Unudulmayan qəhrəmanlar
Region

Unudulmayan qəhrəmanlar

Dağlar diyarı Yardımlı rayonu həmişə öz qəhrəman övladları hesabına yaxşı ad qoymuşdur. Vətən müharibəsində canı bahasına qəhrəmanlıq salnaməsini yazaraq xalqımıza şanlı qələbə sevinci yaşadan minlərlə qeyrətli oğullar sırasında Yardımlı gəncləri də vardır. Azərbaycanın bütövlüyü uğrunda müharibə meydanında son nəfəsinə qədər döyüşüb şəhidlik zirvəsinə ucalan Şamil Mirzəyevin və Siruz Şirbəylinin adları indi bu dağlar diyarında böyük qürurla çəkilir. Öz şərəfli ölümləri ilə millətinə başucalığı gətirən, milyonların ürəyində əzəmətli abidə ucaldan hər iki şəhidin əziz xatirəsi ehtiramla anılıb.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatın məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və Birinci, İkinci Qarabağ müharibəsi veteranlarının qatıldığı mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, ehtiram əlaməti olaraq təzə güllərdən çələng düzüblər.

Mərasimdə Vətəni canından üstün tutan şəhidlərin şərəfli ömür və döyüş yolundan, odlar yurdu, dahilər beşiyi Azərbaycanımızın ərazi bütövlüyü uğrunda gedən 44 günlük haqq savaşımızda göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı qələbədən, bu zəfərin tarixi əhəmiyyətindən danışıblar. O, da bildirilib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, onu qazananlar isə qürur mənbəyimizdir. Şəhidlərin ömür yolları nə qədər qısa olsa da, gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinə daim ehtiramla yanaşıldığına görə hər kəsə minnətdarlıqlarını ifadə ediblər.

Şəhid Şamil Mirzəyevin döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şücaətə görə", Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunmasına görə medallarla təltif edilib. Vətən sevdalı Siruz Şirbəyli isə "Vətən uğrunda", Xocavəndin, Şuşanın azad olunmasına görə medallara layiq görülüb.


Əbədiyyətə aparan şərəfli ömür

Zabil Fikrət oğlu İbadzadə İkinci Qarabağ müharibəsində müqəddəsliyinə tapındığı doğma Azərbaycan qarşısında layiqli bir övlad kimi son borcunu şərəflə verib. Qəhrəman şəhidimiz Qubadlının azadlığı uğrunda elə bir tarix yazıb ki, heç zaman unudulmaz. Məhz elə bu igidliyə görə bütün lənkəranlılar onunla fəxr edir, qürur duyur.

Bu günlər Lənkəranın Ürgə kəndində Zabil İbadzadənin xatirəsinə ucaldılan bulaq kompleksinin açılış mərasimi olub. Rayon rəhbərləri, ziyalılar, sadə zəhmət adamları bulaq kompleksinin önünə təzə gül dəstələri qoydular.

Çıxış edənlər qeyd etdilər ki, 44 günə zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində minlərlə qeyrətli Vətən oğlu kimi Zabil də xüsusi qəhrəmanlıq nümunəsi göstəribdir. Ömrünü Vətəni üçün yaşayıb şəhidlik zirvəsinə ucalan igidimiz cismən aramızdan getsə də, mənən qəlbimizdə yaşayır. Onun şərəfli həyat yolu nəsillərə örnək olacaqdır. Ağır müharibə meydanında dövlətimiz də igidimiz Zabil İbadzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", Qubadlının, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.


Elin igid oğulları

Milli Qəhrəman Əsgər Ələsgər oğlu Əliyev, Soltan Məmməd oğlu Əliyev, Füzuli Əvəz oğlu Nəsirli, Natiq Şirəli oğlu Aslanov. Bu adlar cənub mirvarisi Lənkəranın Haftoni qəsəbəsinin ən yaraşıqlı guşəsində qərar tutan, uzaqdan belə adamın diqqətini çəkən şəhidlərin xatirəsinə ucaldılan bulaq kompleksinə həkk olunub. Elin qəhrəman oğulları doğma Azərbaycanımızın qeyrətini hər şeydən əziz tutaraq bu yolda canını qurban veriblər.

Xatirə kompleksinin açılışını Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid qardaşı Səfail Əliyevlə birgə etdilər. Dövlət Himni oxundu, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. İcra başçısı T.Qaraşov bildirdi ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da şəhidlərin adına çoxsaylı bulaq və xatirə komplekslərinin tikilişi həyata keçirilir və bunlar vətəndaşların şəxsi təşəbbüsləri hesabına başa gəlir. Bu, xalqın öz şəhid övladlarına olan hörmət və diqqətinin təzahürüdür. Vətən müharibəsindəki qələbəmizlə Birinci Qarabağ döyüşləri zamanı şəhid olanların qisası da alındı. Xatirə komplekslərinin inşası həm də vətənpərvərliyin təbliği, hünər göstərib şəhidlik zirvəsinə ucalanların qəhrəmanlığının gələcək nəsillərə ötürülməsinin əyani nümunə və təbliğat vasitəsidir. 44 gün çəkən İkinci Qarabağ savaşında şanlı qələbə qazandıq. İcra başçısı çıxışının axırında vurğuladı ki, öz şərəfli ölümü ilə xalqına, millətinə başucalığı gətirən qəhrəmanların adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə xüsusi diqqət və qayğının göstərilməsi dövlət siyasəti olaraq ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

Şəhid qardaşı Səfail Əliyev isə bildirdi ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız, dövlətimiz qəhrəman övladlarının şücaətinə daim yüksək dəyər verir, şəhidlərin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Mənim qardaşım da onların sırasında olmaqla... Bütün bunlara görə minnətdarıq.

Zəfər ORUCOĞLU.