DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ SURİYADA QURU ƏMƏLİYYATINA BAŞLAYIR

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda quru əməliyyatına başlayır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat verib.

Nəşr qeyd edir ki, Suriya və İraqın şimal bölgələrində əsas hədəflərin Ayn əl-Ərəb, Mənbic və Tel-Rifat şəhərləri olacağı gözlənilir.

Eyni zamanda, qəzetin məlumatına əsasən, ABŞ və Rusiya Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) və Suriya qanadına qarşı sərhəddən 30 kilometr məsafəyə getmələri üçün təzyiqləri gücləndirib, bu da Türkiyənin tələblərinin yerinə yetirilməsi ilə əlaqədardır.

ABŞ-ın mövqeyi amerikalı hərbçilərin həmin ərazidə yerləşdirilməsindən ibarətdir. “Ankara bu planı dəstəkləmir. ABŞ-ın bu ərazidə hərbi iştirakı güclənir. Son bir ay ərzində ABŞ bu bölgəyə altı dəfə hərbi tədarük həyata keçirib”, - deyə “Milliyet” qəzetində bildirilir.

Ankara PKK-nı terror təşkilatı və milli təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edir. Bu təşkilatla münaqişə 1984-cü ildən etibarən davam edir.

 

ÇİN VƏ VATİKAN ARASINDA GƏRGİNLIK YARANIB

Vatikan Çindən yepiskopların təyin edilməsi razılaşmasını pozduğuna görə izahat istəyib. “Teleqraf.com” xəbər verir ki, Vatikandan verilən açıqlamada Nançanda keçirilən mərasimlə Yuzyan yepiskopu Covanni Pen Veyçonun Vatikanın tanımadığı yeparxiya olan Szyan yepiskopunun köməkçisi təyin edildiyi bildirilib.

Açıqlamada vurğulanır ki, bu təyinat Vatikan və Çin arasındakı dialoq ruhuna və 2018-ci ildə imzalanmış və ötən ilin oktyabrında ikinci dəfə uzadılan yepiskopların təyinatı üzrə müvəqqəti sazişin şərtlərinə uyğun olaraq baş tutmayıb. Vatikanın açıqlamasında iddia edilir ki, yepiskop Pen bu təyinatdan əvvəl yerli hakimiyyət orqanları tərəfindən təzyiqlərə məruz qalıb.

Açıqlamada Vatikanın aidiyyəti qurumlardan mövzu ilə bağlı müvafiq izahat gözlədiyi və oxşar hadisələrin təkrar olunmayacağına ümid edildiyi bildirilib.

Məlumat üçün qeyd edək ki, Vatikan və Çin uzun sürən gizli danışıqlar nəticəsində 2018-ci il sentyabrın 22-də yepiskopların təyin edilməsi haqqında müvəqqəti saziş imzalayıblar. Bu müqavilə Çindəki katolik yepiskoplarının müəyyən edilməsində iki ölkə arasında əməkdaşlığı nəzərdə tutur.

 

TÜRKİYƏNİN ADANA ŞƏHƏRİNDƏ NEFT YATAĞI TAPILIB

Türkiyənin Adana şəhərində neft yatağı tapılıb. “Report” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Adananın Çukurova bölgəsində tapılan neft ehtiyatlarının həcmi 8-10 milyon barrel olduğu proqnozlaşdırılır.

Verilən xəbərə görə, yeni aşkar edilən yatağın ehtiyatların ümumi dəyəri 800 milyon ABŞ dollarında olduğu ehtimal edilir.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz qeyd edib ki, bu ehtiyatların tapılması çox sevindirici haldır: "Adananın Çukurova bölgəsində üçüncü quyu qazılıb. Burada təxminən 8-10 milyon barrel ehtiyatın olduğu bildirilir. Təxminən 350-400 metr dayaz yerlərdən neft çıxarırıq. Bu da demək olar ki, su səviyyəsində olan neftdir”.

Eyni zamanlda, nazir bildirib ki, bu yataqda 10 quyu qazılacaq. Onun sözlərinə görə ümumilikdə, ola bilsin ki, gündəlik hasilat min barrelə qədər olsun.

 

ALMANİYALI DEPUTATLAR PARLAMENTDƏ SOYUĞA GÖRƏ ETİRAZ EDİRLƏR

Böyük enerji böhranı yaşayan Avropa bu qışdan ağır qənaət tədbirləri ilə çıxmağa çalışır, lakin havalar soyuduqca problemlər daha da artır. “Teleqraf.com”un xəbərinə görə, Almaniya Bundestaqı istiliyə 18 dərəcə həddi tətbiq edəndən sonra bir sıra deputatlar parlamentin çox soyuq olduqlarını bildirərək şikayət etməyə başlayıblar.

Almaniyanın “Der Spiegel” nəşri “Parlamentdə buz dövrü” başlığı ilə yaydığı xəbərə görə, bəzi deputatlar ofislərinin soyuq olduğunu və xəstəlik riski ilə üzləşdiklərini bildiriblər. Ötən həftə büdcə iclasına bəzi deputatların palto ilə gəldiyi də müşahidə olunub.

Yaşıllar Partiyasından olan deputat Renate Kuenast qeyd edib ki, bir çox deputatın xəstəliyi səbəbindən parlamentin fəaliyyəti pozula bilər.

Xatırladaq ki, bir sıra Avropa ölkəsi sanksiyalar çərçivəsində Rusiyadan enerji asılılığını azaltmağa çalışır. Almaniyadan başqa, bir çox ölkə artan enerji böhranında sərt tədbirlərə əl atıb.

 

ABŞ XÜSUSİ KANALLAR VASİTƏSİLƏ RUSİYA İLƏ MÜZAKİRƏLƏR APARIR

Vaşinqton xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni Qriner və Pol Uilanın azad edilməsi məsələsini müzakirə etməkdə davam edir. "Sputnik" informasiya agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Elizabet Rud bildirib.

"Birləşmiş Ştatlar xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyəti ilə Britni Qriner və Pol Uilanın azadlığa buraxılması məsələsinin müzakirəsini davam etdirir. Artıq dediyimiz kimi, Birləşmiş Ştatlar baxılması üçün ciddi təklif təqdim edib. Lakin hələlik ciddi cavab almayıb. Mən razılığa gəlməyimizə kömək edəcək cavabı nəzərdə tuturam", - deyə Rud qeyd edib.

KİV-in məlumatına görə, iyulun sonunda Vaşinqton Moskvaya silah alverinə görə ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Butu Rusiya Federasiyasında casusluqda təqsirli bilinən Pol Uilan və basketbolçu Britni Qriner ilə dəyişməyi təklif edib. Qriner avqustda narkotik qaçaqmalçılığına görə doqquz il həbs cəzası alıb.

 

Aİ-DƏ ENERJİ QİYMƏTLƏRİNİN ARTMASI 147 MİN İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLA BİLƏR

“The Economist” qəzeti Avropa İttifaqı ölkələrində elektrik enerjisi qiymətlərində kəskin artımın qışda ölüm hallarına təsirini araşdırıb. Belə nəticəyə gəlinib ki, bu proses qışda 147 min insanın ölümü ilə nəticələnəcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, nəşr xüsusilə sərt qışda bu rəqəmin 185 minə qədər yüksələ biləcəyini, lakin  qış fəsli mülayim olsa belə 79 min nəfərin öləcəyini proqnozlaşdırır.

“The Economist”in statistik modelinə bütün Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, Norveç və İsveçrə daxildir.

Model göstərdi ki, normal hava şəraitində elektrik enerjisinin qiymətinin 10 faiz artması ölüm hallarının 0,6 faiz artması ilə əlaqələndirilir. Bildirilir ki, bura texniki problemlər, maddi durum, yeni sistemlərdən istifadə zamanı törədilən qəzalar daxildir.

Nəticələrə əsasən, daha yaşlı əhaliyə və xüsusilə yüksək elektrik qiymətlərinə malik İtaliyada ölüm faktı daha çox olacaq. Estoniya və Finlandiyada da vəziyyət oxşardır. Böyük Britaniya və Fransa qiymət məhdudiyyətləri ilə daha münasib durumdadır. Həmçinin normal qiymətlər tətbiq edən Avstriyada qışda ölümlərin azalacağı gözlənilir.

 

YAPONİYANIN MÜDAFİƏ XƏRCLƏRİ 290 MİLYARD DOLLARA ÇATA BİLƏR

Yaponiya 2023-cü maliyyə ilindən başlayaraq növbəti beşillik müdafiə proqramı çərçivəsində müdafiə xərclərini 40 trilyon yen (290 milyard dollar) səviyyəsində təyin etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə “The Yomiuri Shimbun” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, məqsəd 2027-ci ilə qədər bu müdafiə xərclərinin, üstəgəl təhlükəsizlik tədqiqatları və inkişafı kimi əlaqədar xərclərin ölkənin ümumi daxili məhsulunun ən azı 2 faizinə çatmasıdır.

Cari proqram Milli Təhlükəsizlik Strategiyası və Milli Müdafiə Proqramı təlimatları ilə birlikdə ilin sonuna kimi nəzərdən keçiriləcək. Hazırkı orta müddətli müdafiə proqramı ümumi müdafiə xərclərini 27,47 trilyon yen civarında müəyyən etdiyindən, hökumət ölkənin müdafiə qabiliyyətini kəskin şəkildə gücləndirmək üçün bu rəqəmi əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Eyni zamanda, Müdafiə Nazirliyi növbəti proqrama müdafiə xərclərinə təxminən 48 trilyon yen istəsə də, Maliyyə Nazirliyi bu rəqəmin 35 trilyon yen olmasını məqbul sayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.