İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Daha bir qızıl medal

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Zərifə Hüseynova Bolqarıstanın Sofiya şəhərində 23 ölkədən 213 iştirakçı arasında keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb. Təmsilçimiz Böyük Britaniya, Macarıstan, Yunanıstan, Türkiyə və Polşanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda Bolqarıstan sablyaçısını 15:11 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

 

İdmançımız marafonda inamlı qələbə qazanıb

Türkiyənin Adıyaman şəhərində keçirilən avarçəkmə marafonunda Azərbaycan millisinin üzvü qızıl medal qazanıb. Turnirdə 38-i qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 kilometr məsafələrdə yarışıb.

Bəhmən Nəsiri akademik avarçəkmə qayığında 42 kilometr məsafəni 2 saat 42 dəqiqə 18 saniyəyə qət edib. "Commagene Rowing Marathon" adlanan turnirdə yığmanın digər üzvü Ziya Məmmədzadə də mübarizə aparıb.

Karateçilərimiz turniri üçüncü yerdə başa vurublar

İndoneziyanın paytaxtı Cakartada karate üzrə mövsümün sonuncu Seriya A turnirində 65 ölkədən 661 karateçi iştirak edib. Komandamız turnirdə iki bürünc medal qazanıb. Ayxan Mamayev (84 kq) və Mədinə Sadiqova (55 kq) nüfuzlu yarışı üçüncü yerdə başa vurublar. Digər karateçimiz Renata Ərəbli (61 kq) isə bürünc mükafat şansını əldən verib.

 

Gimnastlarımız uğurla çıxış ediblər

Tbilisidə keçirilən "II New Look Cup" beynəlxalq turnirində "Ocaq Sport" klubunun bədii gimnastları 11 qızıl, 9 gümüş, 5 bürünc olmaqla ümumilikdə 25 medal qazanıblar.

Gülnar Rəsulzadə, Sara Atakişiyeva və Fatimə Tarverdiyeva hər biri 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Aylin Yusifli 1 qızıl, 3 gümüş, Güllüzar Şərifova 1 qızıl, 1 gümüş və 1 bürünc, Leyla Əliyeva 2 gümüş, Xəzra Qasımlı və Nərgiz Əliyeva 1 gümüş, 1 bürünc, Fatimə Zeynalova və Salma İsmayılova gümüş, Leyla Nemakina isə bürünc medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

 "Respublika".