İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Qol güləşi üzrə Azərbaycan kuboku yarışı keçiriləcək

Dekabrın 10-11-də Bakı Gənclər Evində qol güləşi üzrə ölkə kuboku yarışı və Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) 2022-ci ilin yekunlarına dair hesabat xarakterli tədbiri keçiriləcək.

Yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər, eləcə də veteran və əlil idmançılar da iştirak edəcəklər. Ölkə kubokunda 13 çəki dərəcəsi üzrə keçiriləcək yarışlarda iki qolda ümumilikdə 78 idmançı medallar uğrunda mübarizə aparacaq.

 

Taekvondoçularımız Avropa birinciliyində iştirak edəcəklər

Bu gün Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.

Avropa birinciliyində ölkəmizi Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Abdulsübhan Dadaşlı (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənov (+65 kq) təmsil edəcək.

 

Xeyriyyə məqsədilə keçirilən turnir

Park Plyus İdman Sağlamlıq Mərkəzində Fudokan Karate-do idman növü üzrə açıq turnir keçirilib. Turnirdə 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb, məşqçi, hakim korpusu və valideynlər də aksiyaya qoşulublar.

 Turnirin keçirilməsində əsas məqsəd dəfələrlə respublika çempionu olmuş qan xərçəngindən əziyyət çəkən Ülvi Əhmədova dəstək olmaqdır. Belə ki, turnirdə iştirak edən bütün iştirakçılar könüllü şəkildə turnirin mükafat fonduna müvafiq ianə ediblər. Fonda yığılan bütün ianələr idmançımızın müalicəsi üçün şəxsi hesabına köçürülüb.

 Güləş üzrə yarış keçirilib

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) dəstəyi ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rafiq Heydərovun xatirəsinə həsr olunmuş U-17 sərbəst güləş üzrə “Təhsil” Respublika İdman Mərkəzi 2 nömrəli uşaq-gənclər idman məktəbinin açıq birinciliyi keçirilib. Yarışda 10 komandanın 150-yə yaxın idmançısı öz gücünü sınayıb. Gərgin rəqabət şəraitində keçən birincilikdə fərqlənən idmançılar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Nərgiz İSMAYILOVA,

“Respublika”.