar. Belə ki, onlar hətta  qəsdən və ya bilməyərəkdən  yemək vermədikdə niyyətimizi anlaya bilirlər.

Tədqiqatçılar xüsusi bir  metod vasitəsilə itlərin insanların niyyətlərinə qarşı olan həssaslığını  ölçüblər. Bunun üçün onlara veriləcək qidaları gah gizlədən,  gah da qarışdıraraq zibilə atan tədqiqatçılar itlərin bu davranışa  reaksiyasını müşahidə ediblər. Təcrübə nəticəsində məlum olub ki, itlər onlara qarşı  olan davranışların könüllü və ya könülsüz olub-olmamasından xəbərdardırlar.

"Tədqiqatımız ev itlərinin insan davranışındakı ən xırda detallara belə həssaslığını ortaya qoymaqla yanaşı, onların öz hərəkətlərini də buna uyğun tənzimlədiklərini göstərir", - deyə tədqiqat rəhbəri qeyd edib.

Hazırladı: 

Elenora HƏSƏNOVA,

 "Respublika".