İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

“Skopje” açıq turnirində təmsilçimiz çıxışını davam etdirir

Şimali Makedoniyada keçirilən "Skopje" açıq turnirində Azərbaycan şahmatçısı Vüqar Rəsulov növbəti qələbəsini qazanıb. Təmsilçimiz səkkizinci turda Nikola Djukicə (Monteneqro) qalib gələrək aktivinə daha bir xal əlavə edib. Yeddi xal toplayan şahmatçımız turnir cədvəlində birinci yerə yüksəlib. V.Rəsulov növbəti turda serbiyalı Drazic Sinisaillə üz-üzə gələcək. İsveçrə sistemi üzrə təşkil edilən turnir 9 turdan ibarətdir.

 

Şahmatçılarımız çempionatda iştirak edəcəklər

Noyabrın 19-dan 26-dək Yerusəlim şəhərində şahmat üzrə komanda dünya çempionatı keçiriləcək. Yığmamızın heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli, Misrətdin İsgəndərov, Nicat Məmmədov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Abdulla Qədimbəyli yer alıblar.

Mundialda Azərbaycan komandası da daxil olmaqla, 12 komanda iştirak edəcək. Komandaların heyətlərində tanınmış şahmatçılar - fransız Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri, eləcə də özbəkistanlı Cavohir Sindarov və Hindistan təmsilçisi Nihal Sarin mübarizə aparacaqlar.

 

Cüdoçularımız 3 medal qazanıblar

Bosniya və Herseqovinanın Sarayevo şəhərində 23 yaşadək gənclər arasında Avropa çempionatına Azərbaycan cüdoçuları mübarizəyə başlayıblar. Çempionatda 40 ölkədən 306 idmançı yarışır. Azərbaycan yarışda 14 idmançı  - 8 oğlan, 6 qız ilə təmsil olunur.

60 kq çəki dərəcəsində mübarizə aparan Nazir Talıbov qızıl,  Kənan İsmayılov gümüş medal qazanıb. Qızların yarışında isə Könül Əliyeva (48 kq) gümüş medala sahib olub. Komandamızın aktivində 1 qızıl, 2 gümüş medal var. Bu nəticə ilə yığmamız ümumi hesabda birinci yeri tutur.

 

Zəfər Gününə həsr olunmuş basketbol üzrə turnir keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xətai Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 269 nömrəli tam orta məktəbin meydançasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş 3x3 basketbol üzrə turnir keçirilib.

Yarışın nəticələrinə görə, 269 nömrəli tam orta məktəbin komandası birinci olub. 17 nömrəli tam orta məktəb ikinci, 27 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillədə yer alıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".