AZƏRBAYCANIN UĞURLARINI VƏ İNKİŞAFINI HƏZM EDƏ BİLMƏYƏN İRAN
Siyasət

AZƏRBAYCANIN UĞURLARINI VƏ İNKİŞAFINI HƏZM EDƏ BİLMƏYƏN İRAN

Bu ölkə ikili və riyakar siyasət yeritməklə, dövlətimizə qarşı tarixi qərəzini büruzə verir

İranın son zamanlar Azərbaycana qarşı riyakar siyasətinin özünü qabarıq şəkildə büruzə verməsi respublikamızın müstəqilliyini bərpa etdikdən bu günə qədər cənub qonşumuzun ölkəmizə qarşı ikiüzlü olduğunu göstərir. Özünü islam dövləti hesab edən İranın Azərbaycana qarşı yürütdüyü bu siyasət barədə çox danışmaq olar. Xüsusilə qeyd etmək lazımdır ki, İran torpaqlarımızın işğalı zamanı üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləsə də, əslində Ermənistana hər cür yardımlar edib, işğalçı siyasətinə dəstək verib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra İran bütün vasitələrlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, Zəngəzur dəhlizinin açılmasına böyük maneələr törətməyə başlayıb. İranın hakimiyyət rejiminin törətdiyi bütün əməllər İslam dininin dəyərlərinə birmənalı şəkildə ziddir. Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi, bu hərəkəti öncədən planlaşdırılmış təlimlər kimi qələmə verməsi cənub qonşumuzun məkrli niyyətindən xəbər verir. Hazırda İran məqsədyönlü və açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqelərini davam etdirir.

Özünü İslam təəssübkeşi adlandıran İran ermənilərin azərbaycanlılara qarşı soyqırımı törədəndə, məscidlərimizi dağıdıb təhqir edəndə Ermənistana nə təzyiq göstərdi, nə də bu ölkə ilə sərhəddə hərbi təlimlər keçirdi. İran bu illər ərzində Azərbaycan xalqını dost adlandırıb, lakin bu, ikiüzlülükdən başqa bir şey deyil. Çünki Azərbaycanın məğlub etdiyi erməni faşizminə hərtərəfli dəstək, Ermənistan adlı bədnam dövlətin təhlükəsizliyini özünün təhlükəsizliyi adlandırması, bundan sonra isə Azərbaycana tərəf reveransların edilməsi iranlı başbilənlərin təxəyyülündə siyasət adlanır. İnanmaq çətindir ki, çoxəsrlik böyük və şanlı tarixə malik olan İran dövləti hazırda belə bir acınacaqlı vəziyyətə düşüb, yalanları tirajlamaqla məşğul olur və bunu dövlət siyasəti səviyyəsində həyata keçirir.

İran İslam Respublikası Yaxın və Orta Şərqdə "Qüdrətli İran dövləti" adı altında İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin və Bəhreyndə guya imperialist işğalçılara qarşı dayanır. Əslində İranın nə təsəvvür edilən dərəcədə "hərbi qüdrəti" var, nə də İslam təəssübkeşliyi. Güclü ordusunun olduğunu bəyan edən İran son 40 ildə iştirak etdiyi heç bir müharibədə qalib gəlməyib. Əmin-amanlıq, sabitlik yaratmaq istədiyi ölkələrdə 10 illərdir xaos, münaqişə, dağıntı hökm sürür.

İran din üzərindən Azərbaycanda siyasi təşkilatlandırma həyata keçirib, ölkəmizə qarşı dini-siyasi qruplaşmalar yaratmağa səy göstərir. İranda 40 milyona yaxın azərbaycanlı yaşadığından dövlətimiz bu ölkə ilə sıx əməkdaşlıq etmiş və ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən ikitərəfli sənədlər imzalanmışdır. İslam həmrəyliyindən danışan İran rəsmilərinin isə sözü ilə əməli heç zaman üst-üstə düşməyib. İranın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qərəz və yalan dolu kampaniyalar aparılır. Bu gün İran Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir. Bu ölkənin dövlət rəsmiləri iddia irəli sürürlər ki, guya Azərbaycanda din azadlığı və İslam dəyərləri qorunmur. Əslində isə İran dövlətinin məqsədi ölkəmizdə süni problemlər yaratmaqdır. Son zaman Azərbaycanda ifşa olunan bəzi dini-ekstremist qruplaşmalarının İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələri sübut olunub. İranın Azərbaycan ərazisində terror aktları törətmək istəkləri də üzə çıxıb, ancaq bu "islam ölkəsi" unudur ki, dünyada böyük nüfuza sahib, iqtisadi, siyasi cəhətdən güclü, eləcə də qüdrətli orduya malik Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz.

Xüsusilə son bir ildə İran bütün antitəbliğat vasitələrini işə salaraq ölkəmizə qarşı məkrli addımlar atır. Azərbaycanın Vətən müharibəsində qələbəsindən və ərazi bütövlüyünü bərpa etməsindən sonra isə artıq açıq müstəvidə öz qərəzini, düşmənçiliyini nümayiş etdirdi. "Qırmızı xətlər" barədə məntiqsiz və uğursuz bəyanat verən "ağıl sahibləri" işğal müddətində olduğu kimi, indi də məscidləri, islam abidələrini təhqir edən, dağıdan Ermənistanın yanında olduğunu göstərdi. Ümumiyyətlə, Ermənistan İranın köhnə "sevgisidir". Ermənistan tərəfi açıq şəkildə bəyan edir ki, 90-cı illərdə İran bu ölkə üçün bir nəfəslik olub. İran Ermənistana böyük dəstək göstərib və bu gün də göstərməkdə davam edir. İslam dinini təhqir edən Ermənistanı özünə çox yaxın dövlət, dost hesab edən Tehran hansı İslam dəyərlərindən, İslam həmrəyliyindən danışa bilər? Onun buna ümumiyyətlə haqqı çatmır. Cənub qonşumuz tarixi qərəzindən əl çəkməli, kimin kim olduğunu görməli, haqqın, ədalətin yanında olmalıdır. Ümid edirik ki, Tehran rejimi buna özündə cəsarət tapa biləcək. Əks təqdirdə, İran nə inkişaf edə, nə də dünya birliyinin layiqli bir parçasına çevrilə biləcək.

Cənubi Azərbaycanda olan soydaşlarımızın hüquqlarının sistematik şəkildə pozulması xüsusilə vurğulanmalıdır. Soydaşlarımızın assimilyasiya edilməsi istiqamətində fəal siyasət aparılır. Eyni zamanda, Urmiya gölünün qurudulması və azərbaycanlılara məxsus sərvətlərin talanması icra edilir. Urmiya gölünün qurudulmasına qarşı çıxan şəxslər təqib olunur, siyasi repressiyalara məruz qalır, həbs edilir və müxtəlif formalarda cəzalandırılır.

Azərbaycanlıların ana dilində oxumaq, yazmaq, təhsil almaq, kütləvi informasiya vasitələrinə sahib olmaq hüquqları tam məhdudlaşdırılıb. Regionda müsəlman dövlətləri ilə əhatə olunan və islam dəyərləri üzərində dövlət idarəçiliyi həyata keçirən İran İslam Respublikası yalnız Ermənistanla yaxşı münasibətlərdədir. Artıq qeyd etdiyimiz kimi, İraqda, Suriyada, Livanda və Yəməndə müxtəlif terrorçuluq hərəkətlərinin icrasında, terror qruplaşmalarının silahlandırılmasında, eləcə də ideoloji müharibənin aparılmasında İranın qanlı əməlləri var. İran Yaxın Şərqin qan gölməçəsinə çevirilməsində fəal rol oynayır.

Beləliklə, rəsmi Tehran dünyada gərginliyin artması istiqamətində davamlı fəaliyyət göstərir. Yerləşdiyi regionda insan hüquqlarının pozulmasına yönəlmiş mənfi addımlar atmaqla yanaşı, həm də öz coğrafi bölgəsindən kənarda da destruktiv hərəkətlər icra edir. Buna görə də dünya birliyi bu məsələləri gündəliyə gətirməli və İranda olan soydaşlarımızın hüquqları ilə bağlı problemlərin həllini prioritet kimi qəbul etməlidir. Çünki insan hüquqları İranda kobud şəkildə pozulur və 40 milyona yaxın soydaşımız daim təqiblərə məruz qalır. Bu xüsusda, azərbaycanlıların məsələsi də gündəlikdə olmalı və müvafiq beynəlxalq institutlar, təşkilatlar İranı qınayan qətnamələr qəbul etməlidirlər.

İranın Azərbaycana qarşı yönəltdiyi siyasət bundan xəbər verir ki, bu ölkə Azərbaycanın artan nüfuzunu qəbul edə bilmir. Bununla yanaşı, İran daxilində hazırda baş verən proseslər də rəsmi Tehranı narahat edən məsələlərdir. Belə olan halda İranın indiki vəziyyətdə ölkə daxilindəki proseslərdən xalqın fikrini yayındırmaq üçün ən optimal variant Azərbaycana qarşı belə təxribat hallarını artırmaq və bunu Azərbaycana tərəf fokuslandırmaqdan ibarətdir. Bununla paralel olaraq Ermənistana yaxşı görünmək cəhdləri isə xüsusilə qınanılır. Çünki İranın Ermənistan sevdası artan xətt üzrə davam edir. Qafanda açdığı konsulluqdan sonra İran tərəfinin Ermənistana dron satmaqla verdiyi dəstək əslində, bu və digər formada Azərbaycanla münasibətlərinə ciddi zərbə vuran amillərdən hesab olunmalıdır.

Azərbaycan dövlətinin dünyada yaşayan bütün azərbaycanlıların hüquqlarını qoruması da İranı ciddi narahat edən səbəblərdir. Maraqlıdır ki, bu məsələdə İran Ermənistanın böyük bacısı hesab olunan Fransadan nümunə götürür. Fransa isə əzəli və əbədi formada təkcə anti-Azərbaycan deyil, həm də antimüsəlman mövqeli bir dövlətdir. Hazırda Ermənistanla münasibətlərinin yüksək səviyyədə olması ondan xəbər verir ki, Fransa, əslində, erməni lobbisinin təsiri altında olmaqla bərabər, həm də Türk dünyasına öz nifrətini Ermənistan üzərindən yağdırmağa çalışır.

Həm İran, həm Fransa bilməlidir ki, belə bir siyasət Azərbaycana ciddi təsir edən məsələ deyil, əksinə, onların özlərinə qarşı yönələn amildir. Və söhbət təkcə ölkəmizdə yaşayan azərbaycanlılardın getmir. Dövlətimiz dünyanın istənilən nöqtəsində yaşayan Azərbaycan əsilli vətəndaşların müdafiəsinə hazırdır. Bu isə o deməkdir ki, İran və Fransanın siyasətləri gələcəkdə özləri üçün daha böyük problemlər yarada bilər. Təsadüfi deyil ki, noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışında dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən də biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Emin QASIMOV,

"Respublika".