Qəhrəmanlıq salnaməsi
Siyasət

Qəhrəmanlıq salnaməsi

21 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisi  "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərar qəbul edib

Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi dövrdə 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verib. Belə ki, Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilən "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərarda 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında "Milli Matəm Günü" kimi qeyd olunması əksini tapıb. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılıb, "1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı" qəbul olunub. Lakin ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri və xüsusi təyinatlılar tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulub, faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını gözündə qoymaq idi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar".

Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən qanlı cinayətə ilk dəfə etirazını bildirib, bəyanatla çıxış edərək faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, ulu öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırdı.

 Beləliklə də, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Xalqın şəhidlikdən keçən mübarizə yolu dövlət müstəqilliyinin bərpasının qarantı oldu. Dünya gördü ki, bu xalq yaranışından azadlıq, müstəqillik cəfakeşi olub. Yanvar faciəsi - ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də öz şəhidləri ilə vidalaşdı. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Bu tarixi faciə Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. Xalq müstəqilliyi naminə şəhid olanları son mənzilə ehtiramla yola saldı. Şəhidlər Azadlıq Meydanından Dağüstü Parka kimi çiyinlərdə aparıldı, şəhərin ən hündür yerində  dəfn edildi. İndi ora Şəhidlər Xiyabanı adlanır.

Ulu öndər Heydər Əliyevin 2000-ci il yanvar ayının 17-də imzaladığı fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidi" adı verildi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısı 19 yanvar 2006-cı il tarixdə "20 Yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərman imzalamış, ölkə başçısının tapşırığı ilə Şəhidlər Xiyabanında Şərq memarlığı üslubunda əsaslı təmir və yenidənqurma işləri aparılmış, Bakıda, metronun "20 Yanvar" stansiyası üzərindəki ərazidə 20 Yanvar şəhidlərinin xatirəsinə Memorial Abidə-Kompleksi ucaldılmışdır. Azərbaycanın Milli qəhrəmanlarının, 20 Yanvar faciəsində, torpaqlarımızın müdafiəsi zamanı şəhid olanların ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına Prezident təqaüdləri təyin edilmişdir.

Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsi daim əziz tutulur. "1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar", - deyən ölkə Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qazandığı Zəfər şəhidlərimizin ruhuna ehtiram olmaqla yanaşı, həm də xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməcəyinə təminat verir.

Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizdir.

Mustafa KAMAL,

"Respublika".