İgid ölər, adı qalar
Region

İgid ölər, adı qalar

O, 44 günlük Vətən müharibəsinin 44 gününü də vuruşdu. Əsl rəşadət, şücaət, qəhrəmanlıq nümunələri göstərdi. Əfsanəvi döyüşçü adını hərb tariximizə qızıl hərflərlə yazdırdı.

Qubanın Zərdabi kəndində doğulub boya-başa çatan şəhid, "3-cü dərəcəli Rəşadət" ordenli kapitan Piriyev Səttər Fuad oğlundan danışırıq. Hərbiyə uşaqlıqdan marağı vardı. Müntəzəm surətdə idmanla məşğul olur, fiziki hazırlığını artırırdı. Bir çox idman yarışlarında iştirak edərək qalib çıxmış, medal, diplom və digər mükafatlara layiq görülmüşdü. 2012-ci ildə kənddəki tam orta məktəbin 8-ci sinfini bitirib C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu. Üçillik lisey təhsilini müvəffəqiyyətlə başa vurub Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu. Ali Hərbi Məktəbdə oxuyanda da fərqləndi. "Azərbaycan ordusunun 100 illiyi" medalına layiq görüldü. Hələ kursant olduğu vaxtda "N" saylı hərbi hissənin tank əleyhinə bölüyünün taqım komandiri vəzifəsində xidmət etmişdi. Motoatıcı bölmə, hissə və birləşmələrin döyüş tətbiqi, xüsusi təyinatlı, texnika və sistemlər və sairə ixtisaslara bacarıqla, mükəmməl yiyələnmişdi. Müharibə başlayandan son günədək döyüş meydanında oldu. Onun ən böyük arzusu Şuşada müqəddəs Azərbaycan bayrağını dalğalandırmaq idi. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd istiqamətində torpaqlarımızın azadlığı uğrunda əsl qəhrəman kimi gecə-gündüz vuruşdu. Peşəkar hərbçi bacarığı ilə Xocavənd rayonunda bir çox hərbi qruplarımızı mühasirədən xilas etdi. Özü yaralı olduğu halda, onlarla yaralı əsgərimizi döyüş meydanından uzaqlaşdıraraq yenidən səngərə qayıtdı. 44 gün düşmənlə üzbəüz vuruşan bu vətənpərvər zabit yüzdən çox erməni döyüşçüsünü məhv etdi. Sonuncu döyüşü Xocavənd rayonunun Qızılqaya və Üçtəpə istiqamətində 602 adsız yüksəkliyində oldu. İgid döyüşçü 9 noyabr 2020-ci il tarixində burada şəhadətə yüksəldi. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "3-cü dərəcəli Rəşadət ordeni" ilə təltif edildi.

Ona Xocavəndin 602 yüksəkliyini azad etmək tapşırığı verilmişdi. O, bayraq əlində əsgərləri ilə birlikdə yüksəkliyə qalxır. Yüksəkliyə çatanda burada başqa birilərinin olduğunu görür. Təcrübəli zabit onlarla ingilis dilində danışır, başlarını qatmaq istəyir. Yanındakı əsgərə: "Bunlar ermənidir, hər kəsə de yavaşca aşağı ensin. Mən sizi qoruyacağam", - deyir. Beləcə, əsgərlər bir-birinə bu məlumatı ötürür. Ehmalca aşağı düşməyə çalışırlar. Bu arada isə o, ermənilərlə münasibət yaradır, fikirlərini qarışdırmağa cəhd göstərir. Əsgərlər aşağı düşərkən ermənilər şübhələnir və atəş açmağa başlayırlar. Əsgərlərinin hamısını sağ-salamat aşağı düşürməyi bacaran komandir isə özü qayıtmır. Düşmənlə təkbətək son mərmisinə qədər döyüşür. Silahı bitəndən sonra düşmənlə əlbəyaxa olur. Lakin güc nisbəti mənfur ermənidə çox olduğundan, Səttər qələbəyə saatlar qalmış şəhadətə yüksəlir. Onun nəşi yalnız 11 gündən sonra üstündəki üçrəngli bayrağımız və xəritə ilə tapılır.

Vətənin igid oğlundan arxaya, gələcək nəsillərə örnək ola biləcək qəhrəmanlıq, igidlik nümunələri qalıb. Əsgər yoldaşları komandirlərinin yüksək vətənpərvərlik ruhundan, Vətənə olan sonsuz sevgisindən, şücaətindən, məharətli döyüş taktikasından danışırlar. Deyirlər ki, o, həmişə əsl hərbçi peşəkarlığı ilə hərəkət edir, şəxsi nümunə göstərirdi. Onun xəritəni gözəl bilməsi, ağıllı taktikası sayəsində dəfələrlə mühasirəyə düşmüş qrupları azad etmişdir. Belə faktlar bir deyil, iki deyil, onlarladır. Döyüşçü yoldaşları deyir ki, Səttər Piriyev haqqında saatlarla danışmaq olar. O, həm bacarıqlı zabit, həm də qayğıkeş insan idi. Əsgərlərindən biri deyir ki, Piriyev çörəyi kəsirdi, amma özü yemirdi. Əvvəl bizi yedizdirirdi. Deyirdi ki, yeyin, enerjiniz bitməsin. Komandir kimi əsgərlərinə hər zaman qayğı və diqqət göstərirdi. Anası onunla tez-tez əlaqə saxlayar, "Özünü qoru", "Özünü mənə salamat çatdır", - deyirdi. Səttər isə cavabında: "Ana, sən bilirsənmi ki, sənin kimi nə qədər ana öz övladını mənə əmanət edib. Övladımızı qoru deyir. Mən özümü qorusam, bəs əsgərlərimi kim qoruyar?", - deyirdi.

Zərdabi kəndində şəhid Səttər Piriyevin xatirəsini el-camaat əziz tutur. Bu igidlə fəxr edirlər. Kənddə onun adına bulaq inşa olunub. Yaşadığı küçə onun adını daşıyır. Anım günləri bir qayda olaraq izdihamlı keçir. Məzarının üstündə həmişə təzə-tər çiçək dəstələri olur.

Ziyafəddin BAYRAMOV.