İranın uğursuz diplomatik addımları regionda münasibətlərin gərginləşməsinə xidmət edir
Tarix

İranın uğursuz diplomatik addımları regionda münasibətlərin gərginləşməsinə xidmət edir

Azərbaycan Respublikasının müstəqil daxili və xarici siyasət yürütməsi, beynəlxalq əlaqələrini gündən-günə daha da genişləndirməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraqlı olması, regional layihələr həyata keçirməsi, xüsusilə də tarixi torpağımız olan Qarabağın təcavüzkar Ermənistanın işğalından azad edilməsi, Azərbaycan ordusunun güclənməsi, sərhədlərimizin möhkəmləndirilməsi bir sıra dövlətlər kimi, İranı da narahat etdi. Cənub qonşumuz İran İslam Respublikasının anti-Azərbaycan xarakterli hərəkətləri, ölkəmizə qarşı ikili münasibət nümayiş etdirməsi ictimaiyyət arasında da birmənalı qarşılanmadı. İranda azərbaycanlıların üstünlük təşkil etməsinə, qarşılıqlı münasibətlərdə bu əhalinin başlıca amil kimi mühüm rol oynamasına, ölkəmizin əlverişli geosiyasi mövqeyə və zəngin resurslara malik olmasına, Transqafqaz yolunun Azərbaycandan keçməsinə, onun iqtisadi və siyasi təsir gücünün artmasına və respublikamızın hər zaman mehriban qonşuluq münasibətlərinə üstünlük verməsinə baxmayaraq, İranın rəsmi şəkildə "Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir", - deməsi bu ölkənin anti-Azərbaycan mövqeyinin nümayişidir.

İran-Azərbaycan əlaqələrinə və İranın regional məsələlərdə Azərbaycana qarşı tutduğu mövqeyə geniş oxucu auditoriyasının marağını nəzərə alaraq AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının bu mövzuda olan məqaləsini təqdim edirik.

 

(əvvəli 24 və 25 noyabr tarixli saylarımızda)

Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezidentimizin "Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" fikri bir daha Azərbaycan dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Lakin bütün təqib, təzyiq, həbs, işgəncə və hədələrə baxmayaraq, İrandakı soydaşlarımızın milli qüruru, milli-mənəvi haqları sınmamışdır. Belə ki, hər il ana dilində təhsilin tələbi ilə boykot edilmə kampaniyası, 21 Azərinin (12 dekabr) ildönümü, Beynəlxalq Ana dili Günü, hər il iyulun 6-sı Azərbaycan qəhrəmanı Babək Xürrəminin doğum günü ilə əlaqədar Babək qalasına (Bəzz qalası, Qaradağ mahalının Kəleybər qəsəbəsi yaxınlığında yerləşən qala) yürüş, icazə verilməməsinə və maneələrə baxmayaraq, Xocalı faciəsi ilə bağlı Tehrandakı Ermənistan səfirliyi önündə aksiyaların keçirilməsinə cəhdlər, may hadisələri ilə bağlı Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri ilə əlaqəli mitinq, nümayiş, yürüş, tədbirlərin keçirilməsi onu bir daha göstərir ki, cənubdakı soydaşlarımızın həmişə milli azadlıq, milli vətənpərvərlik, ana dili uğrunda mübarizə və mücadilələri sönməmiş, bunu şərəflə davam etdirmişlər.

İran mətbuatında Azərbaycana qarşı yazılar

İran mətbuatında, ayrı-ayrı ictimai və siyasi şəxslərin fikirlərində, yazılarında Azərbaycan Respublikası ərazisinin tarixən "Azərbaycan" yox, "Aran" adlandırılması, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaradılması, Azərbaycan Respublikası ərazisinin tarixən İran ərazisi olması və Rusiya-Qacar müharibələri zamanı Gülüstan və Türkmənçay müqavilələri nəticəsində işğal edilməsi, Azərbaycanın dövlət quruluşu və əlifbasının İslam etiqadlı əhalinin mövqeyini əks etdirməməsi, Azərbaycan Respublikasının İranla düşmən mövqedə olan ABŞ və İsraillə münasibətləri, Azərbaycanda dindarların hüquqlarının pozulması, milli azlıqların hüquqlarının tapdanması və s., Azərbaycanın ayrı-ayrı ictimai-siyasi xadimlərinə qarşı qərəzli, hüquqazidd, reallığı əks etdirməyən məqalələrə və fikirlərə rast gəlirik.

Halbuki, Azərbaycan Respublikası, həmçinin İran və xarici ictimaiyyətin nümayəndələri də bilir ki, əvvəla, Azərbaycanın adı tarixi İran adından da qədimdir, ikincisi AXC 28 may 1918-ci ildə qurulanda İran adında dövlət yox idi, üçüncüsü, Gülüstan və Türkmənçay müqavilələrinə də nəzər yetirdikdə həm ərazi, həm maddi-mənəvi, həm mühacir, həm iqtisadi, sosial haqlar baxımından Azərbaycan xalqı həm bölünmüş, həm də haqları əlindən alınmışdır. Dördüncüsü, Azərbaycan Respublikasının dövlət quruluşu həm İran İslam Respublikasına, həm də dünyaya bəllidir. Azərbaycan işğalçı Ermənistanı öz ərazilərindən çıxarmaqla İrandan fərqli olaraq bütün dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurur, həmçinin Azərbaycan Respublikasının ABŞ və İsraillə münasibətləri heç zaman hər hansı bir üçüncü tərəfə, o cümlədən də İrana qarşı olmamışdır. İranın Ermənistanla əlaqələri isə birbaşa Azərbaycan-İran münasibətlərinə qarşıdır və o, işğalçını dəstəkləmişdir. Lakin İrana qarşı embarqolar qoyulması və blokadada olması ABŞ-ın və digər ölkələrin Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəsarətli mövqeyi İran rəhbərliyinə məlumdur. Azərbaycan dini quruluşlu dövlət olmasa da, tarixdən məlumdur ki, istər ərəb dili, istər fars dili, istərsə İslam elmlərinin öyrənilməsi, yayılması və inkişafında mühüm rol oynayıb. Azərbaycan xalqı İslamla bağlı inanclarına hər zaman sahib olub, bu gün də bunu davam etdirir. Azərbaycanda milli azlıqların hüquqlarına gəldikdə isə ölkəmizdə bütün etnik azlıqların milli adət-ənənələrinə, inanclarına, hüquqlarına hörmətlə yanaşılıb, bu gün də belədir. Azərbaycanda heç bir dinə, dilə, inanca qarşı ayrı-seçkilik olmamışdır. Yaxşı olardı ki, İran istər Rza şahın dönəmində, istərsə də İslam Respublikası qurulandan sonra əhalisinin bu günə kimi milli hüquqlarının, mədəni-mənəvi haqlarının, milli kimliyinin, insan haqlarının və s. vəziyyətinə nəzər yetirib, Azərbaycan Respublikasındakı vəziyyətlə müqayisə etsin.

Zəngəzur dəhlizinə münasibət

Zəngəzur dəhlizinin açılması bu gün Rusiya, Türkiyə, İran, Çin, ABŞ və Avropa İttifaqının maraq dairəsində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də, həm Ermənistan, həm də onu dəstəkləyən bəzi dövlətlər və təşkilatlar da artıq başa düşürlər ki, Zəngəzur dəhlizinin açılmasına qarşı hər hansı müqavimət və ya prosesi əngəlləmək və vaxtı uzatmaq cəhdinin mənası yoxdur. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici siyasət kursu tam açıq və şəffafdır, beynəlxalq hüquqa, mehriban qonşuluq siyasətinə, region ölkələri arasında inteqrasiyaya əsaslanır. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olan və müstəqil xarici siyasət yürüdən Azərbaycan Respublikasının Zəngəzur dəhlizi ilə bağlı mövqeyə nail olması da şübhəsizdir ki, artıq reallığa çevrilir. Bundan əlavə, bu il martın 11-də Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Ümumiyyətlə, dəhliz hazırkı İran-Ermənistan sərhədindən 5 km cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaqdır. Təbii ki, Türkiyə və Azərbaycan prezidentlərinin bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulamaları, ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadilələri aparmaları bir daha onu sübut edir ki, Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı və müttəfiqliyi regionda sülh və əməkdaşlığın qarantıdır.

İran rəsmilərinin "Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir" siyasətinin arxasında isə Türkiyə-Azərbaycan birliyi, regionda türk xalqlarının söz sahibi olması, inteqrasiyası və s. qarşı məqsədlər dayanır.

Qafanda baş konsulluğun açılması

İranın Qafanda baş konsulluq açması İran diplomatiyasına başucalığı, diplomatik qələbə gətirmədi, regionda oyunçu olmasına təsir etmədi, etməyəcək də. Azərbaycanın regional mövqeyinə, Zəngəzur dəhlizi ilə bağlı atdığı addımlara sadəcə vaxt uzatma, müəyyən maneələr törətdi ki, İranın bu siyasəti Azərbaycan, Türkiyə və digər ölkələr tərəfindən mənfi qarşılandı. Deyərdim ki, bu addım İran diplomatiyasının uğursuz, hesablanmamış, cılız bir addımı idi.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı "Biz Ermənistanın təhlükəsizliyini İran İslam Respublikasının təhlükəsizliyi və regionun təhlükəsizliyi hesab edirik", İranın Qafanda baş konsulu təyin olunan Morteza Abedin Varaminin "İranın yüksək rütbəli rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkələrin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməlidir. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. Biz isə çox aydın şəkildə deyirik ki, biz heç bir sərhəd dəyişikliyini rəsmən tanımayacağıq" deməsi İranın Azərbaycanla olan siyasətinə, verdiyi sözlərə, imzaladığı sənədlərə ziddir. Təcavüzkarın yanında olması deməkdir. Bundan başqa, açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, İranın İrəvandakı səfiri Abbas Bədəxşah Zohuri də iştirak etmişdir.

Ümumiyyətlə, regiondakı geosiyasi vəziyyətin təhlili, Azərbaycan və İran xalqları arasındakı etnik, din, dil və mədəniyyət ilişkiləri, çoxəsrlik tarixi ənənələrin mövcudluğu onu deməyə əsas verir ki, Azərbaycan Respublikası özünün xarici siyasətində İran İslam Respublikasına xüsusi yer vermiş, mehriban qonşuluq və faydalı əməkdaşlıq prinsipini əldə əsas tutmuşdur. İki qonşu ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün Azərbaycan Respublikasının çox böyük imkanlara malik olması, İranda azərbaycanlıların böyük üstünlük təşkil etməsi, İran coğrafiyasında qurulan dövlətləri məhz Azərbaycan türklərinin qurması (həmin dövlətlərdə heç zaman fars əsilli dövlət başçısı olmamışdır), azərbaycanlıların sosial, iqtisadi, siyasi təfəkkür, yüksək dünyagörüşə sahib olmaları, Azərbaycanın iqtisadiyyatının, təbii sərvətlərinin zənginliyi, dünya dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə olması, hərbi və hərbi sənayesinin inkişaf etməsi, tolerant dövlət olması və s. nəzərə alınmalı, Azərbaycan dövləti və xalqına qarşı qərəzli, kəskin, ziddiyyətli mövqedən çəkinməli, Azərbaycanla hüquq, qanun və mehriban qonşuluq prinsipləri əsasında münasibətlər qurulmalıdır. Çünki Azərbaycan dövləti ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil, Azərbaycan xalqı da, xüsusilə də dünyadakı və güneylilər artıq həminki xalq deyil.

Bu gün Azərbaycan öz xarici siyasətində, hərbi və hərbi təhlükəsizlik sahəsində, sərhədlərinin mühafizəsində, dövlətçiliyinin qorunmasında, bir sözlə, müstəqil Azərbaycan Respublikasının qüdrətlənməsində maraqlıdır. Bu, Azərbaycan Respublikasının siyasətinin əsas prinsipidir. Xüsusilə də ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, hazırlanan müasir Azərbaycanın dövlətçilik strategiyası Prezident və Ali Baş Komandanı İlham Əliyev tərəfindən xüsusi həssaslıq, nizamlılıq, Azərbaycanın milli maraqlarına uyğun şəkildə davam etdirilir. Çünki dövlət və dövlətçilik bizim qanımızda, canımızda, ruhumuzdadır. Bu baxımdan, İran İslam Respublikası Azərbaycan Respublikasının sərhədlərinin qorunmasına, ordusunun qüvvətlənməsinə, aparılan daxili və xarici siyasətinə hörmətlə yanaşmalı, Azərbaycan Respublikasının və xalqının gücünü nəzərə almalı, öz xarici və daxili siyasətində korrektələr etməlidir.