Milli maraqlar zəminində həyata keçirilən uğurlu dövlət siyasəti
Siyasət

Milli maraqlar zəminində həyata keçirilən uğurlu dövlət siyasəti

30 il işğal altında olan ərazilərimiz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə düşməndən geri alındı. Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq, ərazi bütövlüyümüzü təmin etmək məqsədilə başlanan əks-hücum əməliyyatında müzəffər Azərbaycan Ordusu Zəfər çaldı. 5-ci nəsil silahlarla silahlanmış nizami ordumuz cəbhə xəttində, döyüş meydanında düşmənlə üzbəüz savaşda mənfur erməni silahlı dəstələrinə ard-arda sarsıdıcı zərbələr endirdi. İşğal altında olan rayonlarımız, mühüm strateji yüksəkliklər, kənd və qəsəbələr düşməndən azad olundu. Ermənilərin özlərinin  işğalçı ordusu haqqında uydurduqları “məğlubedilməz ordu” mifi darmadağın edildi. İllərlə qurduqları “keçilməz sədlər”, “yarılmaz istehkamlar” qəhrəman əsgər və zabitlərimizin hünəri, rəşadəti sayəsində yerlə yeksan oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Şanlı Azərbaycan Ordusunun döyüş meydanında qələbəsi ilə yekunlaşan hər gün Prezident İlham Əliyev də diplomatik cəbhədə inamla döyüşdü, erməni havadarlarının ölkəmizə qarşı təzyiqlərinin qarşısını peşəkarlıqla, qətiyyətlə aldı. Bununla da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev  dünya arenasında güclü dövlət konsepsiyasını reallaşdırdı .

Hələ İkinci Qarabağ müharibəsinin başlamasından bir müddət əvvəl - 2020 -ci il fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan münaqişəsi ətrafında panel müzakirələr zamanı ölkə başçımızın qətiyyətlə “erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox” deməsi, əslində həm işğalçı ölkəyə, həm də onun havadarlarına Azərbaycan dövlətinin öz torpaqlarının bir qarışından belə keçməyəcəyinin ismarıcı idi.

Uzun illər münaqişənin sülh yolu ilə həllinə səy göstərən Prezident İlham Əliyev  Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun tarixi faktlara və beynəlxalq hüququn normalarına əsaslandığını dünyanın ən mötəbər kürsülərindən dəfələrlə bəyan etmişdir. Beynəlxalq görüşlərində, xarici ölkələrin informasiya agentliklərinə, televiziyalarına müsahibələrində ölkəmizin həqiqətlərini bütün dünyaya çatdıran və Ermənistanın torpaqlarımızı işğal etməsi ilə barışmayacağımızı deyən Azərbaycan Prezidenti sülh yolu ilə mümkün olmasa, hərbi yolla işğal olunmuş ərazilərin geri qaytarılacağını əminliklə bildirmişdir. Ölkə başçımız erməni lobbisinə xidmət edən jurnalistlərin məkrli, həqiqəti əks etdirməyən sualları qarşısında ali diplomatiya, analitik qabiliyyət, dərin məlumatlılıq və fenomen natiqlik bacarığı göstərərək Azərbaycanın bu məsələdə haqlı olduğunu, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etdi. Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini faktlarla, arqumentlərlə əsaslandıraraq Qarabağ münaqişəsinin yaratdığı fəsadlar və region üçün təhlükələri barədə zamanında, məqamında səsləndirdiyi fikirləri və işğalçı düşməni ifşa edən siyasəti bugünkü reallıqlara zəmin yaratdı.

30 il torpaqlarının 20 faizdən artıq hissəsi işğal altında olan Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində göstərdiyi ciddi səylərə, nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayan Ermənistan isə işğalçılıq siyasətindən əl çəkmir, ölkəmizlə sərhəddə törətdiyi təxribatlar səngimirdi. 2020-ci il sentyabr ayının 27-də Ermənistanın növbəti təxribatı isə Vətən müharibəsinin başlanılmasına səbəb oldu.Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə elə ilk gündən layiqli cavab verdi. Müstəqil, dünyada kifayət qədər nüfuza malik, güclü iqtisadiyyata, yüksək hərbi potensiala sahib olan qüdrətli bir ölkənin qarşısında duruş gətirmək isə cılız Ermənistanın sözün əsl mənasında imkanları xaricində idi. Azərbaycan günbəgün, ilbəil inkişaf edərək, bütün sahələrdə, əsasən də ordu quruculuğu sahəsində böyük uğurlar qazanmışdı: “Mən hökumətə də bunu demişəm, bütün dövlət qurumları bunu bilir. İlk növbədə, ordumuzun sifarişləri təmin edilməlidir və büdcə xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir” - deyən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində silahlı qüvvələrin maddi-texniki bazası möhkəmləndirilmiş, ordumuzun döyüş potensialı gücləndirilmişdir. Odur ki, müharibənin başladığı ilk dəqiqələrdən döyüş meydanında üstünlüyü ələ alan, düşmənə qan udduran Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı kənd-kənd, qəsəbə-qəsəbə azad edir, düşməni geri çəkilməyə məcbur edirdi. Azərbaycan ordusunun əsgər və zabitlərinin hünəri, rəşadəti, qəhrəmanlığı qarşısında ermənilər döyüş meydanından qaçırdılar. Ermənistan hökuməti kapitulyasiya aktı imzalamağa məcbur oldu.

Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, düşünülmüş, xalqın mənafeyinə xidmət edən müdrik siyasəti Ermənistanı məğlubiyyətə uğratdı. Düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz, hərbi əməliyyatlar keçirilmədən geri qaytardı. Azərbaycan haqqı, ədaləti təkbaşına, öz iqtisadi, hərbi gücü, ilk növbədə isə məqsədyönlü siyasəti ilə bərpa etdi. 30 illik işğala 44 gündə son qoymaq isə bütün dünyanı heyrətə gətirdi.

Bəli, Azərbaycan Vətən müharibəsini qalibiyyətlə başa vurdu. 19 illik prezidentliyi dövründə daxili və xarici siyasətini Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunub saxlanması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində yürüdən Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı düşmən üzərində qələbəmizi şərtləndirdi. Xalq-Dövlət-Ordu birliyi isə qələbənin son nöqtəsi oldu. Azərbaycan xalqının mətin iradəyə, sarsılmaz ruha, intellektual potensiala malik bir xalq olduğunu sübut etdi. Dövlətin apardığı siyasətin xalq tərəfindən dəstəklənməsi, bütün cəmiyyətin ümumi milli ideya ətrafında birləşməsi, vətəndaş həmrəyliyi isə yalnız və yalnız uğurlu dövlət siyasətinin göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyinin ilk günlərindən daxili və xarici siyasətinin əsas ana xəttini ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi təşkil etmiş, ölkə başçımızın həyata keçirdiyi məqsədyönlü, düşünülmüş, uzaqgörən siyasət xalqımızın əzəli yurd yerlərinin, itirilmiş torpaqlarımızın düşməndən geri alınmasına xidmət etmişdir. Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirən Prezident İlham Əliyev atdığı hər bir addımda, apardığı bütün islahatlarda Azərbaycanın milli maraqlarını müdafiə etmişdir. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyası, ölkəni milli-mənəvi dəyərlər əsasında inkişaf etdirmək İlham Əliyevin apardığı məqsədyönlü siyasətin prioritet istiqamətidir. Dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşə malik olan Prezident İlham Əliyev ali baş komandanlığı ilə müasir Azərbaycanın bugünkü reallıqlarını yaratmış, xalqımızın gələcək yollarını müəyyənləşdirmiş, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir.

Mehparə ƏLİYEVA,

“Respublika”