Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Şuşa qalası

1953-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada inşa olunan Şuşa qalası ən qədim və tarixi memarlıq abidələrindəndir. Əsası Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən  qoyulan qala Şərq üslubunda tikilmişdi. Çoxsaylı təpə və yarğanlara malik, qərbdə amfiteatr formasında olan dağ yaylası ərazisində  inşa edilən müdafiə qalasının ən hündür yeri dəniz səviyyəsindən 1600 metr, ən aşağı hissəsi isə 1300 metr yüksəklikdə yerləşir. Xəlfəli və Daşaltı çaylarının yataqlarına enən, dərin qayalarla əhatə olunan, daha təhlükəsiz coğrafi mövqeyə malik olan Şuşa qalası uzun müddət şəhəri xarici müdaxilələrdən qorumuş və alınmaz qala simvoluna çevrilmişdir. Bir zamanlar Şuşa qalasının yaxınlığında körpü, bazar, hamam, məscid və s. vacib binalar da fəaliyyət göstərmişdir.

Azərbaycanın ən qədim abidələrindən olan Şuşa qalası Aran memarlıq məktəbi üslubunda inşa edilib. İstər yer seçimi, istərsə də struktur planlaşdırılması və dekorasiya baxımından feodal memarlığının əsas prinsiplərini özündə əks etdirən qala divarlarının uzunluğu 3,7 kilometr, eni 2,2 metr, hündürlüyü 8 metrdir. Bu qalanın divarı boyu hər 50 metrdən bir dairəvi bürclər və düzbucaqlı boşluqlar, müşahidə məntəqələri və siqnal qüllələri yerləşir.  Zahiri görkəmi və quruluşu ilə diqqətçəkən bu mühafizə qalası üç qapıdan ibarətdir: Gəncə, İrəvan və Ağoğlan qapıları.  Memarlıq xüsusiyyətləri ilə seçilən Gəncə qapısı Gəncə şəhəri və Qarabağ xanlığının Giləbörd mahalını, qərbdə yerləşən İrəvan qapısı Xəlfəli kəndi və İrəvan şəhərini birləşdirir. Şərq tərəfdə yerləşən Ağoğlan qapısı isə şəhərin aşağı hissəsinə girişi təmin edir. Tikinti zamanı əsasən yerli daşlardan, əhəng və yumurta sarısı qatışığından istifadə edilən abidənin hər üç qapısı Şuşanın XIX əsrdə çəkilmiş Baş Planında qeyd edilib.

Bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən layihələr əsasında zəngin tarixə malik Şuşanın memarlıq abidələri yenidən rekonstruksiya olunur və əvvəlki görkəmi bərpa olunur.

 

Yuxarı Gövhərağa məscidi

Bir çox memarlıq nümunələri ilə zəngin Şuşa şəhərinin mərkəzi meydanında tikilmiş Yuxarı Gövhərağa məscidi ən qədim tarixi-dini mədəniyyət abidələrindən biridir. Ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınan məscid 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər Ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilib.

İnşası dörd mərhələdə həyata keçirilən Yuxarı Gövhərağa məscidi Pənahəli xanın dövründə qarğı və qamışdan inşa edilmişdi. Pənahəli xanın oğlu İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra, 1768-1769-cu illərdə qamışdan tikilmiş məscidin yerində daşdan yeni bina tikdirir. Tikintisində daş və əhəngdən istifadə olunan məscid XIX əsrin birinci yarısında yararsız hala düşür və  onun yerində Gövhər Ağanın maddi dəstəyi ilə qoşa minarəli üçüncü məscid inşa edilir. Memarlıq formalarına görə, bu bina XVI-XVIII əsrlərdə Azərbaycanda geniş yayılmış dini memarlıq kompozisiyası xüsusiyyətlərini əks etdirir. Kərpicdən hörülən minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünür. Rəngli daşlarla bəzədilmiş minarənin yuxarısında Quran ayələri yazılmış lent mövcuddur. Yuxarı Gövhərağa məscidinin minarələrinin naxış dizaynının və yaxınlıqdakı mədrəsənin ikinci mərtəbəsindəki otaqlardan birinin divar rəsmlərinin müəllifi Mir Möhsün Nəvvabdır.

Məscidin mərkəzindəki biz uclu günbəz, çatma tağbəndli portal və onun yan tərəflərindəki eyni örtüyə malik olan taxçalar və qoşa minarələr tikilinin ümumi siluetini səciyyələndirir. Abidənin ümumi hündürlük səviyyəsindən başlayaraq yuxarıya doğru getdikcə nazikləşən və sonra sabit silindrik formada son zirvəsindəki yüngül çardaq örtüyünə qədər qalxan hər iki minarənin gövdəsini romb şəklində həndəsi qurşaqlar bəzəyir, ibadət zalında isə iki tərəfdə cərgə ilə düzülmüş səkkizbucaqlı daş sütun zalı üç hissəyə ayırır. Çal mərmərə bənzər yerli daş materialı ilə inşa olunan Yuxarı Gövhərağa məscidi bir cüt alabəzək minarəsi ilə daha əzəmətli və möhtəşəm görünür. Hər bir minarənin daxilinə səksən beş ədəd pilləkən vintvari şəkildə yerləşdirilmişdir ki, bu da çardağa çıxmaq üçün nəzərdə tutulmuşdur. Məscidin baş fasadındakı incə relyefə malik çiçək naxışları və haşiyələnmiş kitabələr də xüsusi zövqlə işlənmişdir. Yuxarı Gövhərağa məscidinin dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən və mərkəzi dəhlizin üstünü örtən iki fərqli günbəzin diametri 5 metrdir.

 

Vaqif türbəsi

Şuşanın daha bir qədim abidəsi «Vaqif türbəsi» mədəniyyət paytaxtının cənub-qərb tərəfində məşhur Cıdır düzündə inşa olunub. Tikintisi 1977-ci ildə başlanan və 1982-ci ilin yanvar ayında yekunlaşan məqbərə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və Əməkdar memar E.İ.Kanukovun layihəsi əsasında tikilib. Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirmiş türbənin inşasında xalq memarlığının yerli ənənələrindən, monumental-dekorativ və tətbiqi plastika vasitələrindən istifadə olunub.

Formasının zənginliyi ilə seçilən abidənin inşasında türbələrə xas gülləvari  kompozisiya quruluşundan istifadə edilib. Gözəl təbiət mənzərəsi ilə təsirli təzad təşkil edən bu qədim məqbərənin fasadı qırmızımtıl Qarabağ mərməri ilə üzlənib. Monolit dəmir-beton karkasa əsaslanan konstruksiyanın bəzədilməsində yalnız yerli inşaat materiallarından istifadə olunub. Dördbucaq şəkilli, aşağısı bir qədər geniş türbənin böyük bir hissəsi anodlaşdırılmış alüminium şəbəkə ilə örtülüb.  Türbənin şəhərə baxan tərəfi təsirli baştağ görkəmi ilə nəzərə çarpır. Hündürlüyü 18 metr olan ağ mərmər salonun mərkəzində isə şairin qəbri üzərində qara mərmərdən hazırlanmış abidə qoyulub. Heykəltaraşın qabartma şəklində yaratdığı heykəl şairin abidəsini daha da zənginləşdirib.

44 günlük Vətən müharibəsindən sonra abidə-kompleksi rekonstruksiya edilib və bütün infrastrukturu yenidən qurulub. Landşaftda istinad divarları və meydança qranitlə üzlənib. Eyni zamanda, ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib. Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirən «Vaqif türbəsi»nin tarixi görkəmi bərpa edilib.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».