Qəhrəmanlar unudulmur
Sosial həyat

Qəhrəmanlar unudulmur

Sinəsini düşmən gülləsinə sipər edən vətənpərvər, şücaətli qəhrəman oğullarımızın hünəri hesabına qazanıldı bu tarixi Zəfər. Cəsur övladlarımız şəhid olub əbədiyyətə qovuşdu, yaralanıb, sağlamlığını itirib qazi oldular. Bu gün şəhid ailələrinə, qazilərə dövlət və xalq səviyyəsində ən ali ehtiram və böyük qayğı göstərilir. Göygöl rayon rəhbərliyi tərəfindən şəhidlərin məzarları və ailələrinin ziyarəti davam edir. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidi Eldarzadə Azər İsmixan oğlunun doğum günü ilə bağlı Göygöl rayon Şəhidlər xiyabanındakı məzarı başında anım mərasimi keçirilib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.

Mərasimdə şəhidimizin ailə üzvləri, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

Şəhidin atası İsmixan kişi göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Şəhid Eldarzadə Azər İsmixan oğlu 25 oktyabr 1994-cü ildə Göygöl şəhərində anadan olub. 2000-ci ildə Göygöl rayon İ.Novruzov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmiş, 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2012-ci ildən 2014-cü ilədək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edən Azər Eldarzadə 30 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. 1 övladı əmanət qalıb.

Zabit XƏLİLOV,

"Respublika".