İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Şahmatçımız Qran-Pri turnirində ikinci olub

Rumıniyada keçirilən şahmat üzrə Qran-Pri turnirində ölkəmizi  Misrətdin İsgəndərov və Ülvi Sadıqov təmsil ediblər. İsveçrə sistemi üzrə keçirilən yarışda 41 şahmatçı iştirak edib. Təmsilçilərimiz doqquz turdan 6,5 xal toplayıblar. Misrətdin İsgəndərov ikinci, Ülvi Sadıqov isə dördüncü pillədə yer alıblar.

 

Zəfər Gününə həsr olunan stolüstü tennis yarışı keçiriləcək

Oktyabrın 28-dən 29-dək Zəfər Gününə həsr olunan stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” devizi ilə respublika turniri keçiriləcək.

Yarışda Azərbaycanın müxtəlif bölgələrindən 2012-ci il təvəllüdlü və daha az yaşlı idmançılar yarışacaqlar. Yarış Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunacaq.

 

Şahmatçımız turnirdə mübarizəni davam etdirir

Şimali Makedoniyada İsveçrə sistemi üzrə təşkil edilən turnir və 9 turdan ibarət  “Skopje” açıq turniri davam edir. Təmsilçimiz Vüqar Rəsulov 6 xalla turnir cədvəlində Anton Demçenko və Luka Draskoviç (Monteneqro) ilə ilk üç pilləni bölüşür. Vüqar Rəsulovun növbəti turdakı rəqibi Nikola Djukic olacaq.

 

“Sağlam bədəndə sağlam ruh” devizi ilə yarış keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Neftçala şəhər stadionunda gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi ilə idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib. İştirakçılar müəyyən olunan marşrut üzrə 1000 metr məsafəyə kross qaçışı və gimnastika hərəkətləri ilə çıxış ediblər.

Yarışların sonunda hər bir hərəkət üzrə birinci, ikinci və üçüncü yerləri tutan idmançılar DİN-in İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Nərgiz İSMAYILOVA,

“Respublika”.