NAFTALANIN QIŞ QAYĞILARI
Region

NAFTALANIN QIŞ QAYĞILARI

Şəhərdə həyata keçirilmiş çoxsahəli tədbirlər nəticəsində infrastrukturların yeniləşməsi, vətəndaşlara keyfiyyətli xidmətin yaxşılaşması, rifah halının daha da yüksəlməsi ilə diqqəti çəkir.

Ecazkar məkanlarından olan şanlı Naftalan dövlət başçısı cənab İlham Əliyevin sonsuz diqqət və qayğısı nəticəsində, öz keçmiş şöhrətini bərpa etmiş, sözün əsl mənasında, dünya səviyyəsində təbabəti, təbiəti və qonaqpərvərliyi ilə xalqımızın imicini zənginləşdirmişdir. Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər xidmət sahələrinin rəhbərləri ilə birgə tərtib olunmuş qrafik əsasında səyyar görüşlər keçirir. Bu görüşlərdə çoxlu sayda vətəndaşı fərdi dinləyir, onların sosial problemləri və həyat tərzi ilə yaxından tanış olur, problemləri yerindəcə müvafiq qurumların köməyi əsasında həll olunur. Şəhərdə yenidən yüksək zövqlə qurulmuş, geniş parklar, xiyabanlar sakinlərin asudə vaxtlarında istirahətinə, körpələrin əyləncələrinə böyük önəm verir. Hər yerdə səliqə-sahman, payız-qış mövsümü olmasına baxmayaraq, yaşıllıqlar arasında boylanan gül-çiçəklər ətrafa xüsusi gözəllik verir, ürəkləri riqqətə gətirir. Ümumiyyətlə, Naftalanda ilin bütün fəsilləri gözəl və mənalıdır, füsunkardır. Məhz bunun üçün də turistlər ilin bütün fəsillərində dincəlməyə, müalicəyə və gəzməyə bura üz tuturlar.

Naftalan Şəhər İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, şəhər polis şöbəsinin rəisi, icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların, şəhərin xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Şəhər rəhbəri, payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində də əhalinin rahatlığı və rifahının yüksəldilməsi istiqamətində infrastruktur layihələr, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı işlər uğurla həyata keçirilir.

Payız-qış mövsümü ilə əlaqədar şəhər icra hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq fəaliyyət göstərən ayrı-ayrı təsərrüfat xidmətlərinin soyuq havalarda gücləndirilmiş iş rejimində çalışacağı, yaranan çatışmazlıqların operativ aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlərin görüləcəyi də diqqətə çatdırılıb. Şəhərin xidmət sahələrinin rəhbərləri qış mövsümünə hazırlığın yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzələri ilə çıxış ediblər.

Müzakirələr zamanı mövsümi məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Zabit XƏLİLOV,

"Respublika".