İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Tamblinq üzrə Bakı birinciliyi

Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tamblinq üzrə 18-ci Bakı birinciliyi keçirilib.

Yarışda "Ocaq Sport" klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Bakı Gimnastika Məktəbi, "Neftçi" klubundan kişilər və qadınlar arasında ümumilikdə 26 idmançı gücünü sınayıb. İdmançılar 2012-2014, 2010-2011 və 2006-2009-cu illər yaş kateqoriyalarında mübarizə aparıblar.

Bakı birinciliyində gənclər (2006-2009) və böyüklər (2005 və daha böyüklər) müsabiqədən kənar çıxış ediblər.

 

Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər

Noyabrın 6-da Antalyada müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatına start veriləcək. Çempionatda 46 ölkədən 1000-ə yaxın, 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında oğlan və qız şahmatçılar mübarizə aparacaqlar. Ölkəmizi yarışda 39 şahmatçı təmsil edəcək.

Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq.

Dünya kuboku yarışına start verilib

Bakıda yunan-Roma güləşi üzrə dünya kuboku yarışı keçirilir.

Yarışın birinci günündə A və B qrupunda qarşılaşmalar keçiriləcək. Qarşılaşmalarda Türkiyə və İran seçmələri, eləcə də İran, Qırğızıstan, Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək.

 

Cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir     

Bakıda keçirilən  cüdo üzrə "Böyük Dəbilqə" turnirində iki cüdoçumuz finala yüksəlib. 81 kiloqram çəki dərəcəsində Səid Mollayi yarımfinalda macarıstanlı rəqibindən üstün olub və yarımfinala yüksəlib. 73 kiloqram çəki dərəcəsində yarışan Hidayət Heydərov ispaniyalı rəqibinə qalib gəlib, onun finalda rəqibi  kanadalı Artur Margelidon olacaq.

Yarışın ilk günündə cüdoçularımız 1 qızıl, 2 bürünc medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".