Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Yenidən həyata gəlmək üçün yatırım edərdinizmi?

ABŞ-ın Arizona ştatının Skottsdeyl şəhərində yerləşən “Alcor Life Extension Foundation” (Ömür Uzatma Fondu) şirkətinə dondurularaq  yenidən həyata qayıtmaq istəyən şəxslərin  müraciətlərinin sayı  günü-gündən  artmaqdadır. Son dövrlər həmin şirkətə gələcəkdə texnologiyanın inkişafı sayəsində həyata qayıda biləcəyinə ümid edən 1400 nəfərin müraciət etdiyi bildirilib. Muhalif.com.tr veb saytında yayımlanan informasiyaya görə, bu günə qədər  şirkətə məxsus  laboratoriyada 199 nəfərin, bəzilərinin meyiti və  bəzilərinin isə beyni dondurularaq maye azotla doldurulmuş çənlərə yerləşdirilib.  

Dondurulanların  əksəriyyəti xərçəng, ALS kimi müalicəsi mümkün olmayan  xəstəliklər səbəbindən dünyasını dəyişən insanlardır. Ən maraqlısı isə odur ki, onların arasında azyaşlı uşaq da var.

Qeyd edək ki, ilk dondurulan ən gənc  şəxsin 2015-ci ildə beyin xərçəngindən dünyasını dəyişən  taylandlı 2 yaşlı Matheryn Naovaratponq olduğu bildirilib.  Şirkətin baş direktoru Maks More bununla bağlı verdiyi açıqlamada azyaşlının valideynlərinin həkim olduğunu və uşağın dəfələrlə beyin əməliyyatı keçirməsinə baxmayaraq, həyatda qalması üçün heç bir şans olmadığından bu yola əl atıldığını qeyd edib.

Cəsədlərin dondurulması prosesinə ilk dəfə 1960-cı illərdə qeyri-qanuni olaraq başlanmışdır. Adına “cryonics” ( aşağı temperaturda dondurulma) deyilən  prosedur sadəcə, cəsədi buzların içinə qoymaqla bitmir. Belə ki, cansız  bədən öncə buz qəlibləri ilə soyudulur, daha sonra  döş qəfəsi açılaraq bədəndəki qan və digər mayelər boşaldılır. Daha sonra isə   buz kristallarının əmələ gəlməsinin qarşısını almaq üçün  bədənə kimyəvi maddələr vurulur. Dondurulmağa hazırlanan insanların cəsədləri, nəhayət, mənfi 196 dərəcədə maye azotla doldurulmuş çənlərə yerləşdirilir. Hazırda  bir cəsədin tamamilə dondurulmasının minimum dəyəri  200, təkcə başın dondurulması isə 80 min dollara başa gəlir.

Məlumat üçün qeyd edək ki, vaxtilə belə bir  prosedur itin üzərində aparılmış və heyvan 70 dəqiqəlik də olsa yenidən həyata qaytarılmışdır.

İndiyədək qurumla bir çox insanın saziş bağladığı bildirilsə də, ekspertlər bunun cəfəngiyyat və pul tələsindən başqa bir şey olmadığını söyləyirlər. 

Sizcə,  bir gün yenidən həyata qayıtmaq üçün bu yatırımı etməyə dəyərmi?

 

Bal arılarının "futbol" həvəsi

Queen Mary Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı  bal arılarının da bəzi heyvanlar  kimi top oynadıqları məlum olub. "Animal Behavior" jurnalında dərc edilən araşdırmaya görə, yenilik  bu həşəratların  müsbət "emosiyalar" yaşaya biləcəyinə işarə edir.

Tədqiqatçı komanda  fərziyyələrini yoxlamaq üçün   bir neçə təcrübə aparıb. Sınaq zamanı arıların   heç bir səbəb olmadan taxta topları yuvarlamağa xüsusi səy göstərdikləri məlum olub. Həşəratların oyun oynayarkən çəkilən videolarında   erkək arıların  dişilərə nisbətən  top oynamağa daha çox meyilli olduğu və  onların  bu davranışı kortəbii şəkildə etdikləri müşahidə olunub.

Digər bir təcrübədə isə bal arılarına şəkərli qida mükafatı müqabilində topu müəyyən bir hədəfə sürükləyərək "qol vurmaq" öyrədilib. Qısa müddət ərzində təlim keçən arıların uğurlu nəticələri onlardakı bu davranışın  digər heyvanların oyun davranışına bənzədiyini göstərib.

“Bu araşdırma bal arılarının  zehninin təsəvvür etdiyimizdən qat-qat mürəkkəb olduğuna dair tutarlı sübutlar təqdim edir. Həmçinin onların da müsbət əhvali-ruhiyyə yaşadıqlarını ortaya qoyur. Ölçülərinin və beyinlərinin həcminin kiçikliyinə baxmayaraq, bu həşəratlar mini robotlardan daha üstündürlər",-deyə London Kraliça Meri Universitetinin  professoru və “Arının ağlı” adlı  yeni çapdan çıxan kitabın müəllifi Lars Çittka qeyd edib.

 

Bu yaş dövrü nə üçün çətin hesab edilir?

Amerikalı alimlərin fikrincə, insanların ən çətin keçirdiyi yaş dövrü  40-ı ötdükdən sonra başlayır. Belə ki, mütəxəssislər qadınlarda “Balzak yaşı”, kişilərdə isə “40 yaş sindromu” adlanan bu yaş dövrünün  hər iki cinsdə də  müəyyən mənada narahatlıq doğurmaqla özünü büruzə verdiyini söyləyirlər.

Əvvəlki tədqiqatlar insanın psixi sağlamlığının onun yaşından asılı olmadığını göstərirdi. Lakin ABŞ Dartmurt Kolleci və Uorvik Universitetinin mütəxəssisləri Amerika, Avropa və bir neçə inkişaf etmiş ölkələrdə 2 milyon respondent arasında sorğu keçirərək psixi sağlamlıq sahəsində ən böyük həcmli tədqiqatlar apardıqdan sonra bu fikri təkzib ediblər. Nəticədə alimlər özündən və  həyatından razılıq zirvəsinin gənclik və qocalıq yaşında olmasını, orta yaşın isə ən uğursuz dövr olduğu qənaətinə gəliblər.

Belə ki, mütəxəssislər tərəfindən sorğu keçirilənlər arasında müxtəlif sosial qrupların nümayəndələri, milliyyəti, gəliri, maraqları və s. müxtəlif olan insanlar olmuşdur. Sorğunun nəticələri hamı – varlı-kasıb, ailəli-subay, kişi-qadın  üçün eyni olmuşdur. Alimlərin mülahizəsinə görə, insan həyatının ən kritik dövrü 44 yaşdır.

Əslində, məntiqi cəhətdən  insan qocalığı və ölümü nə qədər çox hiss edirsə, bir o qədər özünü bədbəxt hesab edir. Lakin tədqiqat müəlliflərindən biri, professor Endryu Osvald söyləyir ki, bu, tamamilə əksinədir: "Orta yaşlı insanlar depressiyaya daha çox meyilli olub qoca insanlara nisbətən özlərini qat-qat az xoşbəxt hesab edirlər".

Hazırda mütəxəssislər bu “krizisin” əmələ gəlmə səbəbləri kimi  bir neçə  fərziyyənin üzərində dayanırlar. Bunlardan birinə görə, gənc yaşlarda insanın bir çox arzu və təşəbbüsləri olur və onların  gələcəkdə tamamilə həyata keçəcəyini güman edir. Bu səbəbdən də  yaşlaşdıqca xəyallarının həyata keçməsi üçün zamanın az qaldığını düşünüb məyus olur və əlləri işdən soyuyur.

İnformasiya "Live Science" jurnalında dərc olunub.

 

İlan niyə tibbin simvoludur?

Yəqin ki,  səhiyyə ocaqlarının loqosuna çevrilən  qədəhə sarılmış ilan simvolu çoxlarınıza tanışdır. Heç düşünmüsünüzmü müasir tibbin rəmzi hesab edilən  bu simvolun kökü hardan qaynaqlanır?

Tibbin tarixinə nəzər salsaq  onun köklərinin çox-çox qədimlərə gedib çıxdığını görərik. Hətta insanlığın yaranışından tutmuş antik yunan mifologiyasına və müasir tibbə qədər desək, yanılmarıq.  Təbii ki, tibbin tarixi ilə bağlı bəzi rəvayətlər qədim insanın təxəyyülünün məhsuludur. Lakin müasir tibbin rəmzinə çevrilmiş bir çox piktoqrafik – yəni şəkilli yazılar var ki, kökü həmin mifologiyalardan qaynaqlanır.

İlanın hekayəsinin insanlığın doğulması ilə başlandığına inanılır. Rəvayətə görə, Həvvanı  qadağan olunmuş meyvəni yeməyə razı salan şeytan onun yanına ilan şəklində gəlibmiş. Başqa bir əfsanəyə görə isə  şeytan cənnətin qapısına keşik çəkən ilanı aldadaraq içəri daxil olub. Bu səbəbdən də qadağan olunmuş meyvəni yeyən Adəm və Həvva cənnətdən qovulub. Hətta o zamana qədər ilanın ayaqlı bir məxluq olduğuna və bu səhvinə görə onun sürünməyə məhkum edildiyinə də inanılır. Bu məlumatın nə dərəcədə doğru olduğu bilinməsə də, ilanla bağlı bir çox rəvayətlər onun həyat, ölüm,  xəta, sirr və s. kimi anlayışlarla əlaqəli olduğunu göstərir.

Bundan əlavə, qədim mənbələrdə ilanın dərisini dəyişməsi və həmişə cavan qalması ölümsüzlüyün  işarəsi hesab edilir. Bu səbəbdən ilanların ölümsüz olduğunu düşünənlər onu müqəddəs hesab edirdilər. Yunan mifologiyasında Asklepius (Asclepius) adlı Sağlamlıq tanrısının olması haqqında rəvayətlər də var. Rəvayətə görə, o, əlindəki əsa ilə xəstələrə şəfa verirmiş. Bu əsanın üzərinə isə ilan dolanıbmış.

İlanların zəhərindən bir çox dərmanlar hazırlandığı hamıya məlumdur. Bu dərmanlar əsasən piyalələrdə hazırlanırdı. Apteklərdə gördüyümüz piyaləyə dolanan ilan simvolunun da buradan qaynaqlandığı ehtimal olunur. Onu da qeyd edək ki, bu simvol ümumdünya səhiyyə təşkilatının da rəmzi hesab olunur.

İnformasiya duzceninsesi.com.tr veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".