Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Konvi qəsri

Böyük Britaniyanın Uels şəhərindəki Konvi qraflığında əfsanəvi "dəmir üzük" qalalarının növbəti halqası -- Konvi qəsri hərbi memarlığın ən təsirli nümunələrindəndir. Həyat və ölüm, sevgi və nifrət, qələbələr və məğlubiyyətlərin hekayələrini özündə saxlayan qüdrətli daş istehkamlar İngiltərə tarixinin ən maraqlı salnamələrindəndir. Mürəkkəb memarlıq abidəsi olan qala İngiltərə kralı I Edvardın əmri ilə 1283-1289-cu illərdə memar Ceyms Sent Corc tərəfindən layihələndirilib. Əsrin ən bahalı tikilisinin inşasında 1500 işçi iştirak edib və qala 193  milyon avroya başa gəlib.

3/4 mil uzunluğunda olan qala divarının perimetri boyunca bir-birindən təxminən 46 metr məsafədə 15 metr hündürlüyündə 21 qüllə ucalır. Divarın eni 1,68, hündürlüyü isə 9 metrdir. Divar və qüllələr təxminən 480 atəş mövqeyini təmin edir. 4,6 metr qalınlığında hörülmüş divarlar kompleksin həyətini iki hissəyə bölür və divarlara əlavə güc verir. Nəhəng divarların çökməməsi üçün qəsr qayaların üzərində inşa edilib. Qərb və şimal tərəfdən xəndəklə qorunan qalanın bu tərtibatı düşmənlərin təcavüzünə uğurla müqavimət göstərməyə imkan verib. Əsas qapıdan əlavə, iki gizli yeraltı keçidi olan qalanın qarşısında möhtəşəm şəhər də salınıb. Təəssüf ki, qalanın yalnız divarları bu günə qədər salamat qalıb, kompleksin içərisində olan köhnə tikililər demək olar ki, tamamilə yox olub.

Qala divarlarından baxanda şəhərin və vadinin gözəl mənzərəsi açılır. Ərazisində unikal təbiət qoruqları və milli parklar olan heyrətamiz qalanı ziyarət edənlər zövqlə tərtib olunmuş küçədə gəzərkən sanki keçmişə səyahət edirlər. 1986-cı ildə Konvi qəsri kral I Edvardın qalaları və şəhər divarlarının bir hissəsi olaraq UNESCO-nun Ümumdünya İrs Reyestrinə daxil edilib.

 

«Ferrari Dünyası» əyləncə kompleksi

Zənginlik, dəbdəbə və müasir dünyanın ekzotik şəhəri olan Abu Dabidə 2010-cu ildə «Ferrari» Beynəlxalq avtomobil korporasiyası tərəfindən dünyanın ən böyük qapalı əyləncə parkı inşa olunub. Planetin ən sürətli rolleri --  Formula Rossaya sahib «Ferrari Dünyası» məşhur brendin dizaynını təkrarlayan böyük bir atraksiondur. Kompleksin 200 min kvadratmetrdən çox sahəni əhatə edən qırmızı damı «Benoy Architects» şirkəti tərəfindən dizayn edilib. Park 200 000 kvadratmetr damın altında yerləşir. «Ferrari Dünyası»nın üzərində uzunluğu 65x48 metr olan dünyanın ən böyük  Ferrari loqosu təsvir edilib. Damın müvazinətini qorumaq üçün 12,370 ton polad konstruksiyadan istifadə olunub.

Əyləncə parkının ümumi sahəsi 86 000 kvadratmetrdir. Ziyarətçilər hündürlüyü 50 metr olan kompleksdə  müxtəlif simulyasiyalar və sürətli nəqliyyat vasitələri ilə Ferrari dünyasına daxil olurlar. Əyləncə kompleksi son on ildə, Winterfest, Çin Yeni ili, The Rollercoaster Rally, Eid və İşıq Festivalı kimi bir çox tədbirlərə evsahibliyi edib. Burada həyəcan və adrenalini sevənlər üçün müxtəlif atraksionlar, idman avtomobillərinin sərgiləri, restoran-kafelər, mağazalar və bir çox istirahət məkanları fəaliyyət göstərir. Hər il minlərlə insan səyahətin həyəcanını hiss etmək üçün atraksionun qarşısında böyük bir  izdiham yaradır.

 «Ferrari Dünyası» istifadəyə verildiyi gündən “Dünyanın Ən Yaxşı Tema Parkı” daxil olmaqla 35-dən çox mükafata layiq görülüb, 2019-cu ildə isə dünyaca məşhur səyahət saytı  “Tripadvisor”un “Mükəmməllik Sertifikatı”nı alıb.

 

 

“Sanrio çiyələk evi”

Dünyanın hər yerində insanların marağına səbəb olan və zövqlərini oxşayan bir çox binalar var. Yaponiyanın paytaxtı Tokiodakı «Çiyələk ev» də bu kateqoriyaya aiddir. Dünyaca məşhur «Hello Kitty» - qırmızı və ya çəhrayı bantlı ağ pişik personajı ilə tanınan «Sanrio» şirkətinin sifarişi ilə layihələndirilən bu ev 2000-ci illərin əvvəllərində tikilib. Sanrio brendi uşaqlar arasında çox məşhur olan müxtəlif məktəb ləvazimatları, hədiyyələr, aksesuarlar istehsal edən bir şirkətdir. Şirkət rəhbərliyinin fikrincə çiyələk forması həm istehsal etdikləri məhsulları reklam etmək üçün əla fürsət yaradacaq, həm də daha çox alıcının diqqətini cəlb edəcək.

Tam adı «Sanrio çiyələk evi» olan mağaza üç mərtəbədən ibarətdir. İlk iki mərtəbə Sanrio məhsullarının satışı üçün nəzərdə tutulub, bir mərtəbə isə oyun meydançası üçün ayrılıb. Xüsusi tədbirlər və əyləncələr zamanı icarəyə verilən oyun meydançasında  uşaqlar sanki nağıllar aləminə düşürlər. Binanın interyeri masalardan tutmuş  çılçıraqlara qədər çiyələk formasında dizayn edilib. Uşaqlarla yanaşı, böyüklərin də diqqətini çəkən bu ecazkar binanın çöl hissəsi şüşə vitrinlərlə bəzədilib. Qırmızı rəngdə  qübbəli damı və damın üzərindəki yaşıl yarpaqları ilə gözoxşayan dükanın görünüşünü tamamlayan  yumru pəncərələr də binaya xüsusi gözəllik verir.

Qədim yapon rəvayətinə görə, giləmeyvələrdə trollar yaşayır və bu cırtdanlar belə evləri  ziyarət etməyə gələn insanlara sevinc və bayram əhvali-ruhiyyəsi bəxş edirlər. Bu səbəbdən hər il minlərlə insan «həm ziyarət, həm ticarət» məqsədilə dünyanın ən maraqlı “evlər”indən  birini görmək  üçün «Sanrio çiyələk evi»nə üz tuturlar. 

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».