İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Samboçumuz gümüş medal qazanıb

Qırğızıstanın Bişkek şəhərində sambo güləşi və döyüş sambosu üzrə dünya çempionatı başlayıb. Yarışda dünyanın 50-dən çox ölkəsindən idmançılar iştirak edirlər. Təmsilçimiz Elvin Bağırov (64 kq) çempionatın gümüş medalını qazanıb.

 

Tennis üzrə çempionat yekunlaşıb

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında daha bir yarış keçirilib. Noyabrın 7-də başlayan və dörd gün davam edən Bakı çempionatında 12 yaşdan yuxarı 29 tennisçi mükafatlar uğrunda mübarizə aparıb. Müxtəlif yaş kateqoriyalarında keçirilən çempionatda 15 oğlan və 14 qız tək və qoşa yarışlarda qüvvəsini sınayıb. Oğlanlardan Samir Qafarov, İmran Abdulla, Vasif Mütəllibov, Zaur Məmmədzadə, Ziya Ələkbərov, Asim Cəlilov, Yusif Rzayev, qızlardan isə Umayra Həşimova, Lalə Eyvazova, Reyhan Məmmədli, Lalə Kərimova, Zeynəb Hüseynzadə, Xədicə Cəfərquluzadə, Nurel Əliyeva mükafatçılar sırasında yer alıb.

 

Dünya çempionatında iştirak edəcək heyət məlum olub

Noyabrın 15-də İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı start götürəcək. Mundialda 89 ölkədən 476 oğlan, 208 qız olmaqla, ümumilikdə 684 boksçu mübarizə aparacaq. Azərbaycanı çempionatda oğlan və qızlardan ibarət yığma komanda təmsil edəcək.

Oğlanlardan ibarət millinin tərkibində Tural Sarıyev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Mətin Məmmədov (57 kq), Tacı Tağızadə (60 kq), Sənan Hətəmov (67 kq), Daniel Xolostenko (71 kq), Rza Rzazadə (75 kq), Fətəli İsmayılov (80 kq), Rəşid Məmmədov (86 kq) və Səbuhi Əlizadə (+92 kq), qızlardan ibarət yığmada Mehparə Məmmədova (48 kq) və Aysu Dərvişova (57 kq) yarışacaq.

Çempionat 12 gün davam edəcək.

 

Cüdo üzrə Bakı çempionatı keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı şəhərinin Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq klubunun idman arenasında keçirilən cüdo üzrə Bakı çempionatında paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 303 (262 kişi, 41 qadın) cüdoçu medallar uğrunda mübarizəyə qoşulub.

Qadınların yarışında Leyla Dəmirova (48 kq), Xədicə Qədəşova (57 kq), Nigar Əlibəyli (63 kq), kişilər arasında isə Nizami İmranov (60 kq), Asim Qulamzadə (73 kq), Elcan Şəfiyev (81 kq) qalib adını qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".