QALİB ÖLKƏNİN ƏDLİYYƏ İŞÇİSİ OLMAQ QÜRURVERİCİDİR
Digər xəbərlər

QALİB ÖLKƏNİN ƏDLİYYƏ İŞÇİSİ OLMAQ QÜRURVERİCİDİR

Azərbaycan Şərqdə ilk dəfə demokratik dövlət quran ölkə olmuşdur. Ədliyyə Nazirliyi birinci yaranan dövlət qurumudur. Bu sistemin formalaşması zamanın tələbi idi. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti təsis edildiyi gün respublika Ədliyyə Nazirliyi yaradılmış, ilk Ədliyyə naziri Xəlil bəy Xasməmmədov olmuşdur. Elə həmin andan ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilmişdir. Çox az fəaliyyət göstərsə də, nazirlik bir sıra vacib məsələlərin həyata keçirilməsinə nail oldu. Təəssüf hissilə qeyd etmək lazımdır ki, Şərqdə yaranan ilk demokratik respublikanın mövcudluğuna imkan verilmədi. 1920-ci il aprel ayının 27-də Azərbaycan Cümhuriyyəti bolşeviklərin işğalına məruz qaldı. Digər qurumlar kimi, Ədliyyə Nazirliyi də fəaliyyətini dayandırmalı oldu. 1920-ci ildən 1970-ci ilədək nazirlik müxtəlif formalarda fəaliyyət göstərmiş, həmin dövrdə demək olar ki, nazirliyə olan biganə münasibət nəticəsində bu vacib sahənin normal fəaliyyətinə imkan yaranmamışdır.

1969-cu ildə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbər təyin olunması ilə bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də köklü dəyişikliklər baş verdi. Ədliyyə Nazirliyinə yüksək səlahiyyətlər verildi. 1991-ci ildə xalqımız sovet buxovundan xilas oldu. Doğma Azərbaycanımız ikinci dəfə müstəqillik şərbətini daddı. Lakin müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də ürəkaçan mənzərəni görmək mümkün olmadı. Ozamankı hakimiyyət davası, mövcud olan xaos, özbaşınalıq şübhəsiz ki, bütün sahələrə öz mənfi təsirini göstərirdi. Ən başlıcası isə kadr çatışmazlığı, qeyri-ixtisas sahiblərinin yüksək, məsuliyyətli vəzifələrə təyinatı, iş şəraitinin qənaətbəxş olmaması və başqa xoşagəlməz faktorlar insanların bu sahəyə inamını minimuma endirmişdi. Həmin zamanlarda xalqın müdrik, ağıllı bir rəhbərə ehtiyacı var idi. 1993-cü ildə xalqın israrlı təkidi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişi ilə ölkəmiz, o cümlədən Ədliyyə Nazirliyi özünün əsl inkişaf mərhələsinə qədəm qoydu. Ədliyyə sistemində əhəmiyyətli islahatlara start verildi. Səlahiyyətləri artırıldı, beləliklə, nazirliyin cəmiyyətdə rolu bərpa olundu. Ümummilli liderin bu sahədə çalışanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk nizamnaməsi təsdiq edildi.

22 Noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günü təsis olundu. Nazirliyin ştat vahidi artırıldı ki, bu da işin keyfiyyətinə birbaşa müsbət təsir göstərdi. İşçilərin normal fəaliyyət göstərmələri üçün hər yerdə müasir standartlara cavab verən, zəruri avadanlıqlarla təchiz olunmuş möhtəşəm binalar tikilib istifadəyə verildi. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr digər sahələrlə yanaşı, ədliyyə sisteminin müasir inkişafına öz bəhrəsini verməkdədir. Savadlı kadrların yetişdirilməsi, işə qəbulda şəffaflığın təmin olunması üçün tam münbit şərait yaradılmışdır. Vətəndaş hüquqlarının qorunması daim prioritet təşkil edir. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra 2006-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək üçün bir sıra vacib sənədlər qəbul olundu. 18 aprel 2006-cı il tarixli Fərmanla Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək nazirliyə hüquq-mühafizə orqanı statusu verilmişdir. Eyni zamanda "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır. Bundan başqa, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı", Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq olundu. Təsdiq olunmuş bütün qərar və sərəncamlar ədliyyənin müasir inkişafına, ədalətlilik prinsipinin qorunmasına, xalqa xidmətdə şəffaflığın təmin edilməsi və beynəlxalq qaydalara əməl olunmasına hesablanmışdır.

Nazirliyin digər sahələrində olduğu kimi, notariat sistemində də əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Vətəndaşlara göstərilən notarial xidmətlərdə şəffaflığın qorunması diqqətdə saxlanılır. Notariat ofisləri müasir, zəruri avadanlıqlarla təchiz olunmuşdur. Xidmət haqqının onlayn qaydada ödənməsi, xidmətlərin operativ qaydada tez göstərilməsi üçün hər cür şərait yaradılmışdır ki, bu da vətəndaş məmnunluğuna səbəb olur.

Məlum olduğu kimi, mənfur düşmən bəzi ermənipərəst dövlətlərin dəstəyi ilə müqəddəs torpaqlarımızı işğal edərək 30 il əsarətdə saxladı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid, cəsur Azərbaycan əsgərləri qorxaq, aciz erməni ordusunu darmadağın etdi. Müharibədə biabırçı şəkildə məğlub olduğunu görən Ermənistan rəhbərliyi kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Müzəffər Azərbaycan Ordusu 8 noyabr 2020-ci ildə zəfər çaldı, xalqımıza tarixi qələbə sevincini yaşamaq qismət oldu. İşğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı quruculuq-abadlıq işləri o yerlərin əsl sakinlərinin doğma torpaqlarına qayıtmasına şərait yaratmışdır.

Tezliklə digər dövlət qurumları kimi, ədliyyə işçilərinin də o yerlərdə fəaliyyət göstərəcəyi günü səbirsizliklə gözləyirik. Qalib bir ölkənin ədliyyə sistemində çalışmaq qürurvericidir.

Sabit MUSAYEV,

Ağstafa rayon notariat

ofisinin notariusu.