HƏR GÜNÜ BİR TARİX İDİ...
Tarix

HƏR GÜNÜ BİR TARİX İDİ...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

29 oktyabr 2020-ci il

Gecə ərzində döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib sıradan çıxarılıb.

***

Saat 09:25 radələrində Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutub. Nazirlik Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntüsünü yayımlayıb.

***

Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Ötən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.

***

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Türkiyə xalqının 29 Oktyabr - Respublika Günü münasibətilə paylaşım edilib. Paylaşımda deyilir: "Qardaş Türkiyə xalqını 29 Oktyabr - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik olduğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun!".

***

Saat 12:30 radələrində Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

***

Günorta saatlarında Azərbaycan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridor açaraq 30-a yaxın hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

***

İşğalçı erməni ordusu daha 51 hərbçisinin öldürüldüyünü etiraf edib. Ermənistan tərəfi məhv edilən hərbçilərinin siyahısını açıqlayıb.

***

Saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki "Su-25" hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

***

Saat 15 radələrində Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalıb.

***

Saat 17 radələrində Ermənistan silahlı qüvvələrinin Goranboy rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində rayonun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində bir nəfər həlak olub, yaşayış evinə ciddi ziyan dəyib.

***

Saat 18 radələrində humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisini artilleriya atəşinə tutub.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. Fərmana əsasən azad olunan ərazilərdə yerləşən hər bir bölgə üçün müvəqqəti komendant təyin olunur.

***

29 Oktyabr - Respublika Günü münasibətilə həmin gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı proyeksiya olunub.

"Respublika".