DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!
Maraqlı

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!

Stendal

Fransız ədəbiyyatının görkəmli nümayəndələrindən olan Stendal psixoloji realizm janrının banilərindən sayılır. O, sağ ikən layiq olduğu diqqəti görməyən, əsl qiymətini öldükdən sonra alan yazıçılardandır. Daha çox "Qırmızı və qara" romanı ilə məşhurlaşan bu yazıçı, yaradıcılığı ilə yanaşı, mahir yalançılığı ilə də yaddaşlarda qalıb. "Stendal qədər yalan danışan və hamını aldatmaqdan zövq alan ikinci bir yazar tanımıram. Eyni zamanda da çox az yazıçı həqiqəti onun qədər daha yaxşı, daha dərin şəkildə qələmə ala bilib". Bu dünyaşöhrətli yazıçı Stefan Sveyqin onun haqqında olan fikirləri idi...

Əsl adı Mari Henri Beyle olan Stendal Qrenoblda vəkil ailəsində dünyaya gəlib. Anasını hələ yeddi yaşında itirən yazıçı, atasının və xalasının himayəsində böyüyüb. Ancaq heç vaxt onlarla ünsiyyəti alınmayıb, balaca oğlana yalnız babasının diqqəti və isti münasibəti xoş təsir göstərib. O, sonralar bu barədə öz avtobioqrafik əsərində də yazıb.

Ömrü boyu rəsmi nikahdan yayınan məşhur yazıçı qadınlar tərəfindən heç vaxt sevilməyib. Bu səbəbdən də qadınlara qarşı daim nifrət bəsləyib. Qadınlardan qisasını almaq üçün isə onları ağladan hüznlü əsərlər yazıb.

Özünü gizləməyə, müxtəlif adlarla və təxəllüslərlə təqdimata meyilli olan bu yazıçı, kitabın üz qabığında başqa adla təqdim olunsa da, onu əsərin içərisindəki fikirlərindən tanımaq olurdu. Henri Beyle heç bir zaman öz həqiqi adından istifadə etmirdi. Bəzən özünü əsilzadə kimi təqdim edir, bəzən Cesar Bombet adıyla ortaya çıxırdı. Hərdən adının qarşısına sirli "A.A" hərflərini əlavə edir (Sabiq məhkəmə üzvü, fransızca - Ancien Auditeur) və öz kimliyini gizlədərək cəmiyyətə sabiq məhkəmə üzvü kimi təqdim olunmaqdan xoşlanırdı. Aristokrat məclislərdə isə Avstriya hökumətinin təqaüdçüsü, süvari alayın zabiti kimi görünmək ona zövq verirdi. Və oxucular üçün heç nəyi ifadə etməyən Stendal imzası ilə yazılar yazırdı. Stendahl (Stendal) Almaniyada kiçik bir şəhərdir və etiraf edək ki, Henri Beyle bu adı ölümsüzləşdirə bilib.

O, böyük yalan ustası olmasına baxmayaraq, dövrünün həqiqətlərini yazmaqdan çəkinməyən, yalanı sevdiyi qədər, həqiqətə də aşiq olan nadir yazıçılardandır. Hətta özü haqda "mən - insan qəlbinin müşahidəçisiyəm" deyərdi.

Çox maraqlıdır ki, Stendal yalanı heç bir ehtiyac olmadan, sadəcə maraqlı görünmək üçün danışırmış. Yazıçının bu cür axmaqlıqlarından bezmiş dostlarından biri məktubunda onu qınayaraq belə yazıbmış: "Sən çox alçaq bir yalançısan". Həmin məktubun kənarında isə Stendalın öz əli ilə yazdığı bir qeyd də var: "Bəli, təəssüf ki, bu, belədir".

Yəqin ki, onun bu yalanı sizi daha da heyrətləndirəcək. Henri Beyle, yəni Stendal imzalı yazıçının məzar daşına isə belə yazılıb: "Milanlı Arrigo Beyl". Bəli, bu, onun bildiyimiz sonuncu yalanıdır. 59 yaşında insult səbəbindən son mənzilə köçərkən belə romantik görünmək arzusunda olan yazıçı vəsiyyətində başdaşına da öz adının yazılmasını istəməyib...

 

Nefertiti

Yəqin dünyada elə bir adam tapılmaz ki, bu adı eşitməmiş olsun. Qədim Misirin gözəllik rəmzinə çevrilən bu xanımın adının mənası ("gözəl gəlir") da elə bu anlama gəlir. Bəzi mənbələrdə onun əsl adının Taduxepa olduğu və məşhur gözəlliyinə görə "Nefertiti" adlandırıldığı bildirilir. Misir fironu Exnatonun həyat yoldaşı olan Nefertitini həm də "Nil hökmdarı" və "Tanrıların qızı" adlandırırdılar. Ərinin sayəsində misli görünməmiş güc əldə etmiş və onunla bərabər statusa sahib olmuş bu qadının adı tarix səhifələrindən silindiyi üçün onunla bağlı olan məlumatlar yalnız ehtimallardan ibarətdir.

Nefertitinin valideynlərinin kimliyi dəqiq bilinmir, amma Moutnemendjet adlı kiçik bacısının olduğu məlumdur. Başqa bir ehtimala görə, isə o və Mitanni şahzadəsi Taduxepa eyni şəxsdir.

Həmişə uzun, qu quşuna bənzər boynu ilə öyünən Nefertiti öz kosmetik vasitələrini qalena bitkisindən hazırlayırmış. Saçları qara, gözləri tünddü, zərif və qarabuğdayı bədəni vardı. Yanaq sümükləri ovucda tutula biləcək qədər qabarıqdı. O qədər gözəl idi ki, hətta fironun digər arvadları belə gözlərini ondan çəkə bilmirdilər. Yaxşı təhsil almışdı, kifayət qədər bilgili idi. O, dövlət adamlarının həm qorxduğu, həm də paxıllıq etdiyi qadındı. İnsanları valeh edə, ovsunlaya bilmədiklərinə də ağlıyla asanlıqla qalib gələ bilirdi. Məqsədi xalqın lideri olmaq, tarixə düşmək idi. Onun qüsursuz gülüşü vardı. O, öz qadınlığından necə istifadə edəcəyini bilirdi və buna görə də kişilərlə sakit tonda danışırdı. Bu səbəbdən də onu eşitmək üçün əyilirdilər. Təbəssümündən ehtiyatla istifadə edir və gülümsədiyi an sanki onun işığına qərq olurdular.

Deyilənlərə görə, Misir fironu Exnatonun xanımı Nefertitiyə olan məhəbbəti dillərə dastan olub. 6 qızları olan bu cütlüyün, övladlarından ikisi Misir kraliçası olub. Firona varis verə bilməyən Nefertiti hətta tax-tacını əldən verməmək üçün ərinin ikinci arvadından olan oğlu Tutanhamona belə ögey analıq edib.

Rəvayətə görə, Nefertiti 29, digər mənbəyə əsasən isə 32 yaşında vəfat edib. O, dünyadan köçənə kimi gözəlliyini itirməyib. Ölümündən sonra isə onun həm əri ilə birgə, həm də tək olan rəsmləri pozdurulub, heykəlləri, büstləri sındırılıb. Nefertitinin qızlarına analarının adını çəkmək belə qadağan olunub. Bütün bunların hansı səbəbdən edildiyi məlum olmasa da, bəşəriyyətin qədim gözəllik etalonu olan Nefertitinin profildən rəsmi bu gün də dünyanın ən şah əsəri hesab olunur.

 

Aleksandr Porfiryeviç Borodin

Orta məktəblərin həm musiqi, həm də kimya kabinetlərində portreti asılan bu adamı çoxlarınız tanıyırsınız. Bir-birinə zidd olan iki sahədə üstün nailiyyətlər əldə etməyi bacaran bu dahi şəxsiyyət ömrünün sonunacan hər iki sənətini bir arada inkişaf etdirməyə çalışıb. Söhbət dünyaşöhrətli rus bəstəkarı və kimyaçısı Aleksandr Porfiryeviç Borodindən gedir...

O, Sankt-Peterburqda Luka Semyonoviç Gedeanişvili adlı gürcü şahzadəsinin nikahdankənar övladı olub. Ancaq atası onu özünün deyil, köməkçisi Porfiri Borodinin övladı kimi qeydiyyata saldırıb. Borodin piano dərslərini də əhatə edən çox yaxşı təhsil alıb. O, uşaq yaşlarından etibarən həm kimya, həm də musiqi sahəsində öz qabiliyyətini göstərməyi bacarıb. Sonrakı illərdə də hər iki sahə ilə sıx məşğul olub.

Musiqi ilə hələ kiçik yaşlarından maraqlanan Borodin 9 yaşından bu sahədə təhsil almağa başlayıb. Sonralar beynəlxalq rus musiqi məktəbinin yaradıcılarından olan dahi bəstəkar "Rus beşliyi"nin üzvlərindən biri olub. Bütün bunlara baxmayaraq, Borodin o qədər təvazökar bir insan olub ki, adətən zarafatla özünü "bazar musiqiçisi" adlandırırdı.

24 yaşında isə kimya sahəsi üzrə doktorluq dərəcəsi alan bu dahi şəxsiyyət, çox dağınıq fikirli olması və huşsuzluğu ilə də yadda qalıb. Bir gün dostlarını evinə qonaq çağıran Borodin məclisin ən qızğın anında qəflətən ayağa qalxır, gedib paltosunu geyinir və sağollaşıb getmək istəyir ki, qonaqlar soruşurlar: Hara belə, Aleksandr Porfiryeviç? - Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var. Yalnız dostlarının şaqqanaqla güldüyünü gördükdə Borodin başa düşür ki, o öz evindədir.

Ən yaxın dostlarından biri onunla bağlı öz xatirələrində belə yazır: "Dostlarına, şagirdlərinə və xüsusilə qohumlarına qarşı çox mehriban biri idi. Hətta bu insanlar günün hansı saatında istəsələr onun evinə gedə bilirdilər. Evindəki bütün yataqlar, oturacaqlar, divan adamla dolu olurdu, bəziləri hətta dəhlizdə yatırdı. Otaqları isə çox qarışıq və səliqəsiz olurdu. Mənzilinə çoxdan köçməsinə baxmayaraq kitab və musiqi materialları, bəzi əşyaları yerinə qoyulmamış, yeşiklərdə qalmışdı... Borodin heç vaxt sonuncu dəfə nə zaman yemək yediyini xatırlamırdı, bəzən axşam 11-də günorta yeməyini yeyirdi. Bu qonaqlar azmış kimi Borodin ailəsinin çoxlu pişiyi də var idi və onlar da süfrədəki yerlərini alırdılar. Bütün bu səbəblərə görə də, Borodin musiqidə müasirləri qədər məhsuldar ola bilmədi...

Həyatı boyu zəif sağlamlığı başına bəla olmuş bu dahi bir neçə dəfə ürəktutması keçirmişdir. Akademiyada təşkil edilən balların birində 54 yaşında infarktdan vəfat etən Borodin Peterburqdakı Tıkvin məzarlığında dəfn olunmuşdur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".