HƏR GÜNÜ BİR TARİX İDİ...
Tarix

HƏR GÜNÜ BİR TARİX İDİ...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

5 noyabr 2020-ci il

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatına başlamasından 40 gün ötüb. Bu müddət ərzində Azərbaycan Ordusu müharibə tarixlərinə düşəcək yeni bir səhifə açıb. Düşmənə ciddi zərbələr vuran ordumuz torpaqlarımızı işğaldan azad etməkdə davam edib. Həmin günə olan məlumata əsasən artıq 2618 kv. kilometr ərazi işğaldan azad olunub (ümumi 12088 kv. kilometrdən). Bu da işğal olunmuş ərazilərin 21,7 və ya ölkə ərazisinin 3 faizini təşkil edir. Eyni zamanda rəsmi məlumata görə işğal olunmuş ərazilərdə olan 900 yaşayış məntəqəsindən 209-u azad olunub.

***

Prezident İlham Əliyev  İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib: "Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik".

***

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi  azad olunub.

***

"Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik". Bunu Prezident İlham Əliyev  İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

***

Saat 15:50 radələrində Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq ələ keçirdiyimiz hərbi texnikaların videogörüntüsünü yayıb.

***

"Qarabağ məsələsi döyüş meydanında həll olunur". Bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib.

***

Saat 18:34 radələrində "Son sutka ərzində əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətində döyüşlər davam edib, Zəngilan istiqamətində düşmənin təxribatının qarşısı alınıb". Bunu  brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər istiqamətində Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdıldığını qeyd edən A.Eyvazov deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır: "Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir və bu, aydın çəkilən görüntülərdə də əksini tapıb".

***

Saat 19:08 radələrində Müdafiə Nazirliyinin yaydığı  məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib. Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd "KamAz" maşını və qoşqusunda top olan 3 ədəd "Ural" maşını tamamilə məhv edilib.

6 noyabr 2020-ci il

Saat 13:21 radələrində "Düşmənin silah-sursat anbarı partlayıb". Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi paylaşıb. Bildirilir ki, Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub: "Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib. Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi".

***

Saat 13:30 radələrində cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. Eyni zamanda, şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb", - deyə məlumatda vurğulanıb.

***

Saat 14:03 radələrində Ermənistan silahlı qüvvələri tərkibində döyüşən PKK terrorçularının növbəti qrupu məhv edilib. Gecə ərzində düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq terror-təxribat aktları törətməyə cəhd ediblər. Daxil olmuş əməliyyat məlumatları əsasında, onların Sərsəng SES istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb. Nəticədə, peyk və PUA çəkilişləri əsasında terrorçuların müvəqqəti cəmləşdiyi ərazi müəyyən olunub və çoxlu sayda heyəti məhv edilib.

***

Saat 17:02 radələrində Müdafiə Nazirliyinin verdiyi məlumatda bildirilir ki, düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir. Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb: "Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatları, yanacaq sürtkü materialları çatışmır. Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil. Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarəolunmasında da problemlər yaranıb.

***

Saat 17:43 radələrində Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atəş nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq zərbəsi ilə məhv edilib.

***

"Qarabağ heç vaxt Ermənistanın olmayıb". Bunu erməni mənşəli rusiyalı kinorejissoru Karen Şahnazarov deyib. O, Dağlıq Qarabağ münaqişəsinin ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə toxunduğunu deyib: "Ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalın əbədi davam edə biləcəyi barədə illüziya Ermənistan rəhbərliyini aldadıb". Rejissorun sözlərinə görə, aydın idi ki, gec və ya tez azərbaycanlılar ərazi bütövlüyünü bərpa edəcək.

7 noyabr 2020-ci il

Azərbaycan ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qacar, Divanlılar, Qorqan, Üçüncü Mahmudlu, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac, Xocavənd rayonunun Ataqut, Tsakuri, Xocalı rayonunun Moşxmaat, Qarabulaq, Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilan rayonunun Beşdəli kəndi işğaldan azad edilib. Bunu Prezident İlham Əliyev öz "Twitter" səhifəsində paylaşıb.

***

Saat 08:34 radələrində Müdafiə Nazirliyinın  yaydığı məlumata görə, cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb. Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyəti arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb. Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.

***

Saat 13:35 radələrində Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" hesabında paylaşım edib. Mehriban xanım Əliyeva özünün "Instagram" hesabında Ali Baş Komandan İlham Əliyevin ordumuzun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb.

***

Saat 14:00 radələrində verilən məlumata görə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 7-dək 4 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 79 kəndi, Füzuli şəhəri və rayonun 36 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 22 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 26 kəndi, Xocalının 2 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

Dağlıq Qarabağdakı hərbi əməliyyatlar göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə başlayandan bəri atdığı bütün addımlar düşünülməmiş olub və şöhrət naminə həyata keçirilib. Bu barədə Rusiya nəşri yazıb. Qeyd edilib ki, indi bu uğursuzluq Ermənistanın çoxlu sayda şəxsi heyət və texnika itirməsində, eləcə də Ermənistan qoşunlarının, həmçinin kəşfiyyatın bütün cəbhəboyu məğubiyyətində özünü göstərir. Bundan əlavə, Ermənistanın hazırkı hökumətinin döyüş meydanında strategiyasının olmadığı açıq şəkildə ortadadır.

***

"Bu gün Qarabağda davam edən savaş hərb sənəti tarixində yeni səhifə açdı. Bu, dronların müharibəsidir. Bu qədər dronun və döyüş sursatlarının kütləvi tətbiqi indiyədək heç vaxt olmamışdı. Azərbaycan Ordusu monitorlara baxıb məhv edir, bax, bu, yeni növ müharibədir,  XXI əsrin müharibəsi". Bu fikirləri rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

"Respublika".