Cənubdan səslər...
Güneydən səslər

Cənubdan səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

SƏHƏR XİYAVİ

Ədəbi mühitdə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə Xiyav şəhərin-də dünyaya göz açıb. İlk və orta təhsilini Xiyavda başa vurub. Ali təhsilini isə dil və ədəbiyyat sahəsin-də davam etdirib. 2016-cı ildən əməkli olub.

İstər Bakıda, istərsə də İranda fərqli dərgi, toplu və internet portallarında yayımlanan şeirləri, eləcə də "...Və qadın danışır" adlı kitabı Səhər xanıma geniş oxucu auditoriyası qazandırıb...

1996-cı ilədək ara-sıra farsca şeirlər yazıb. Həmin ildən türkcə yazmağa maraq göstərib…

Günümüzədək iki - "Və... qadın danışır" və "Ağrılarım özgə deyil" kitabı işıq üzü görüb. Bu iki kitabı ustadı, qələm yoldaşı Nigar Xiyaviyə həsr edib.

Afaq Məsudun "Fatma" adlı romanını ərəb dilinə çevirib.

Səhər xanım son illərdə nəsr sahəsində də özünü sınayır, ara-sıra böyüklər və yeniyetmələr üçün qısa hekayələr yazır.

Ədəbi-tənqidi yazılar qələmə alır, uşaq şeiri və ədəbiyyatına da töhfələr verir. Hərdən tərcümə sahəsində də çalışır.

Səhər Xiyavi 1992-ci ildə ailə qurub və üç övladı var.

 

Azərbaycanın şəhid analarına

Qışda gəldin vətənə, cismidə qancıl gilanar

Gəlməyibdir anan ölsun, hələ bu yurda bahar

Nüqtə-nüqtə bədənindən tilit al qan suzulur

Nənə qurban, bir bədəndə bu qədər ülduz olar?

***

Yaylığımla yaranı bağlayım hovlar bəbəyim

Əlimi çətr eləyim bəlkə sənə düşmədi qar

Çıxarım gül ayağından bu ağır çəkmələri

Gözlərimdən iraq oldu, ayaqin çaldi qabar.

***

İnananmırdım oğul, o deyilən şum xəbəri

Ölümün əxbarini tər-tələsik gətdi çapar

Yandı min arzu-dilək ax... toyunu tutmamışam

Çaxnaşar içdə ürək, fırtınalar məndə qopar.

***

Neynək olsun, vətənə mən səni qurban verdim

San gunəslikdə səni kim dana, allahi danar

Min bahar gəlsə də oğlum, payizam mən sənsiz

Tut əlimdən məni də sənsiz olan məndən apar…

 

RƏSUL QƏDİRİ

1969-cu ildə Təbrizdə dünyaya göz açıb. İlk və orta təhsilini Miyanada alıb. 1989-cu ildə Tehran Tibb Universitetinə daxil olub. Tələbəlik illərində dostlarının təşəbbüsü ilə qurulmuş "Azərbaycan türkcəsi dil bilgisi" kurslarında istirak edib və professor Hüseyn Sədiqdən dərs alıb. O illərdə Quzey Azərbaycanın müstəqilliyini əldə etməsi, Qarabağ uğrunda Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə, savaşda yaralananların bir qrupunun mərhum Dr.Cavad Heyətin yardımı ilə Tehran xəstəxanalarına gətirilib müalicə olunması və onları görüb ünsiyyət etməsi qəlbində və yaradıcılığında dərin izlər buraxıb.

2016-cı ilin əvvəllərində "Gül axıtdı" adlı ilk kitabı işıq üzü görüb. Kitaba onun iyirmi üç adda kiçikhəcmli hekayəsi daxil edilib. İyirmi yeddi hekayənin yer aldığı "Dilmanc" adlı yeni toplusu Təbrizdə çap olunub.

Uşaqlar üçün yazdığı "Bubbular, kirpilər və ilan" poeması 2019-cu ilin, "Yalqız yarpaq" isə 2021-ci ilin çap məhsullarıdır.

Bu gün yaradıcılığının ən məhsuldar dövrünü yaşayan Rəsul Qədiri şeir və nəsr əsərləri qələmə alaraq çağdaş Güney Azərbaycan ədəbiyyatına, bütövlükdə mədəniyyətimizə öz töhfələrini verir.

 

Həyat davam edər durduğu yerdən

Ölülərin dirilməsinə inanmadım heç zaman,

Ölən ölür, köçən köçür dünyadan.

Ancaq ölənimiz kəndlər, şəhərlər olarsa,

fərqlidir durum…

Hamımız tanığıq, tanıq olacağıq

Sırağa gün ölən Füzulimiz

Dünən Cəbrayılımız, Zəngilanımız,

Xocavəndimiz, bu gün igid Şuşamız,

Sabah şəhid düşmüş Xocalımız

Və birisi gün, bütün Qarabağımız dirilir…

Çox çəkməz, onların köçən ruhu

                                   qayıdar gövdəsinə

Və həyat davam edər durduğu yerdən…

Bəs şəhid düşən əsgərlərimiz necə?

Onlar da dirilməzmi yəni?!

Onlar ölmür zatən,

Torpağa düşən gündən başlayarlar

                                   yaşamağa,

Şəhidlər ölməz, Vətən bölünməz...

 

ƏBUTALİB ALLAHYARİ TUTQUN

Şair, yazıçı, publisist, mütərcim, tədqiqatçı kimi çalışan Əbutalib Allahyari Tutqun 1961-ci ildə Qaradağın Dizmar mahalındakı Coşun kəndində dünyaya göz açıb. Mükəmməl orta və ali təhsil alan Ə.Tutqun ədəbiyyat üzrə fəlsəfə doktorudur.

"Mənim payım" adlı üçcildlik şeir kitabı, "At min haq söz danış" və "Vülpinar" romanları, Məhəmməd Füzulinin türkcə qəzəllərinin açıqlamasından ibarət üç cilddə "Şəhdi müsəffa", "Şərhi mişkat əlnur" (farsca), "Ədəbi sənətlər", "Hərəm yarpağı" farsca-türkcə məqalələr toplusu çap olunub.

Sərraf Təbrizi adına ədəbi dərnəyin basçısıdır.

Əbutalib Allahyari Tutqun hazırda Təbrizdə yaşayır...

 

Bir addım torpağım qalmasın gərək

 

Haray! Bu səsimi dinləsin düşmən,

Baş əymək yaraşmaz Babək nəslinə,

Bir söz söyləmişlər ulu babalar:

Hər kim, bu gerçəkdir, çəkər nəslinə.

 

Ot kök üstə bitər, bu yalan deyil,

Heç zaman ocaqdan köz əskik olmaz.

Baxarsan yayda da ulu dağların,

Başında qar olar, buz əskik olmaz.

 

Bura Azərbaycan, odlar yurdudu,

Ay qırmızı qandan qorxan erməni!

Ucalır qızarmış atəşim göyə,

Çəkil torpağımdan, yandırram səni!

 

Bu nəsil Cavanşir, Babək nəslidir,

Ağ salar gözünə danqazlananın.

Bir addım torpağım qalmasın gərək,

Ayağı altında yağı düşmanın...