Sağlam həyat
Maraqlı

Sağlam həyat

Sən demə, alnımızdakı qırışlar...

Heç kimə sirr deyil ki, hər bir insanın üz dərisində yaşlanma ilə bağlı qırışlar yaranır. Bundan əlavə, alın nahiyəsində yaranan izlərin səbəblərindən biri də üz ifadələrindən istifadə zamanı meydana gələn mimik qırışlardır. Lakin bu yaxınlarda aparılan araşdırmanın nəticələri bunun başqa bir səbəbdən də yarana biləcəyini ortaya çıxarmaqla elm dünyasını şoka salıb. Belə ki, qırışların həm də ürək-damar xəstəlikləri və insultun xəbərçisi olduğu məlum olub.

20 illik tədqiqatın nəticələri göstərib ki, alnında  qırışları olan insanların ürək-damar xəstəlikləri səbəbindən ölüm riski digərlərinə nisbətdə 10 dəfə çoxdur. Xüsusilə qaşın üst qismindəki qırışların sözügedən xəstəliklərə işarə etdiyi müəyyənləşdirilmişdir. Hətta elm adamları bu qırışlardakı dərinliyin ölüm riskinin nə qədər yaxın olduğunu göstərdiyini iddia edirlər.

Uzunmüddətli araşdırmalar zamanı 32-62 yaş arası 3200 sağlam insan təhlil edilib. Həmin şəxslərə alın nahiyəsindəki qırışların sayına və dərinliyinə görə bal verilib. Nəticədə yüksək bal toplayan insanların ürək-damar xəstəlikləri riskinin daha çox olduğu müəyyən edilib. Hətta 3-4 bal alanların ölüm riskinin 0 bal alanlara nisbətən 10 dəfə çox olduğu məlum olub.

Tədqiqatçılar daha çox araşdırmaya ehtiyac olduğunu və bu tədqiqatın gələcəkdə digər təhlükəli xəstəliklərin də əlamətlərinin ortaya çıxmasına zəmin yaradacağını söyləyirlər.

İnformasiya "Sözcü" qəzetində dərc edilib.

 

Yuxusuz qalanlar, bu xəstəlik hər an qapınızı döyə bilər

Son dövrlər insanların ən çox əziyyət çəkdiyi problemlərdən biri də yuxu pozğunluğudur. Mütəxəssislər daha çox nizamsız yuxu rejimindən qaynaqlanan bu problemin bəzi ciddi xəstəliklərə yol açacağını söyləsələr də, əksər insanlar buna etinasız yanaşırlar. Bu yaxınlarda yuxu ilə bağlı aparılan araşdırma nəticəsində yuxusuzluğun daha bir fəsadı təsdiq edilib. Belə ki, britaniyalı alimlər yuxu problemi ilə göz təzyiqi arasında ciddi əlaqə olduğunu müəyyən ediblər. Elm adamları yuxu rejimi nizamsız olan insanlarda görmə itkisi riskinin yüksək olduğunu söyləyirlər.

İndiyə qədər nizamsız yuxu rejiminin əhvali-ruhiyyəyə və yaddaşa mənfi təsir etdiyi məlum idi. Elm adamları yuxusuzluğun  gözdaxili təzyiqə təsir edərək  korluğa səbəb ola biləcəyini deyirlər.

"BMJ Open" jurnalında dərc olunan məqaləyə görə, dünyada ilk dəfə uzunmüddətli nizamsız yuxu rejiminin səbəb olduğu nəticələr, yuxu davranışları və göz təzyiqi ilə bağlı problemlərin hərtərəfli şəkildə tədqiq edilməsi üçün genişmiqyaslı araşdırma aparılıb. Araşdırma Böyük Britaniyada 400 mindən çox insanı əhatə edib.

11 il ərzində aparılan araşdırma zamanı Böyük Britaniyanın Biobank tədqiqatında iştirak edən 40-69 yaş arası 409 min 53 nəfərin məlumatları təhlil edilib. Uzunmüddətli izləmədən sonra 8 min 690 qlaukoma halı təsbit olunub. Xoruldayan və nizamsız yuxu rejimi olan insanların normal yuxu rejimi olanlarla müqayisədə göz təzyiqi riskinin 13 faiz çox olduğu ortaya çıxıb. Tədqiqat müşahidə xarakteri daşısa da, elm adamları yuxu problemi ilə gözdaxili təzyiqin böyük ehtimalla əlaqəli olduğunu bildiriblər. Bundan əlavə, 2040-cı ilə qədər dünya üzrə 112 milyon insanın göz xəstəlikləri ilə əlaqəli problem yaşayacağı güman edilir.

 

Xərçəngin dərmanı çox da uzaqda deyilmiş

İngiltərənin Nottinqam Universitetinin alimləri qırmızı acı bibərin tərkibində tapdıqları maddənin xərçəng hüceyrələrini məhv edə bilən möcüzəvi təsirə malik olduğunu ortaya çıxarıblar. Belə ki, elm adamları xüsusilə Meksika mətbəxində geniş istifadə olunan Xalapeno adlı qırmızı acı bibərdə olan kapsaisin maddəsinin hüceyrələrin enerji istehsal edən bölməsi mitoxondriyə hücum edərək xərçəng hüceyrələrini öldürdüyünü iddia edirlər.

"Appetite" jurnalında dərc edilən xəbərə görə, kapsaisindəki molekul ailəsi olan vaniloidlər xərçəng hüceyrələrində proteinin yaranmasına mane olaraq onların ölümünə səbəb olur. Lakin bununla belə vaniloidlər sağlam hüceyrələrə zərər vermir.

Məlumdur ki, antioksidant tərkibli qırmızı acı bibər xərçəngin qarşısını alan likopen maddəsi ilə də zəngindir. Bu bitkidən mədəsində problem olan insanlardan başqa, hər kəsin  mütləq istifadə etməsi tövsiyə olunur.

Hind və Meksika mətbəxində tez-tez istifadə edilən qırmızı acı bibərin pul bibərdən fərqləri var. Qırmızı bibər qurudularkən Günəşin şüaları altında digərindən daha çox saxlanılır. Pul bibər kimi acı, yandırıcı dadı yoxdur. Qurutma prosesindəki fərqlilik pul bibərə daha tünd rəng bəxş edir.

Acı bibərin tərkibi A və C vitamini ilə yanaşı, insan orqanizmi üçün önəmli olan dəmir, kalium, maqnezium, fosfor, kalsium və sodium kimi önəmli minerallarla da zəngindir. Onun tərkibindəki kapsaisin maddəsi, həmçinin bağırsaqların fəaliyyətinə də effektiv təsir edir. Bundan əlavə, ödəmin əmələ gəlməsinin qarşısını alır, yağ yandırmağa kömək edir. Keyidici təsirə malik maddə, həmçinin xolestrol və triqliseritin səviyyəsini də aşağı salır.

 

Ədviyyat deyib keçməyin!

Xüsusilə Çin təbabətində müalicə vasitəsi kimi istifadə edilən darçın faydaları saymaqla tükənməyən ədviyyatlardandır. Milli mətbəximizdə az istifadə olunan bu bitkinin əslində indiyə qədər xeyli faydalı xüsusiyyətləri sübut edilmişdir. Bəs onun hansı faydaları var?

Gözəl dadı və ətri ilə insanın əhvali-ruhiyyəsinə təsir edən bu nemət çox güclü əsəb sakitləşdiricidir. Antioksidantlarla zəngin olan darçın çubuqları orqanizmi oksidləşmiş stress, sərbəst radikallardan qoruyur. Məlumdur ki, oksidləşmiş stress orqanizmdə bir çox xəstəliklərin əsasını qoyur: ateroskleroz, diabet, ürək-damar xəstəlikləri, Alsheymer, Parkinson və s.

Aparılan araşdırmalar zamanı sübut edilmişdir ki,  darçın qanda antioksidantların səviyyəsini yüksəldir, orqanizmdə iltihabı azaldır, xroniki xəstəliklərdən qoruyur.

Alimlər bildirir ki, gündə 1,5 qram darçın triqliseridlərin, xolesterinin, şəkərin miqdarını azaldaraq ürək-damar xəstəlikləri riskini xeyli aşağı salır. Mütəxəssislər insulin dirəncinə (rezisdentliyinə) qarşı olan bu bitkinin 2-ci dərəcəli diabet xəstələri üçün olduqca faydalı olduğunu söyləyirlər. Onlar belə xəstələrin gün ərzində 2-5 qram darçın istifadə etməyi tövsiyə edirlər.

Darçın, həmçinin beynimizin də dostudur. Belə ki, 2017-ci ildə aparılan araşdırmalar zamanı darçının beyində toksiki zülalların yığılmasının qarşısını aldığı, Alsheymerə mane olduğu sübut edilmişdir.

Lakin bütün bunlara baxmayaraq, darçının tərkibində olan kumarin adlı maddənin qaraciyərə zərər verdiyi üçün gün ərzində ondan 3-5 qramdan çox istifadə edilməsi tövsiyə olunmur.

İnformasiya muhalif.com veb saytında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".