Qarşılıqlı etimada əsaslanan əlaqələr
Siyasət

Qarşılıqlı etimada əsaslanan əlaqələr

Azərbaycan Şərq Tərəfdaşlığı proqramını Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri hesab edir

"Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir. Hazırda biz Avropa İttifaqı ilə yeni saziş üzərində məsləhətləşmələrin yekun mərhələsindəyik. O, 90 faizdən artıq hazırdır. Biz Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamadıq. Bunun əvəzində ikitərəfli əməkdaşlıq formatına üstünlük verdik". Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Dövlət başçısı Şərq Tərəfdaşlığı haqqında danışarkən qeyd edib ki, Azərbaycan bu tərəfdaşlığı Avropa İttifaqına (Aİ) üzv ölkələrlə əməkdaşlıq platforması deyil, Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri hesab edir. Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində Azərbaycan ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir.

Bu əməkdaşlıq xəttinin prioritet olmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional müstəvidə öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaradır.

Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir. Azərbaycan Şərq Tərəfdaşlığının fəal ölkəsidir və Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. Eləcə də Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Bununla yanaşı, Azərbaycan ölkəmizi Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometr uzunluqda Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş, onu maliyyələşdirmişdir. Bu, mühüm enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Aİ 2016-cı ildə "EU4Energy" adlı regional proqramı təsis edərək enerji siyasəti məqsədlərinə nail olmaqda və enerji səmərəliliyini təkmilləşdirməkdə Azərbaycanın da daxil olduğu Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləyir.

"Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Biz müxtəlif sahələrdə - siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın səviyyəsindən çox məmnunuq. Əlbəttə, Şərq Tərəfdaşlığına gəldikdə, bu proqramın əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi. Hazırda isə sizinlə razıyam ki, onun müasirləşdirilməsinin və görülən işlərin nəzərdən keçirilməsinin vaxtıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən söyləyib.

Ölkə başçısı qeyd edib ki, bu proqramın yaradılmasından on ildən çox vaxt keçir və Şərq Tərəfdaşlığına üzv ölkələr öz seçimlərini ediblər. Bəziləri Assosiasiya Sazişini imzalayıb, digərləri Avrasiya İqtisadi İttifaqına üzv olub. Azərbaycan yeganə ölkədir ki, heç bir formata qoşulmayıb. İqtisadi göstəricilərimiz, siyasi və iqtisadi sabitlik və əlbəttə ki, ərazilərimizin azad olunması xarici siyasətimizin praqmatizm üzərində qurulduğunu və hədəfə hesablanmış olduğunu nümayiş etdirir. Başlıca hədəf isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi və buna iki il əvvəl nail olmuşuq. Beləliklə, biz Şərq Tərəfdaşlığı ilə bağlı yeni imkanların nədən ibarət olduğunu nəzərdən keçirməliyik. Bizə gəldikdə, bu proqramı və bu platformanı üzv ölkələr arasında əməkdaşlıq deyil, Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edirik.

Bu da bir danılmaz faktdır ki, Azərbaycan diplomatik münasibətləri və apardığı uğurlu xarici siyasəti ilə beynəlxalq müstəvidə müxtəlif dövlətlərlə, təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı etimada və hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Bu münasibətlər müstəvisində Azərbaycanın suverenlik, milli dəyər və maraqlarının qorunması kimi amillər başlıca yer tutur. Bu baxımdan, Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan özünün əməkdaşlıq modelini irəli sürüb ki, bu istiqamətdə də mərhələli qaydada səmərəli müzakirələr aparılıb. Tərəflər arasında yaranmış ciddi suallar qarşılıqlı anlaşma şəraitində həllini tapıb. Bundan əvvəlki münasibətlər tərəflər arasında qəbul edilmiş "Assosiativ saziş" çərçivəsində davam etdirilib.

Şərq Tərəfdaşlığına üzv olan digər beş ölkə ilə Azərbaycanın fərqli münasibətləri olduğunu bildirən dövlətimizin başçısı deyib: "Bizə isə Avropa Komissiyası ilə əlavə əməkdaşlıq mexanizminin əldə edilməsi vacib idi. İndi isə sizin də qeyd etdiyiniz kimi, yeni geosiyasi şəraitdə bunu yenidən nəzərdən keçirmək lazımdır". Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və mümkün təmasları müsbət qarşılayır. Postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dövlət başçımız tərəfindən dəfələrlə beynəlxalq platformalarda səsləndirilib. Bu xüsusda, Brüssel zirvəsi və bu çərçivədə keçirilən görüşlər əməkdaşlığa əlavə stimul verir. Qurum tərəfindən Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin Şərq Tərəfdaşlığı çərçivəsində daha geniş əməkdaşlığa yol açacağından əminlik ifadə olunur. Vətəndaş cəmiyyəti kontekstində ölkəmizin etimad quruculuq tədbirlərində əhəmiyyəti vurğulanır.

Mustafa KAMAL,

"Respublika".