Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Çox da mənəm-mənəm deməyin...

Yəqin ki, həyatınızda heç olmasa bircə dəfə də olsa daim özünü öyən "mənəm-mənəm" deyən biri ilə rastlaşmısınız. Adətən belə şəxslər düşdükləri şəraitdən və məkandan  asılı olmayaraq, yeri gəldi-gəlmədi özlərindən danışmağı sevirlər. Onlar özlərini hər qazanılan uğurun yeganə səbəbkarı kimi görürlər. Şübhəsiz ki, belə insanlar istər iş həyatında, istərsə də qeyri-iş münasibətlərində cəmiyyətdə xoş qarşılanmır. Kənardan çox güclü xarakter təsiri bağışlayan  bu cür insanlar əslində heç də göründüyü kimi deyilmişlər. Belə ki, almaniyalı alimlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, birinci şəxsin təkində danışmağa meyilli olan insanlar psixoloji cəhətdən çox zəifdirlər.

"Journal of Research in Personality" jurnalında dərc olunan araşdırmaya görə, özlərini öyən insanların digərlərinə nisbətən depressiyaya daha çox meyilli olduğu müəyyən edilib.

Sınaqlara cəlb edilən 65 qadın və 53 kişi olmaqla ümumilikdə  118 nəfər arasında  aparılan müsahibələrdə “mən” kəliməsindən tez-tez istifadə edən respondentlərin depressiyaya daha çox düşdüyü məlum olub. Daha bir  maraqlı məqam isə odur ki, bu insanların əksəriyyətində  tənhalıqla bağlı  problemin də olduğu aşkarlanıb.

 

Çox yediyini düşünənlər, əslində…

İngiltərəli elm adamları bu yaxınlarda iştahla bağlı maraqlı bir araşdırma aparıblar. Araşdırmanın nəticələri hər kəsi heyrətləndirib. Belə  ki, çox yediyini  düşünən insanların əslində az yediyi və bu düşüncənin psixoloji olaraq iştaha təsir etməklə onun azalmasına səbəb olduğu məlum olub.

İngiltərənin  Bristol Universitetinin professoru Ceffri Brunstorm və komandası  nahar yeməyində sınaqlara cəlb edilən 100-ə yaxın könüllünün bəzisinə  300 millilitr, bəzisinə isə 500 millilitr şorba təqdim edib.

Tədqiqatçılar yemək zamanı hiyləyə əl atmaqla ağlasığmaz bir üsuldan istifadə edərək könüllülərin qabındakı şorbanın miqdarını dəyişdiriblər. Nəticədə 500 millilitr şorba içdiyini düşünənlər 300 millilitr, qabın 300 millilitr olduğunu düşünənlər isə 500 millilitr şorba içiblər. Ən maraqlısı isə odur ki, çox yemək yediyini zənn edənlər  hiyləni başa düşməyiblər. Üstəlik yeməkdən 2 saat sonra 500 millilitr şorba içdiyini zənn edənlərin digərlərinə nisbətən daha az ac olduqları, iştahlarının isə  olmadığı müşahidə edilib.

Araşdırmanın piylənmə ilə mübarizəyə cığır aça  biləcəyini bildirən elm adamları, nəticələrin aclığın idarə olunmasında idrakın mühüm əhəmiyyət kəsb etdiyini göstərdiyini qeyd ediblər.

İnformasiya " TRT Haber" veb saytında yayımlanıb.

 

Vücudumuzdakı elektrik yükündən necə qurtula bilərik?

Hərdən kiminləsə əl ilə salamlaşanda, dəmirdən olan nəyəsə toxunanda, sintetik, yaxud yun paltarları əynimizdən çıxaranda bizi yüngül elektrik cərəyanı vurduğunu hiss edirik. Bir çoxları bədənində elektrik axını olduğunu hiss etdikdə bundan  yaxa qurtarmaq üçün əlinə açar alıb dəmirə vurur və yaxud başqa tədbirlərə əl atırlar. Heç düşünmüsünüzmü bunun səbəbi nə ilə əlaqəlidir? Niyə insanlarla və ya hansısa bir əşya ilə təmasda olanda bizi elektrik cərəyanı vurur? Bəs bu vəziyyətdən necə yaxa qurtara bilərik? 

Əvvəla qeyd edək ki,  gündəlik vərdişlərimiz bədənimizdəki elektromaqnit kirliliyini artırır. Elektromaqnit kirlilik isə mobil telefonlar başda olmaqla bütün elektrik cihazlarından yayılan dalğalardan qaynaqlanır, stress və bədən yorğunluğuna səbəb olacaq elektrostatik yükü artırır. Mütəxəssislər hər səhər  duş qəbulunun bütün bədəni elektromaqnit yükündən xilas edəcəyini, stress və yorğunluğu aradan qaldıracağını söyləyirlər. Əgər hər gün duş qəbul etməyə imkanınız yoxdursa, əlinizi suya tutmaq, ya da əllərinizi tez-tez yumaqla  vücudunuzdakı elektrik yükünün azalmasına kömək edə bilərsiniz.

Stressə səbəb olan elektromaqnit kirliliyinin zərərlərindən biri də insanı tənbəlləşdirməsidir. Bu təhlükədən qorunmaq üçün sağlam qidalanmaqla yanaşı, elektrik cihazlarını mümkün olduqca balanslı istifadə etməlisiniz. Gündəlik qidalanmada immuniteti gücləndirəcək qidalara çox yer verməlisiniz. Saçınızı saç qurutma aləti yerinə təbii şəkildə qurudun. Mobil telefon yerinə ev telefonundan çox istifadə etməklə elektromaqnit kirliliyi azalda bilərsiniz.

Qeyd edək ki, çılpaq ayaqla torpaqda gəzmək və ya hansısa metal əşyanın üzərində gəzib dayanmaq da elektromaqnit kirliliyi azaldır.

İnformasiya "Life Science" veb saytında yayımlanıb.

 

 

Pendirin tarixini dəyişdirəcək kəşf

Xorvatiyada aparılan arxeoloji tədqiqatlar zamanı pendirin tarixinə işıq salan yeni bir kəşfə imza atılıb. Belə ki, bölgədə tapılan 7min 200 illik pendirin, daha əvvəllər Misirdə tapılan pendirdən xeyli qədim olduğu ortaya çıxıb.

Qeyd edək ki, qısa müddət bundan əvvəl  Misirin paytaxtı Qahirənin cənubunda yerləşən Giza əyalətində 3200 illik sarkofaqın ( daş tabut) içərisində dünyanın ən qədim pendiri tapılmışdı. Lakin Xorvatiyanın Pokrovnik və Danilo Bitinj kəndlərində aparılan son araşdırmalar indiyə qədər bilinən ən qədim  pendiri üstələdi.

Kəndlərdə aparılan araşdırmalar zamanı tapılan antik qazanların dibində yağ turşularına rast gəlinib. Laboratoriya şəraitində  turşuları araşdıran tədqiqatçılar pendir qalıqları da tapıblar. Qalıqların təxminən 7200 il əvvələ aid olduğu güman edilir.  Müasir cəmiyyətdə pendirin mühüm rol oynadığı danılmaz faktdır. Lakin 7200 il əvvəl bu qidanın südlə yanaşı,  qədim insanların həyatını xilas etdiyinə dair bir sıra dəlillər var. Pendir hazırlamaq üçün istifadə edilən  qabların analizi buna əyani sübutdur. Daha əvvəlki tədqiqatlar ən azı 7700 il bundan qabaq qədim insanların süddən istifadə etdiyini göstərmişdir. Lakin yeni araşdırma Neolit ​​dövrünün insanlarının  südü gözlənildiyindən daha tez pendirə çevirməyi öyrəndiyini göstərir.

Alimlər zülalla zəngin, yaxşı kalori mənbəyi olan pendir və südün keçmişdə daha çox istifadə edildiyini və  bu səbəbdən də qədim insanların  ömrünün daha uzun olduğunu düşünürlər.

Araşdırma "Plos One" jurnalında dərc olunub.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".