DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: RUSİYA QAZININ AVROPAYA PAYLANMASINI TƏMİN EDƏCƏYİK

“Rusiya ilə apardığımız danışıqlar nəticəsində bu ölkədən təbii qazın “Türk axını” qaz kəməri ilə Avropaya paylanmasını təmin edəcəyik”. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışı zamanı bəyan edib.

Dövlət başçısı hakim partiya üzvləri qarşısında çıxışı zamanı ölkənin enerji sahəsində uğurlarına da toxunaraq, Türkiyənin Qara dənizdə 540 milyard kubmetr qaz ehtiyatı olan yataq kəşf etdiyini xatırladıb.

Eyni zamanda, Türkiyə lideri İstanbulda kanalın tikintisi ilə bağlı işlərin tezliklə başlanacağını da açıqlayıb. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi İstanbul boğazını təhdid edən ekoloji təhlükələri aradan qaldıracaq.

Xatırladaq ki, bir müddət öncə Rusiya və Türkiyə prezidentləri Türkiyədə qaz qovşağının yaradılması məsələsinin ətraflı və tez bir zamanda işlənib hazırlanması ilə bağlı göstəriş vermişdilər.

 

ALMANİYA KANSLERİ YUNANISTANIN TƏZMİNATLA BAĞLI TƏLƏBİNİ RƏDD EDİB

Almaniya Kansleri Olaf Şoltz Yunanıstan hökumətinin nasist işğalına görə bu ölkəyə yüz milyardlarla avro təzminat ödəməsi tələbini rədd edib. “Teleqraf.com”un xəbərinə görə, kansler işğal məsələsinin hüquqi və siyasi baxımdan bağlandığını bildirib.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias bundan öncə bildirib ki, təzminat məsələsi həm hökumət, həm də yunan cəmiyyəti üçün yarımçıq qalır və bu, bir prinsip məsələsidir.

Eyni zamanda, Yunanıstan rəsmiləri serbiyalı həmkarları ilə Şərqi Avropa ölkələrinə veriləcək müharibə təzminatı ilə bağlı təklifin hazırlanması üçün görüşlər keçiriblər.

Yunanıstan 1945-ci ildən bəri məcburi hesab etdiyi təzminatın ödənilməsinə çalışır, lakin Almaniya tərəfindən həmişə rədd cavabı alır. Berlin borcunu niyə ödəmədiyini bir neçə arqumentlə əsaslandırır. Rəsmi Afina isə bütün bu arqumentləri etibarsız sayır.

 

Nasist ordusu 1941-ci ildə Yunanıstanı işğal edərək, 1944-cü ilə qədər orada qalıb. Bu dövrdə Yunanıstanda yüz minlərlə dinc insan, ümumilikdə isə əhalinin 13 faizi qətlə yetirilib.

 

UKRAYNA avropadan ELEKTRİK ENERJİSİNİN SINAQ İDXALINI HƏYATA KEÇİRİB

Ukraynanın dövlət enerji şirkəti Avropadan elektrik enerjisinin ilk sınaq idxalını həyata keçirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə müəssisənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, elektrik enerjisinin sınaq idxalı Slovakiyadan həyata keçirilib və onun gücü 1 MVt təşkil edib.

“Avropadan Ukraynaya elektrik enerjisinin idxalının texniki imkanları bizim enerji sistemimizin fəaliyyətini sabitləşdirmək üçün daha bir vasitədir. Biz onun həyata keçirilməsinə hazır olmalıyıq”, - deyə müəssisənin baş direktoru Vitali Butenko vurğulayıb.

Məlumata əsasən, Ukraynanın enerji şirkəti idxal hüququnu dövlətlərarası elektrik şəbəkələrinə çıxışı açıq hərrac nəticəsində əldə edib.

 

Böyük BRİTANİYA III ÇARLZIN TƏSVİRİ OLAN SİKKƏLƏRİN BURAXILIŞINA Başlayib

Böyük Britaniya Kral Sikkəxanası üzərində ölkənin yeni kralı III Çarlzın təsviri olan 50 pens nominalında sikkələrin buraxılmasına başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Daily Telegraph” nəşri məlumat yayıb.

Bildirilir ki, bu il dizaynı heykəltəraş Martin Cenninqs tərəfindən hazırlanmış 9,6 milyon sikkə zərb ediləcək. Bu sikkələr dekabr ayında dövriyyəyə buraxılacaq.

Britaniya tarixində rekord 70 il 7 ay hakimiyyətdə olmuş kraliça II Elizabetin xatirəsinə hörmət əlaməti olaraq sikkələrin reversində onun portreti əks olunacaq.

Məlumata əsasən, kralın təsviri olan yeni sikkələrlə yanaşı, II Elizabetin təsviri olan sikkələr də dövriyyədə qalacaq. Hazırda Böyük Britaniyada üzərində mərhum kraliça II Elizabetin təsviri əks olunmuş 27 milyard sikkə dövriyyədədir.

Xatırladaq ki, bir müddət öncə İngiltərə Bankı 2024-cü ildən III Çarlzın əks olunduğu yeni əskinasların dövriyyəyə buraxılacağını elan etmişdi.

 

ABŞ UKRAYNADA SİLAHLARA NƏZARƏT PLANI HAZIRLAYIB

ABŞ Ukraynadakı müharibə zamanı Qərbin Rusiya tərəfindən silahlarını ələ keçirməsinə qarşı plan hazırlayıb. Bu barədə “Report” agentliyi ABŞ-ın Dövlət Departamentinə istinadən məlumat yayıb.

Dövlət Departamentinin bəyanatında bildirilir ki, Qərb tərəfdaşları Ukraynaya silah tədarükünü sürətləndiriblər. Ukrayna isə öz növbəsində onların qeydiyyatını aparmağı və qorunmasını öhdəsinə götürür.

“Hər hansı bir münaqişədə olduğu kimi, biz kriminal və qeyri-dövlət subyektlərinin münaqişə zamanı və ya ondan sonra Rusiya hərbçiləri də daxil olmaqla Ukraynada qeyri-qanuni yollarla silah əldə etməyə cəhd edə biləcəyi ehtimalına qarşı ehtiyatı əldən vermək istəmirik”, - deyə Dövlət Departamentinin açıqlamasında qeyd olunur.

Dövlət Departamentinin Qərb silahlarının ələ keçirilməsinə qarşı mübarizə planına əsasən Ukraynada, qonşu ölkələrdə silah və sursatların ötürülməsi, yerləşdirilməsi və saxlanması zamanı mühafizəsi və uçotu aparılacaq. Həmçinin bildirilir ki, regional təhlükəsizliyin idarə edilməsi təkmilləşdiriləcək, qeyri-qanuni silah alverinin qarşısını almaq, aşkar etmək və dayandırmaq üçün təhlükəsizlik qüvvələrinin, hüquq-mühafizə orqanlarının və sərhəd nəzarəti orqanlarının potensialı inkişaf etdiriləcək.

 

EKSPERT: TÜRKİYƏ İQTİSADİYYATI PİK HƏDDƏ YÜKSƏLƏCƏK

Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Bruks Türkiyə iqtisadiyyatı ilə bağlı diqqətçəkən açıqlama verib. “Teleqraf.com”un verdiyi xəbərə görə, mütəxəssis türk iqtisadiyyatının pik həddə yüksələcəyini bildirib.

“Digər inkişaf etməkdə olan bazarlardan fərqli olaraq, Türkiyə ixrac həcmlərində sürətli artım yaşadı. Türkiyə ixracının böyük həcmini və rəqabət gücünü nəzərə alsaq, bu ölkənin qlobal iqtisadiyyatda uğurlu olması üçün bir çox şərtlər mövcuddur. Sadəcə makro sabitlik lazımdır və nəticədə Türkiyə bum yaşayacaq”, - deyə Robin Bruks vurğulayıb.

Məlumata əsasən, sentyabr ayında Türkiyənin ixracatı əvvəlki ilin eyni ayına görə 9,2 faiz artaraq 22,6 milyard dollara çatıb. Bu, sentyabrdan indiyədək qeydə alınmış ən böyük ixrac həcmidir.

Bununla yanaşı, Türkiyənin 2022-ci ilin yanvar-sentyabr dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 188,2 milyard dollara çatıb.

 

NENSİ PELOSİNİN EVİNƏ BASQIN EDƏNLƏR ONUN HƏYAT YOLDAŞINI YARALAYIB

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi San-Fransisko şəhərindəki evində hücuma məruz qalıb. “Trend” agentliyinin məlumatına görə, hadisə oktyabrın 28-də səhər saatlarında baş verib.

Verilən xəbərə əsasən, naməlum şəxs evə daxil olaraq Pol Pelosiyə xəsarətlər yetirib. Nəticədə P.Pelosi xəstəxanaya yerləşdirilib və onun həyatına təhlükə olmadığı vurğulanır.

Eyni zamanda, qeyd olunur ki, hücum edən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.

Bununla yanaşı, Nensi Pelosinin hücum zamanı San-Fransiskoda olmadığı bildirilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.