HƏR GÜNÜ BİR TARİX İDİ...
Tarix

HƏR GÜNÜ BİR TARİX İDİ...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

4 noyabr 2020-ci il

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".  Bunu Prezident İlham Əliyev "Twitter" hesabında yazıb.

***

Saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

***

Saat 11:44 radələrində Müdafiə Nazirliyi məlumat yayıb. Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, "Zastava M-55" zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib sıradan çıxarılıb.

***

Saat 13:50 radələrində  Müdafiə Nazirliyindən bildirilib ki, cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır. Qeyd edilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir: "Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir".

***

Saat 15:44 radələrində verilən xəbərə görə,  işğalçı Ermənistan ordusunda fərarilik gündən-günə artır. Erməni mətbuatında yayılan məlumatlar ermənilərin döyüşmək istəmədiyini göstərir. Məlumatlardan aydın olur ki, son bir ay ərzində 4600 əsgər və zabit fərarilik edib. Fərariliyə görə 190 nəfər cinayət məsuliyyətinə çəlb olunub.

***

"Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin başa çatması üçün ondan asılı olan hər şeyi edəcək". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiyadakı dini icmaların nümayəndələri ilə görüşündə deyib: "Bilirsiniz, Rusiya əlindən gələn hər şeyi edir ki, Cənubi Qafqazdakı münaqişə mümkün qədər tez başa çatsın. Bir-birinin qarşısında duran və təəssüf ki, hələ də bir-birini avtomat, tüfənglərin nişangahında görən və bir-birinə qarşı silah istifadə edən insanların həyatda qalması üçün edirik". Rusiya Prezidenti əminliyini bildirərək deyib ki, qarşıdurma tərəfləri məqsədlərinə sülh danışıqları yolu ilə də çata bilərlər:  "Hər halda biz həm Ermənistanla, həm də Azərbaycanla əlaqədəyik. Ümid edirəm ki, biz nəticə əldə edə biləcəyik və bu, bölgədə yaşayan bütün insanları qane edəcək".

***

"Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub". Bunu Azərbaycan Prezidenti İlham Əliyev  İtaliyanın "La Republica" qəzetinə müsahibəsi zamanı jurnalistin "Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?" - sualına cavabında deyib: "…Son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik".

 "Respublika".