İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

FİDE reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq siyahısına əsasən Azərbaycan şahmatçısı Teymur Rəcəbov 5 pillə irəliləyərək 11-ci olub (2747 xal), Şəhriyar Məmmədyarov isə 1 pillə geriləyərək 2741 xalla 14-cüdür. Qədir Hüseynov (2661 xal) 86-cı, Nicat Abbasov (2646 xal) 100-cü, Rauf Məmmədov (2646 xal) isə 102-ci sıradadır.

Qadın şahmatçılarımızdan İtaliyada gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 36 pillə irəliləyərək 62-ci yerdə qərarlaşıb (2387 xal). Günay Məmmədzadə (2472 xal) 20-ci, Ülviyyə Fətəliyeva (2428 xal) 37-ci, Xanım Balacayeva (2379 xal) 73-cü, Gülnar Məmmədova (2376 xal) 78-ci yerdədirlər.

 

Gimnastlarımız qızıl medal qazanıblar

Latviyanın paytaxtı Riqa şəhərində keçirilən batut gimnastikası üzrə "Latvian Cup" beynəlxalq turnirində Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər. Komandamızın üzvləri Nicat Mirzəyev və Ammar Baxşaliyev fərdi proqramda qızıl medala layiq görülüblər.

 

Şahmatçımız rapid turnirinin qalibi olub

Azərbaycan Şahmat Federasiyasının Gənclər və yeniyetmələr komissiyasının təşkilatçılığı ilə növbəti rapid turniri keçirilib. Turnirdə müxtəlif yaş qrupları üzrə ölkə çempionatının mükafatçıları və reytinqi 2200-dən yuxarı olan şahmatçılar iştirak edib. 7 turdan ibarət olan yarışda 41 şahmatçı mübarizə aparıb.

Milli komandanın üzvü Rauf Məmmədov 6 xal toplayaraq turnirin qalibi olub. Eyni xala malik Xəzər Babazadə ikinci, 5,5 xal toplayan Read Səmədov isə üçüncü yeri tutub.

Nərgiz İSMAYILOVA,

"Respublika".