Hər günü bir tarix idi…
Tarix

Hər günü bir tarix idi…

 

30 oktyabr 2020-ci ildə gecə ərzində döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 ədəd PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib sıradan çıxarılıb.

                                                                                        ***

Saat 07:35-dən başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

                                                                                        ***

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən, fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirib.

                                                                                        ***

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,  döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə tutulması səbəbindən yanğın baş verib. Meşəlik ərazi bu gün səhər saatlarından da yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb. Həmçinin, Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşə məruz qalması nəticəsində də meşəlik zonada yanğın olub.

                                                                                        ***

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin cənub istiqamətində torpaqlarımızı Ermənistan işğalçı ordusundan təmizləməkdə davam edib. Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının daha doqquz kəndi azad edilib... Prezident İlham Əliyev bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

                                                                                        ***

Saat 12 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətindən  Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutub. Ermənistan silahlı qüvvələrinin Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb.

                                                                                        ***

Bərdəni atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus bir “Smerç” yaylım atəşli reaktiv sistemi, Bərdə və Tərtər şəhərlərinə atəş açan düşmənin iki “Smerç” sistemi, bir ədəd “Osa” zenit-raket kompleksi bölmələrimiz tərəfindən məhv edilib. Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini, raket-artilleriya silahları anbarını dəqiq zərbələrlə məhv edib.

                                                                                        ***

Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub. Soltanlı, Xələfli, Xudafərin və Qumlaq kəndlərində sərhəd zastavaları üzərində bu gün dövlət bayrağı ucaldılıb. Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb. 1993-cü ildə işğal olunmuş, 27 ildən sonra azad edilmiş dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

 

31 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri Ağcabədi və Ağdam rayonlarının yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Ağcabədidə kəndə düşən mərmilər 2 fərdi evdə dağıntılara səbəb olub. Sakinlər arasında xəsarət alan olmasa da, yerli sakinlərə maddi ziyan dəyib. Kənd məzarlığına düşən top mərmiləri məzarüstü qəbir daşlarını dağıdıb. Eyni zamanda yerli sakinlərə məxsus mal-qara tələf olub.

                                                                                        ***

 Səhər saat 00:05 radələrindən başlayaraq ermənilər Ağdamın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Yerli sakinlərin verdiyi xəbərə görə, mərmilərdən bir neçəsi rayonun Xındırıstan kəndində yaşayış evlərinə və Mexaniki Suvarma Sistemləri İdarəsinə düşüb. Sakinlər arasında xəsarət alan olmasa da, yerli sakinlərə maddi ziyan dəyib.

                                                                                        ***

Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritə növbəti dəfə yenilənib. Həmin xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən dörd şəhər, üç qəsəbə, 185 kənd və Murovdağ zirvəsi qeyd olunub. Xəritədə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.

                                                                                        ***

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində qədim tarixə malik dini-mədəniyyət abidələrinin dağıntılara məruz qalması ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara videomüraciət edib.

                                                                                        ***

Türkiyənin İstanbul şəhərində İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib. “Kadıköy İskele” meydanında Mustafa Kamal Atatürkün heykəli önündə keçirilən aksiya zamanı Azərbaycan icması ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Təbdirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəsini dəstəklədiklərini bildirib işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarını pisləyiblər. Aksiyanın sonunda tədbir iştirakçıları Azərbaycanın yanında olduqlarını və erməni təcavüzünü, erməni terrorunu kəskin qınadıqlarını bildirib dünya birliyindən ədalətli mövqe nümayiş etdirməyi tələb edən bəyanat qəbul ediblər.

                                                                                        ***

Azərbaycanda fəaliyyət göstərən QHT-lər Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair bəyanat yayıb.

“Respublika”.