Cənubdan səslər...
Güneydən səslər

Cənubdan səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

Bu gün Güneydə türkcə yazmaq özü-özlüyündə bir savaşdır...

Hindistanın keçmiş baş naziri Mahatma Qandi yazırdı: "Dünyada bu qədər insanın diri qalması göstərir ki, dünya silahların gücünə deyil, həqiqət və məhəbbətə güvənmişdir. Həqiqətin və məhəbbətin danılmaz gücü bu gerçəklikdə qorunur ki, böyük dünya savaşlarına, yüz minlərcə ailələrin həyatının pərişan edilməsinə, söndürülməsinə baxmayaraq, həyat davam etməkdədir. Tarix yalnızca məhəbbətin qırılma və yenilmə olaylarını yazmışdır. Olayın dərinliyinə diqqət etməmişdir. Ancaq ən son amac insan olmalıdır".

Ən son amacı insan, həqiqət və məhəbbət olanlardan - çağdaş Güney yazarlarından, bir əsrə yaxın müddətdə onların mübarizə və söz cəbhəsindəki çabaları nəticəsində yaratdıqları ədəbiyyatın son durumundan, Güneydə cərəyan edən ədəbi prosesdən söz açmaqdır məqsədimiz...

Qloballaşma və Qərbə - Avropaya inteqrasiya dövründə, nə gözəl ki, Çağdaş Güney Azərbaycan ədəbiyyatı öz mövcudluğunu qoruyub saxlayır. Bu anlayışı formalaşdıran gücün - Güney yazarlarının yaratdığı böyük ədəbi-bədii irs, son dönəmlərdə isə dinamik inkişafı ilə diqqət çəkən modern ədəbiyyat fərqli müstəvilərdə dartışma-mübahisə mövzusuna da çevrilməkdədir. Ancaq Çağdaş Güney Azərbaycan ədəbiyyatı bugünkü səviyyəyə çatanadək beş inkişaf mərhələsi keçmişdir. Bu inkişaf mərhələlərinin dördü - Məşrutə (1906-1911), Xiyabani hərəkatı (1920), 21 Azər İnqilabı-Milli Hökumət və hələlik sonuncu - 1978-1979-cu illər İran İslam İnqilabı dövrü siyasi, beşincisi, Ağ inqilab dövrü isə ədəbi müstəvidə təzahür etmişdir. Təbii ki, bu dövrlərdə cərəyan edən ictimai-siyasi hadisələrin təsirindən yaranan ədəbiyyat, söz sənəti də istisnasız olaraq bu inkişaf mərhələlərini keçməli olmuşdur. Lakin 1960-cı illərdən başlayaraq İranda və Güney Azərbaycanda "Şeiri-no" hərəkatı, Ağ şeir-Ağ inqilab dalğası da kükrəmişdir ki, məhz həmin mədəni inqilab bu coğrafi məkanda çağdaşlaşma-modernləşmə prosesini gücləndirmişdir.

Bu bir həqiqətdir ki, Güneydə ədəbiyyatın yeni ictimai məzmun kəsb etməsi, yeniləşmə-çağdaşlaşma prosesinə keçidi Məşrutə inqilabı dövründən etibarən başlanmışdı. Qeyd etməyi gərəkli sayırıq ki, XX əsrin əvvəllərində hələ 1918-1919-cu illərdən etibarən rüşeymləri qoyulmuş modernləşmə prosesinin önündə məhz Tağı xan Rüfət gəlirdi.

İranda və Güney Azərbaycanda sərbəst-yeni şeirin təməlini qoymuş Tağı xan Rüfət (Şəms xanım Kəsmayi, Cəfər Xamneyi, Yəhya Ariyanpur ilə birlikdə) Şeyx Məhəmməd Xiyabani ilə eyni cəbhədə mübarizə aparmış və hər şeyi - sənətini, şeirini, hətta canını belə ustadı və əqidəsi yolunda qurban vermişdi. Novator şairin qənaətinə görə, ədəbi yenilik ədəbiyyata xas bir olay deyil, bəlkə bir sosial və milli məsələdir. Onun gənclərə və əqidədaşlarına tövsiyələrini əməli işə çevirən Güney yazarları bu gün sərbəst düşünüb hiss etdiklərini yazır, gerçəyə, həyat həqiqətlərinə və elmə dayanan əsərlər yaradır, ustad Şəhriyar, Həbib Sahir, Səhənd, Səməd Behrəngi, Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə Səhər, Mərziyə Üskülü, Qulamhüseyn Səidi, Əbdürrəhman Talıbov və digərlərinin yolunu uğurla davam etdirirlər.

Güney Azərbaycan poeziyası və nəsrində, bütövlükdə ədəbiyyatında bu proses 2013-cü ildə də dinamik sürətlə inkişaf etmişdir. Şair və yazıçılar çağdaş və modern şeir, yaxud nəsr əsəri yazmaq üçün təbii ki, ilk öncə çağdaş və modern bir dilin gərəkliliyini dərindən dərk edir və bu istiqamətdə də uğurlu addımlar atırlar. Təəssüflər olsun ki, Güneydə ana dilinin - Azərbaycan türkcəsinin uzun illər boyu yasaqlanması, məktəblərdə təhsilin fars dilində olması öz fəsadlarını vermiş, ədəbi dilin inkişafı ləngimişdir. Rza şah Pəhləvi hakimiyyətə gəldikdən, yəni 1925-ci ildən sonra Azərbaycan türkcəsinin qəti şəkildə qadağan olunmasının, xalqın milli haqq və hüquqlarının əlindən alınmasının əsas səbəbləri hakim rejimin və tərəfdarlarının başladıqları iranlılaşma, farslaşdırma siyasətində idi. Müasir fars millətçiliyi "modernləşmə və qərbliləşməni ayrılmaz bir bütün olaraq öz içində birləşdirmişdi. Bu nəzəriyyənin təməlini ilk dəfə çökdürən Mirzə Fətəli Axundzadə olmuşdur", - deyən Arif Kəskin "Fars millətçiliyinin iç üzü" adlı yazısında müasir fars millətçiliyinin nəzəri inkişafının erməni əsilli Mirzə Mülküm xanla yeni bir mərhələyə qədəm qoyduğunu da diqqət mərkəzində saxlayaraq yazır: "Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda erməni ailəsində dünyaya göz açmışdır. Mülküm xan Fransada təhsil almış, İranda "Fəramuşxanə" adlı bir masson təşkilatı da qurmuşdur. "Qanun" qəzetini nəşr edən Mülküm xan müasir cəmiyyət qurmaq məqsədini güdürdü. Fars millətçiliyi onun təfəkküründə təməl prinsip hesab olunurdu. Onun bu fəaliyyəti fars millətçiliyinin inkişafı üçün ilham qaynağı olmuşdur. Bu siyasəti yürüdən müasir fars millətçiləri üçün İranda böyük təhlükə türklər, sonra isə İslam və ərəblər idi. Fars dili və ari irqi İranın milli və tarixi kimliyi olaraq qəbul edilirdi. Berlində çıxan, İranın 40-a yaxın şəhərində oxunan və yaxşı tanınan "İranşəhr" dərgisinin yazdığına görə, İranın ən böyük problemi etnikçilik və regionçuluqdur: "Bu problem o qədər ciddidir ki, xaricdə yaşayan hər bir iranlıdan haralı olduğu soruşulduğu vaxt anadan olduğu yerin adını deyir. Biz regional firqələri, dilləri, geyimləri, adət və ənənələri məhv etməliyik".

Məşrutə dövründə yaranmış modern ifadə olan "millət" termini sadə əməkçi insanların təmsil olunduğu rəiyyət (ərəbcə) ifadəsini əvəzlədi. Əlbəttə, Pəhləvi xanədanının "Modern millət" anlayışı əsasən milli ayrı-seçkilik-nasionalizm, sekulyarizm, şahlıq-taxt-tac ənənələri, azad bazar iqtisadiyyatı, əski İran tarixinə heyranlıq, eləcə də hərbçilik təməlləri üzərində boy verirdi və təbii ki, İranda yaşayan digər xalqların, həmçinin Azərbaycan türklərinin də əleyhinə idi. Çünki bu heyranlıq nəticəsində Türk dili və Türk kimliyi köşəyə sıxışdırılırdı...

Bu qadağalar 1945-1946-cı illərdə qurulmuş Milli Hökumət zamanında tamamilə aradan qaldırılıb çağdaş fars millətçiliyinin inkişafı prosesi dayandırılsa da, bir il keçməmiş Güney Azərbaycanın intəhasız üfüqlərində doğmuş azadlıq günəşi qan içində boğuldu. Milli Hökumət ləğv edildi və türkçülük yenidən buxovlandı... Təxminən 9 il sonra, 1954-cü ildə ustad Şəhriyarın "Heydərbabaya salam" poemasının nəşr olunması sükut buzunu sındırdı. Daha sonra Həbib Sahirin silsilə şeirlərinin, Səhəndin "Sazımın sözü", "Dədəmin kitabı" və "Qardaş andı" trilogiyasının, Səməd Behrəngi, Oxtay, Səhər, Mərziyə Üskülü, Həmid Nitqi, Haşım Tərlan, Qulamhüseyn Səidi, Sönməz, Savalan, M.H.Kərimi, Yalqız, Haray, Yanar, Əli Daşqın kimi neçə-neçə yazarın qadağalara rəğmən davamlı olaraq bədii yaradıcılıqla məşğul olmaları daha güclü, daha iti, sərrast təfəkkürlü, cəsarətli gənclərin təmsil olunduğu yeni ədəbiyyat dalğasının yaranmasına gətirib çıxardı. Lakin ana dilinin yasaqlanması türkcənin inkişafını ləngidirdi və bu ləngimə nəticəsində də təhsilini yad dildə - farsca alan gənclər çaş-baş qalırdılar. Məhz bu çaşqınlıq Güney yazarlarının bir qisminin Türkiyə türkcəsini, bir qisminin Quzey Azərbaycanda mövcud olan ütülü ədəbi dili, bir qismininsə klassik şeir dilini əsas götürərək yazıb-yaratmalarına səbəb olmuşdur. Maraqlıdır ki, çağdaş dövrdə Güneydə yetişmiş yeni nəsil Hadi Qaraçayın: "Bu gün türkcə yazmaq, içində bulunduğumuz bu siyasal, bu toplumsal kontekstlərin gərəksimi, zərurətidir. Bu gün türkcə yazmaq, siyasal savaşımızdan qazanmaq istədiyimiz bir hüquq, bir keyfiyyətdir. Bu gün türkcə yazmaq, həm də bir çoxlarına "Türkcə də yazmaq olar", - gerçəyini aşılamaqdır, bu həqiqəti anlayaraq mübarizə, mücadilə yoluna çıxmaqdır. Çünki dil - ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Dil uğrunda savaş əslində ulusal müəyyənlik uğrunda savaşdır".

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.