Əziz Şuşa, sən azadsan!
Mədəniyyət

Əziz Şuşa, sən azadsan!

2022-ci il — "Şuşa İli"

"Şuşa Azərbaycanın gözüdür" - bunu ulu öndər Heydər Əliyev deyirdi. Şuşa nağıllar, möcüzələr diyarı, xanlar, bəylər məkanı, mədəniyyət beşiyimizdir. Bu şəhər bütün gözəllikləri, möcüzələri ilə yanaşı, həm də ən çox başı bəlalar çəkən, düşmən hücumuna məruz qalan tarixi yurd yerimizdir. Şuşa həm də strateji mövqe, əlçatmaz zirvədir. 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın 33 gün ərzində mühasirədə saxladığı şəhər öz iradə və qətiyyəti ilə tarixə düşmüşdür. 1992-ci il may ayının 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş, qürur, mərdlik, ləyaqət simvolumuz olan Şuşa tam 28 il murdar düşmənlərimizin əsarətində qaldı. Biz isə bu illəri qisas hissi ilə yaşadıq. Acımıza nisgilimizə, həsrətimizə bir ümid, inam işığı bağladıq. İnandıq, güvəndik ki, bir gün dövlətimiz, dövlət başçımız və müzəffər ordumuz bizi Şuşadan salamlayacaq. Bəli, o gün gəldi, 27 sentyabrda düşmən hücumu nəticəsində başlayan 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan ordusu Şuşanı işğaldan azad etdi. Bu müjdəli xəbəri Ali Baş Komandan İlham Əliyev bütün xalqına bəyan etdi. "Əziz Şuşa, sən azadsan! Biz, səni dirçəldəcəyik".

İşğal dövründə bu şəhər ermənilər tərəfindən darmadağın edilmişdir. Demək olar ki, bütün tarixi, mədəni abidələrimiz ya tamamilə dağıdılmış, ya da yararsız hala salınmışdır. Qələbədən az sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin də bərpasına başlanılmış, Şuşa Şəhəri Dövlət Qoruğu idarəsi yaradılmışdır. Şəhərdə dağıdılmış evlərin bərpasına, yeni evlərin tikintisinə başlanılmışdır. 2023-cü ilin sonlarında bu evlərin istifadəyə veriləcəyi nəzərdə tutulur. Eyni zamanda, Şuşada 90 çarpayılıq xəstəxana və 960 şagird yerlik tam orta məktəbin tikintisi də uğurla aparılır.

Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə bu il "Şuşa İli" elan edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə cari il ərzində şəhərdə keçirilən tədbirlər, səfərlər müxtəlifliyi ilə seçildi. Belə tədbirlərdən biri də "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə şəhid övladlarının "Zəfər" Yay Məktəbinin çrçivəsində Şuşaya səfərlərini təşkil etməsi oldu. Eyni zamanda, "YAŞAT" Fondu 26 İyun - Silahlı Qüvvələr Günündə Vətən müharibəsi qazilərinin və şəhid ailə üzvlərinin Şuşaya səfərini təşkil edib. Fondun təşkilatçılığı ilə bundan əvvəl də "Şəhid əmanətləri Şuşada " layihəsi çərçivəsində şəhidlərimizin övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər. Həmçinin təqaüdçü şuşalıların şəhərə səfəri 28 il öz doğma şəhərlərinin həsrəti ilə yaşayan ahıl insanlara qürur və sevinc hissləri yaşadıb. Artıq ikinci dəfə ənənəvi Vaqif Poeziya Günləri də "Şuşa İli" çərçivəsində reallaşdı. Maraqlı tədbirlərdən biri də Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalının keçirilməsi olub. Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəldilər. İlk dəfə Şuşada keçirilən festival vasitəsilə şəhərin qədimliyi, gözəlliyi və xalqımızın qonaqpərvərliyi bir daha dünyaya nümayiş olundu.

Ümumilikdə "Şuşa İli" ilə bağlı Mədəniyyət Nazirliyinin təşəbbüsü, təşkilatçılığı və dəstəyi ilə müxtəlif layihələr həyata keçirilib. "Şuşa mədəniyyətinin inciləri", "Şuşa söhbətləri", Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan "Şuşa dörd fəsildə" və digər layihələr buna misaldır.

Özü bütövlükdə muzey olan Şuşa şəhəri işğaldan azad edilən gündən dövlətin qayğı və diqqəti mərkəzindədir. Genişmiqyaslı bərpa və quruculuq işləri demək olar ki, şəhərin hər tərəfində aparılır. Ermənilər tərəfindən dağıdılan Yuxarı Gövhərağa məscidi ilkin memarlıq üslubuna uyğun təmir olunur. Şəhərdə altı məhəllədən ibarət iki min sakin üçün nəzərdə tutulan yeni yaşayış massivi inşa olunur. Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngindir. Təəssüflər olsun ki, bu abidələrin bir çoxu işğal dövründə yerlə yeksan edilərək tamamilə dağıdılıb. İşğal müddətində Şuşanın memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 8 mədəniyyət evi, 14 klub, 3 muzey dağıdılmış, 20 kitabxana yandırılmışdır.

Şuşa azad olunandan dərhal sonra Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa olunan mədəniyyət abidələrinin ilk lokomotivi Molla Pənah Vaqifin məqbərəsi oldu. Daha sonra Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olmuş, professional vokal məktəbinin banilərindən biri olan Bülbülün ev-muzeyi təmir olundu. Böyük Bülbülün anadan olduğu bu ev-muzeyi 1983-cü ildə yaradılıb. 1992-ci ildə Şuşanın işğalı zamanı muzeyin 9000-nə yaxın eksponatını çıxarmaq mümkün olmayıb. Bütün eksponatlar erməni vandalları tərəfindən evlə bərabər dağıdılmış və ev anbar kimi istifadə edilmişdir. Digər bərpa-təmir işləri aparılan muzeylərdən biri də böyük Üzeyir Hacıbəyovun ev-muzeyidir. Bundan başqa, Xan qızı Xurşidbanu Natəvana məxsus ikimərtəbəli ev də təmir olunur. Bu evi də erməni vandalları dağıdıblar.

Şuşada hər binanın, daşın, havanın da öz mənası, özəlliyi, gözəlliyi var. Dumanlı dağlarla əhatə olunmuş, başı buludlara dəyən şəhər hələ 1977-ci ildə tarix-memarlıq qoruğuna çevrilmişdir. Hətta o dövrlərdə Şuşada Dərman bitkiləri muzeyi də olub. Xalça muzeyi isə hazırda bərpa işləri aparılan Mehmandarovların yaşayış kompleksində fəaliyyət göstərib. İşğala məruz qalan şəhəri tanınmaz hala salan ermənilər bütün mədəni, tarixi abidələri ya tamamilə dağıtmış, ya da bərbad hala salmışdır. Erməni vəhşiliyinin ən böyük nümunələrindən biri də "Güllələnmiş heykəllər"dir. Milli-mədəni irsimizə amansızcasına davranan ermənilər Şuşada Üzeyir Hacıbəyovun, Natəvanın və Bülbülün heykəllərini əvvəlcə güllələyib, sonra isə xarici olkələrə qiymətli material kimi satmağa çalışıb. Ancaq dövlətimiz vaxtında bundan xəbər tutmuş, heykəlləri Bakıya gətirməyə nail olmuşdur. Şuşanın azadlığından sonra heykəllər də öz doğma məkanına qovuşmuşdur. Yaxın vaxtlarda Şuşanın bütün tarixi, mədəni və dini abidələri bərpa edilib öz əvvəlki görkəminə qaytarılacaq. Qafqazın Konservatoriyası adlanan Şuşa yenə də gülüstana çevriləcək.

Ramidə YAQUBQIZI,

"Respublika".