Cənubdan səslər...
Güneydən səslər

Cənubdan səslər...

Qadın yazarların əsərlərində etiraz motivləri

Güney ədəbiyyatında açıqca duyulmaqda olan Feminizm hərəkatı...

Bu gün Güneyin çağdaş qadın yazarlarının əsərlərini oxuduqda onların ailədaxili sıxıntılardan, gündəlik həyatda mövcud olan bir sıra çatışmazlıqlardan, ən adi qadın hüquqlarının pozulmasından başlayan bu etirazın artıq məişət çərçivəsindən çıxaraq daha geniş miqyas aldığını və ümumən haqsızlıq üzərində qurulmuş cəmiyyətə və despotizm rejiminə qarşı ünvanlandığının şahidi oluruq. Gənc yazar Lalə Cavanşirin çağdaş dövr İran cəmiyyətində qadının, xüsusilə Azərbaycan qadınının bütün sahələrdə hüquqlarının pozulmasını təsbitləyən açıqlaması bu durumu daha dəqiq açıqlayır, qadınların mövcud hüquqi çətinliklərinə ayna tutur. İran İslam Respublikasında Azərbaycan qadınlarının üzləşdikləri hüquq pozuntuları təkcə siyasi sferaya deyil, iqtisadi, sosial statusa da sirayət edir və qadınların mütəmadi şəkildə alçaldılmasının əsasında totalitar diktatura, teokratik rejim və cəmiyyətdə əsrlərdən bəri daşlaşmış patriarxal münasibətlər dayanır. İranda mövcud şəriət qanununun qədim zamanlardan miras qaldığını və qadınları əzən bir funksiya daşıdığını qeyd edir. Belə ki, “1979-cu il İslam İnqilabından sonra fundamentalist prinsiplərin hüquqi müstəviyə tətbiq olunması qadınların bir çox hüquqlarını əllərindən almış, onları de-yure və de-fakto ikinci dərəcəli vətəndaşlara çevirmişdir. Ölkə qanunvericiliyində əksini tapmış boşanma və boşanmadan sonra uşaqla əlaqəli qanunları, irs qanunu və bir çox başqa qanunlar, əslində bu gün İranda yaşayan bütün qadınları məhdudlaşdırır, ancaq qeyri-fars qadınlar əlavə çətinliklərlə də üz-üzədirlər, yəni məhkəmələrdə fars dilini bilməyən qadınlar daha artıq problemlərlə üzləşirlər”. Lalə Cavanşir bu söylədiklərinə örnək olaraq İran İslam Respublikası tərəfindən daş-qalağa məhkum edilən Təbrizli Səkinə xanım Məhəmmədinin adını çəkir və bəyan edir ki, Səkinə Məhəmmədinin vəkilinin sözlərinə görə, Səkinə xanım farsca bilmədiyi üçün məhkəmədə ona oxunan sənədi yaxşı anlamadan imzalamışdı. Lalə Cavanşir İslam rejiminin qadınlarla bağlı məhdudlaşdırıcı qanunları ilə birlikdə cəmiyyətdə geniş yer alan folklor və xalq ədəbiyyatında mövcud bəzi düşüncələri basqılara rəvac verən faktorlar kimi dəyərləndirir və bildirir ki, “Ərimdir, döyər də, sevər də” və “Qızını döyməyən dizini döyər”, (bu izaha “Döyülməyən düyüdən aş olmaz”, “Qızı özbaşına buraxsan ya halvaçıya gedər, ya da zurnaçıya”, “Qız yükü, duz yükü” məsəllərini də əlavə etsək, mənzərə tam aydındır) kimi deyimlər qadınların ikinci dərəcəli insan olması haqda təsəvvürlərdən xəbər verir. Habelə “qeyrətli kişi” və “sərt kişi” konseptlərinin (məfhumlar) cəmiyyətdə müsbət qarşılanması da qadınlara qarşı vacib sayılan məhdudlaşdırıcı təfəkkürdən qaynaqlanır”. Yaxın Şərq mədəniyyətləri üzərində tədqiqatlar aparan araşdırmaçı xanım Azərbaycan türklərinin müsəlman aləmində proqressiv (mütərəqqi) düşüncənin daşıyıcıları olduqlarını, İranda yaşayan Azərbaycan türklərinin Quzey və Türkiyə vasitəsilə Qərb mədəniyyətini daha yaxından tanıdığını və buna görə də İranda qadın hüquqları ilə bağlı hərəkatın önündə getdiklərini də vurğulayaraq İranda qadınların seçib-seçilmək haqqını ilk dəfə 1945-46-cı illərdə Azərbaycan Milli Hökuməti dövründə istifadə etdiklərini nümunə gətirir. Təkcə Lalə Cavanşirin deyil, digər qadınların da bu məsələlərə qarşı etirazları, üsyankar fikirləri poetik təfəkkürlü xanım şairlərin təsəvvürlərindən əsərlərinə köçür. Xanım yazarların bu motivlərə söykənən, etiraz duyğuları ilə yoğrulan ictimai məzmunlu, fəlsəfi tutumlu dəyərli əsərləri bu gün böyük oxucu məhəbbəti qazanmışdır. Ziba Kərbasının nümunə gətirdiyimiz bu şeirində həmin etirazın nidaları birbaşa deyil, sətiraltı mənalarda duyulmaqdadır:

Daha gəlmə!

Ceyran, naqqışlı gedən yollar

Cızıx-cızıxdır.

o taydan bu taya

Ayağımın izini tutub gəlsəydin,

Tutuşardıq.

Tox zəmanənin qoynunda

qucaqlaşardıq...

Həmidə Rəiszadə Səhər də bu düşüncələrin, bu ortamın şairə çevirdiyi xanımlardan biri, Güney ədəbiyyatında yeni şeirin öncüllərindən, sevilən qələm sahiblərindəndir. Nigar Xiyavinin “Gözlüyünü itirmişdi dünya” şeirində demək istədiyi mətləblər və dünyanın məhz gözlüyünü itirməsi səbəbindən baş verən rəzalət və çirkinlikləri görə bilməməsi, insanlar utancdan bir-birinin gözünə baxmamaq üçün sanki yorğanını başına çəkərək gözlərini gizlətmək istəməsi gerçəyi H.R.Səhərin də şirinlərini acıya çevirib, arzularını, diləklərini sürgün edib:

Döyünür ürəyim, deyinir, deyir,

Yer qərib, göy qərib, dam-duvar qərib...

Yarpaqlar sarıdır, ağaclar arıq,

 Şirinlər acıdır, hər nə var qərib...

Ləhzələr upuzun, diləklər sürgün,

Ulduzlar üzünə çevirib börkün,

Bilirəm, istiyir söhbətin, sözün,

Hayana çevirib, hayana çəkə?

Bu çılğın sızlayır səni görməyə...

Bir müşahidəm mənə əsas verir deyim ki, Lalə Cavanşirin söylədiyi həmin haqların, hüquqların pozulması nəticəsində bu gün Güney qadını cəmiyyətdə deyil, evdə, ailədə daha özgür, modern, geniş anlamda qadın -insandır. Güneyli ər bu gün öz qadınına uşaq doğuran, ev-eşiyi yığışdırıb səliqə-sahmana salan, küftə-bozbaş bişirən məişət qadını kimi deyil, bir xanım, bir insan kimi baxır və ev işlərində, məişətin, ailənin problemlərini onunla paylaşır. Quzey Azərbaycanda isə əksər ailələrdə bunun tam əksi müşahidə olunur və qadın hüquqlarının pozulması, məişət zorakılığı adi haldır. Bu tam gerçək, həqiqətdir ki, cəmiyyətdə müəyyən hüquqları, mövqeyi, yeri olan qadın ailədə o mövqeyini qoruya, saxlaya bilmir... Lalə Cavanşirin Səkinə xanım Məhəmmədini cəmiyyətdə hüquqları pozulan qadınların nümayəndəsi kimi, mən isə zəngin mənəviyyatına görə böyük hörmət və sayğı duyduğum Məsumə xanım Şükürzadəni ailəsi, doğmaları arasında hüquqlarını qoruyub saxlayan modern düşüncəli xanımların -bir insan kimi dəyər verilən varlıqların örnəyi olaraq gördüm. Çağdaş şeirdə, nəsrdə, sənətdə də bu iki qütbün ifadəsi parlaq şəkildə öz əksini tapır.

Məlihə Əzizpur, Raziyə İftixari, Rübabə Quluzadə (Sevda), Cəmilə İmamdust, Türkan Urmulu, Ruqiyyə Vəlidi (Günəş), Şərifə Cəfəri, Fəranək Fərid İpək, Sima Səmədi, Lalə Cavanşir, Ruqiyyə Kəbiri, Nigar Xiyavi, Səhər Xiyavi, Səhər Barani, Səkinə Purhəsən, Leyli Kəhali, Ruqiyyə Səfəri, Arzu Muxtari, Ülkər Ucqar, Alma Muğanlı, Bəhnaz Muğanlı, Azadə Darayi, Maral Təbrizli, Çiçək Ağbulut, Nuşin Musəvi, Əkrəm Dorosti, Ulduz Sadiq və b. kimi xanım şairlərin də yaradıcılığında azad Vətən, Ana dili, milli kimliyin tanınması arzuları ilə yanaşı, qadın azadlığı, qadın haqları,  feminizmin diktə etdiyi bir sıra önəmli məsələlər də mühüm yer tutur.

Bir nüansı vurğulamaq gərəkir ki, Azərbaycanda, Türkiyə və ümumən müsəlman-türk ölkələrində qadın geoloq, arxeoloq, texnoloq, həkim-cərrah, hüquqşünas, mühəndis və s. sayı az olduğu kimi, qadın şairlərimizin sayında da kişi yazarlarla müqayisədə azlıq müşahidə olunur. Türkiyəli yazar Murad Bəlgənin fikrincə, bu, “qadınlara yaradılan imkan” kimi ümumi səbəblərlə bağlıdır. Buna rəğmən tək-tük qadın şairimiz var. Xoşbəxtlikdən sonralar ədəbiyyatımızın proza (nəsr/düz yazı) hissəsində qadın yazarların çiçəklənməsi dövrü yarandı. 1960-cı illərin əvvəllərində tərcüməçi kimi ədəbiyyat aləminə daxil olub hamıyla tanış oldum. Yazar qadını bir kənara qoysaq, aramızda heç qadın oxucu da yox idi. Ədəbiyyatımızda kişi kultu aparıcı mövqedə idi. Həyatımızın əksəriyyətini keçirdiyimiz içki masalarında belə, qadın tapılmazdı. Şeirlərdəki o gözəl aşiqanə təsvirlər də eşqə aclığın nəticəsiymiş, deməli...

Düşünürəm ki, qadın haqlarını pozan sistem altında yaşayan bir toplumda yetişən, İran qanunvericiliyində qadının aşağılandığını cəsarətlə gündəmə gətirən gənc şair və hüquqşünas Türkan Urmulu Beynəlxalq Qadınlar Günündə o qədər də xoşbəxt olub xoş hisslər keçirməsə də, belə bir günün qeyd edilməsini qadın haqlarının gündəmə gəlməsi üçün mühüm bir fürsət kimi dəyərləndirir və Murad Bəlgənin də söylədiyi həmin azlığı tarazlaşdırmaq üçün vəsilə sayır: “Qadınları məhdudlaşdırmaq toplumun 50 faizini məhdudlaşdırmaq deməkdir. Məhdudlaşdırma qadınların psixoloji durumuna ciddi təsir göstərir. ...İran cəza qanunlarında qadın bəzən insanın yarısıdır, bəzən də heç yoxdur. İran konstitusiyası qadını insan istehsalı maşını kimi təqdim edir. ...Bütün problemi İslam, yaxud kişilərin üzərinə atmaq doğru deyil. Nəticədə, cəmiyyətdəki hər kişini də bir qadın yetişdirib...”.

Bu gün qadınların da cəmiyyətə patriarxal dəyərlərin hökmranlıq etməsinə görə, məsuliyyət daşıdığını vurğulayan hüquqşünas xanım Güneydə qadın hərəkatı və qadın haqları ilə bağlı fəaliyyəti, vəziyyəti “dəhşətverici sayır və İranda qadın haqlarının tanınması və bu haqqa sahiblənmək üçün açıq şəkildə yürüşlər təşkil etməyin mümkün olmadığını bildirir: “Güney Azərbaycanda qadın hərəkatına ehtiyacımız var və bunun üçün yetərli potensial mövcuddur”.

Eyvaz Tahanın “Şeir, qadın şairlər və feminizm” adlı məqaləsi onun bu sahədə nə qədər irəlidə olduğunun, qadınların həyatını, düşüncələrini, dünyabaxışını dərindən-dərinə bildiyinin göstəricisidir. Feminizm cərəyanının bütün məqamlarını incələyən filosof yazar modernist və postmodernist yazarların bu məsələyə münasibətini maraqlı mülahizələrlə açıqlayır və qadın şairlərin əsərlərində qarşı cinsin nümayəndələrinə təsir edən qarşıdurmanın səbəblərini göstərir. E.Tahanın iki əks cinsin sevişməsi məsələsinə də son dərəcə obyektiv baxışını görürük. Eyvaz Taha “iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır”, - deyəndə də doğru nəticəyə gəlir. Çünki sevgili olan iki insan ruhən bir-birini tamamladıqda, ruhibir olduqda əsl sevgi yaranır. Xoşbəxt cütlük xoşbəxt həyatın təməlidir. Qadınların xoşbəxt olması, qadın haqları, qadın azadlığı onun yazısının ana xəttidir.

Qadın haqları, feminizm Güney və Quzey Azərbaycan ədəbiyyatına, o cümlədən Türkiyə ədəbiyyatına da modernizm cərəyanının gətirdiyi məsələlərdəndir. Eyvaz Taha bu prosesin keçmişini, tarixini vərəqləyir, faktlara və məntiqə söykənən əsərlərində qadını özünün təbii kimliyi ilə tarixin yetirməsi sayır, qadının gerçək durumunu onun varlığına göz yummuş kişilərin tarixi kimi şərh edir: “Çağdaş dünyada qadın qaçılmaz bir yoldadır. O, evin dörd divarından eşiyə çıxsınmı, çıxmasınmı? Bundan öncə, qızın ata evində qul kimi yaşaması, azadlığa yönəlmiş meyli onu ürəyində qızışdırırdı. Amma bu meyil nə evlənməklə razılığa qovuşurdu, nə də eşikdəki hər hansı bir yerdə əylənməklə. Evlənməkdə gördüyü məhəbbət, onu ikinci dərəcəli varlıq statusundan daha yüksəklərə qaldıra bilmirdi. Əylənməyə gəldikdə, iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır. Burada, əlbəttə, pozğunluğu nəzərdə tutmuram, çünki pozğunluq xəstəlik hallarına daxildir. Burada söhbət sərbəst sevgidən gedir: istədiyi kişi ilə sevişməkdən. Amma belə anlarda da qadın evdən eşiyə çıxarkən bir işlə bağlanmalıdır, bir məşğulluqla. Nə yazıq ki, hər bir işin və ya ictimai görəvin qapısı qızın üzünə açıldıqda, sevginin görüşünə qapanır. Çağdaş dünyada qadın çıxılmaz bir yoldadır. O, evdən çıxıbdır və daha evdəki köhnə çərçivəyə qayıda bilmir. Eşikdə isə özünü razı sala bilmir. Qadın, ancaq kişi qulluğunda dayanmış indiki quruluşları dağıtmaqla, bilim, incəsənət və düşüncə alanlarında səsini ucaltmaqla, bu çıxılmazlığı poza bilər...”.  

Kişilər tərəfindən bu tip fərqləndirmə və aşağılamalara “Əsl sənət adamı öz xalqının ürəyini həmişə əllərində gəzdirir. Ürək dediyin isə iki işdə ustadır: nifrətdə və sevgidə”, - deyən ölməz Nazim Hikmət “Kimi der ki, kadın” şeirini yazaraq dünyanın bütün qadınlarına: Sən ən böyük, ən fədakar insansan, sən kişinin dostu, arxası, dayağı, sevgilisi, anası, bacısı, sağlığı, rahatlığı, könlünün sultanı, həyatın özüsən! - hayqırtısını duyuran odlu bir sevgi, səmimi, içdən bir eşq etirafını etdi və bütün modernist yazarları arxasınca aparmağı bacardı:

Kimi der ki, kadın

Uzun kış gecelerinde yatmak içindir.
Kimi der ki, kadın
Yeşil bir harman yerinde
Dokuz zilli köçek gibi oynatmak içindir.
Kimi der ki ayalimdir,
Boynumda taşıdığım vebalimdir.
Kimi der ki hamur yoğuran.
Kimi der ki çocuk doğuran.
Ne o, ne bu, ne döşek, ne köçek, ne ayal, ne vebal.
O benim kollarım, bacaklarım, başımdır.
Yavrum, annem, karım, kız kardeşim...

Bu çağırışa ilk cavab verənlərdən biri olan və “Benim tüm mevsimlerimde bir kadın şarkı söyler”, -deyən dr.Rza Bərahəni sivil dünyanın qanunlarına uyğun düşüncə sahibi olaraq qadın haqları ilə bağlı bir çox həmcinslərindən fərqli, daha rasional düşüncələr dilə gətirdi: “Mən 40-50 il milli demokratik haqlar üzərində çalışmışam. Dil azadlığı mənim məqsədlərimdən biri olub. Senzura ilə mübarizələrə qoşulmuşam. Yoxsul ailədən gəldiyimə görə siniflər məsələsi həmişə mənim fikrimi məşğul edib və mən 40-45 il əvvəldən indiyə kimi qadınların kişilərlə bərabər haqlara sahib olmalarını müdafiə etmişəm”. Əslində, elə bu haqların qısıtlanması feminizmə qol-qanad vermişdir!.

Kiyan Xiyavın “Ancaq qadın...", Ramin Cahangizadənin “Qadın yağışı”, İsmayıl Cəmilinin “Qadın, xanım, xatın, ana” şeirlərində mövzuya əks cinsin içdən, həssas və obyektiv yanaşması, münasibəti görünür. Hər üç şair qadın haqq və hüquqları, qadını adi yaratdıq, yarım adam, ikinci dərəcəli şəxs, yaxud müənnəs -dişi varlıq, xəmir yoğuran, uşaq doğuran, arvad, başının bəlası kimi deyil, insan, həyatın özü, yaşam qaynağı, kişinin başının tacı, könlünün sultanı kimi yanaşma, dəyərini bilmə tendensiyası üstünlük qazanır, bu yön qabarıqlaşır. Kiyan Xiyavın haqsızlığa uğrayan və öz haqqını qoruyan qadınların dili ilə söylədiyi “Barmaqlarını, feminist soxma gözümə!” nidasının da yer aldığı “Ancaq qadın..." şeirində oxucu bütün dünyanın, həyatın məhz qadının zərif çiyinlərində durduğu həqiqətinə inanır. Şair bu durumda olan həyat yoldaşına anlatmaq istəyir ki: “Mən ürək adamıyam, bir görüşdə tanıyıram sənin necə köklü-kökənli olduğunu... Nə özünü yaranışın ikinci cinsinə, nə də məni niçənin qamçısına düyünləmə”.

Dünya yalnız sizin haqqınızı tanımayan kişilərdən ibarət deyil, yaşamın dadını sizdə bulanlar adınıza dizələr həsr ediblər, sizsiz yaşamaq mümkünsüz, mənimkimilərin işi birbaşa sevməkdir. Özünü iydə ağacı kimi üstün tut! Nə gözəl, nə də özgür bir tanrıçasan, sənin yalnız bir adın var: Qadın! Və sənin dəyərini bilirəm: Anam bir qadın idi, bacım bir qadın, Nazlıca qızım da bir qadın olacaq və sən, sevgilim, qadınımsan, İnsanlıqdan könül alma ustası!.. Mən bir insan sevirəm, Bir qadın deyil, Bir insan!.. İsmayıl Cəmilinin “Qadın, xanım, xatın, ana” şeirində də eyni motiv yer alır, amma qadının insan həyatındakı mövqeyinə, əvəzsiz roluna bir qədər də dərindən nəzər salınır: 

Canından can payı verən insana,

Yaşam bağışlayan cahana

Qadın sevgi ocağı,

Sevda sarayının çiçəkdən tacı

Qadın Rəhmətinin nemətilə,

Dərdlərimiz tapan dərman

Qarşılıq gözləmədən, istəmədən,

Ömrün-günün edən ehsan.

 “Quzeyi Güneyə düyünləyib” böyük Vətənin iki parçası arasında həsrətə gerçəkdən də son qoyulacağı günü gözləyən Rəsul Qədirinin yalanlar üzərində qurulmuş və saxta qanunlarla idarə edilən, bünövrəsi artıq illər öncədən çürüməkdə olan, haqq-ədalət anlayışı unudulan bir cəmiyyətin çürük qanunlarına, xalqı idarəetmə qaydalarına, qadınlarının kölə vəziyyətinə, hüquqsuzluğuna qarşı etiraz səsi sanki şeirdən-şeirə ucalır, qadın haqları, azadlıq duyğuları, özgürlük məsələləri gündəmə gəlir və o, qadını öz haqları uğrunda açıq mübarizəyə çağırır.

Çox maraqlı şeirdir və ilginc bir məsələ-qadın haqları əks cinsə mənsub şair tərəfindən gündəmə gətirilir. Mahatma Qandi və Oşhonun  (Bhagwan Shree Rajneesh) əsərlərində qadınlara bir yazar-insan-kişi tərəfindən ən yüksək dəyər verildiyini, M.Qandinin özünü bir qadının yerinə qoyub onun çəkdiklərini anlamaq üçün cəhdlər göstərdiyini də oxumuşdum. Rəsul bəy də bu mövzunu seçir və eyni mövzuya özəl bir baxış sərgiləyir. Nazim Hikmət, Süleyman Cəfərli, Kiyan Xiyav və digər şairlər kimi, o da şeirdə “Sevilməyi gözləmə, sevməyə başla!” formulunu verir. Bu isə həyatsevərliyin və dirənişin, insanca yaşamaq kimi təbii bir istəyin ən gözəl formuludu... Qadına, doğurucu varlığa Rəsul Qədirinin özəl yanaşması, baxışı, dəyərləndirməsidir:  

...Kainat dörd təməl ünsürdən oluşub deyənlər, 
səni görməyiblər nə yaxşı... 
Qəmlərini selə, saçlarını yelə tapşır, 
Gözlərindən od yağır mənə baxanda, 
Əllərin torpaq qoxuyur, 
Yaradan o dörd ünsürün ikisini, sənin xətrinə yaradıb, 
Başqa ikisini də pay veribdir sənə, 
Mənsə, ancaq sənə baxıb sevdalanmağa yaranmışam...

Bir yazımın adı da eynən belədir: “Sevilməyi düşünmə, sevməyi öyrən...” və bu başlığı Ərgin Əfşar - Siyamək Hüseynəlizadə Ərginin sərbəst-minimal şeirlərinin içərisindən seçmişdim. Düşünürəm ki, böyük sevgilər, bu sevginin qoşa qanadlarından biri olan qadına hörmət, diqqət və ehtiram, əslində sevməyi öyrənməkdən, bacarmaqdan, bu yolda hər bir fədakarlığa hazır olmaqdan, yəni eyni qaynaqdan başlanır. Şübhə yoxdur ki, Rəsul bəyin bu şeirini ən azından qadınlar çox sevəcək və bir daha inanacaqlar ki, doğrudan da, qadın böyük qüvvədir!.. Və şairin: “Ehtiyatlı olun əziz kişilər, ağlatmayın qadınları, qadın ağlarsa, dünyanı sellər aparar”, - ismarıcı, böyük anlamda qadına ünvanladığı “dünyaya - mənə yazığın gəlmirmi heç?” sualı isə əslində əks cinsi dərindən düşündürməlidir:

Ağlayan qadınların göz yaşlarından kükrəyən sellərin yaranmaması və dünyanı aparmaması üçün şair yüksəkdən səslənir və: Seçim sənin­dir, haqqına dirən Qadın! – deyir... “Hər şeyi bir dodaq gülüşünə, iki fincan baxışına və yaşamından bircə sətirinə... qurban olsun, səni tapdığım gün, özümü səndə itirmişəm, sevgilim...” dərəcəsində sevən Rəsul Qədiri sevgidə yiyəlik, sahiblik prinsipini qəbul etmir, ortaqlığın daha doğru olduğunu sayır və uca Yaradanın insanları yalnız yaratdığını xatırladır. Başqaları ilə ortaq şeylərin olsa da, şəxs olaraq özgür olmağa çalışmağın gərəkliliyini önə çəkir.

Məsud Harayın dünyaya can bağışlayan önəmli varlıqlara yanaşmasında da Nazim Hikmət baxışı var, onun üçün də qadın qandır, anadır, bacıdır, sevgilidir, şairanəlikdir. Ancaq Məsudun bu sıralamasında bir fərqlilik də özünü göstərir: Qadın köksündə həyat becərən torpaqdır..

 Qadın  qandır Damarlarda dolanan,

 Ürəkləri dolaşan, Güllü-çiçəkli dolaşıqdır.

 ‫ Qadın anamdır, Qucağı əmin-amanlıqdır.

 Qadın bacımdır... ‫Saçları, Meh yelidir,

 Qızmar ruzgarda sərinliyimdir.

 ‫Qadın topraqdır.

 Köksündə cücərdir həyatı.

Qadın şeh muncuğudur.

 ‫Qadın sənsən -

 Ən gözəl şairanəliyim...   

Qadın yazarların təfəkkür, fikir aynası olan əsərlərinə hansı baxış bucağından yanaşsaq, bir həqiqət nəzərdən qaçmır: “Qadın dünyaya sevgi bağışlar (P.Etisami)...”.

Bu sevginin içində tapır xoşbəxtliyi kişi də, dünya da... “Qadın gülərsə, şu issız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək...” gerçəyini bilməyən varmı?! Azərbaycan cəmiyyətində, İslam ölkələrində bu gerçəyi əmələ çevirənlər necə?!

Esmira FUAD,

filologiya elmləri doktoru.