FAKTLAR VƏ RƏQƏMLƏR
İQTİSADİYYAT

FAKTLAR VƏ RƏQƏMLƏR

Ümumi Daxili Məhsul istehsalı 5,2 faiz artıb

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 111,0 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 9,7 faiz artmışdır.

ÜDM istehsalının 52,9 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai-iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 11032,8 manata bərabər olmuşdur.

 

Əsas kapitala yönəldilmiş vəsait

2022-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11774,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalmış, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,8 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 6585,4 milyon manatı və ya 55,9 faizi məhsul istehsalı sahələrinə, 4457,5 milyon manatı (37,9 faizi) xidmət sahələrinə, 731,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9043,3 milyon manatını və ya 76,8 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8663,9 milyon manatı və ya 73,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,2 faiz, büdcə vəsaitləri 36,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, sair vəsaitlər 3,9 faiz, bank kreditləri isə 2,8 faiz təşkil etmişdir.

 

178 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib

Cari ilin doqquz ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac edilmiş, 164 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 41256,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 30962,9 milyon dollarını və ya 75,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 10293,3 milyon dollarını (24,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 20669,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,2 faizi İtaliya, 10,9 faizi Türkiyə, 6,4 faizi Rusiya, 3,8 faizi Çin, 3,5 faizi İsrail, 2,4 faizi Birləşmiş Krallıq, 12,8 faizi isə digər ölkələrlə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

 

Daşınmış yüklərin həcmi 37829,6 min ton təşkil edib

2022-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37829,6 min ton, yük dövriyyəsi isə 9435,5 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,4 faiz və 31,5 faiz artım müşahidə olunmuşdur. Yüklərin 20376,1 min tonu və ya 53,9 faizi avtomobil nəqliyyatı, 12435,7 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 5017,8 min tonu və ya 13,2 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4 faizini və ya 10352,5 min tonunu tranzit yüklər təşkil etmişdir.

"Respublika".