İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. Ölkəmizin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 38 komandanın 146 boksçusu qüvvəsini sınayıb. Yeddi gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Turnirin komanda hesabında "Neftçi" klubu 46 xalla birinci yeri tutub. İkinci pilləyə 21 xalla BFL, MOİK 18 xalla üçüncü olub.

Həlledici döyüşlərdə qalib gələn Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) çempion tituluna sahib olublar

 

Azərbaycan qılıncoynadanı turnirin qalibi olub

Qılıncoynatmanın sablya növü üzrə milli komandamızın üzvü Valeriya Bolşakova Antalyada keçirilən "Satellite" turnirinin qalibi olub.

Qılıncoynadanımız həlledici görüşdə Qazaxıstan idmançısını 15:11 hesabı ilə məğlub edib və qızıl medal qazanıb.

 

İdmançımız Avropa birinciliyində bürünc medal qazanıb

Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyi yarışlarında yığma komandamızın üzvləri Əli Şükürlü və Rəhman Kazımov yaşı 20-dək olan idmançılar arasında 109 kiloqram çəki dərəcəsində yarışıblar.

Əli Şükürlü birdən qaldırma hərəkətində bürünc, təkanla qaldırma hərəkətində isə altıncı pillədə qərarlaşıb. Toplamda 350 kiloqram nəticə göstərən atletimiz yekun sıralamada 4-cü yeri tutub. Rəhman Kazımov isə yeddinci yerə layiq görülüb. Yığma komandamız Avropa birinciliyini 3 qızıl, 4 gümüş və 2 bürünc olmaqla toplamda 9 medalla başa vurub.

 

Cüdoçularımız beynəlxalq turnirdə iştirak ediblər

Sloveniyanın Slovenc Qradek şəhərində yeniyetmələr (U-15 və U-18) arasında cüdo üzrə sayca 46-cı açıq turnir keçirilib.

Yarışda 22 ölkədən 602 idmançı mübarizə aparıb. Azərbaycan cüdoçuları 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıblar. Belə ki, 15 yaşadək cüdoçu qızlar arasında Nuranə Hacızadə (48 kq) gümüş, Vüsalə Hacıyeva qızıl, Aytən Verdiyeva gümüş, Aysun Məmmədova (hər üçü 52 kq) bürünc medal qazanıb. On səkkiz yaşadək qızların yarışında isə Məryəm Bayramzadə (40 kq), Aytən Verdiyeva və Fidan Qasımova (57 kq) qızıl medala sahib olublar. Bu yaş qrupunda Vüsalə Hacıyeva isə gümüş medal əldə edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".