Görülən işlər miqyası və əhəmiyyəti ilə seçilir
MÜSAHİBƏLƏR

Görülən işlər miqyası və əhəmiyyəti ilə seçilir

Son illər respublikamızın enerji sahəsinin etibarlılığının təmin edilməsi və mükəmməl infrastrukturun yaradılması istiqamətində təqdirəlayiq işlər görülür. Ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə və dünya standartları səviyyəsinə çatdırılmasına maksimum səy göstərilir. Hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, həm də elektrik enerjisi ixrac edir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 7 il öncə yaradılmış "Azərişıq" Səhmdar Cəmiyyətində təcrübəli energetiklər ordusu yaranmışdır. Abonentlər fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur, qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.

Son illər generasiya gücləri yaradılmış, bir çox elektrik stansiyaları inşa edilmiş, eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə də böyük diqqət göstərilmişdir.

"Azərişıq" ASC-nin məqsədyönlü fəaliyyəti sayəsində paytaxtın Nizami rayonunda son illər müsbət irəliləyişlər müşahidə olunur, xidmət işi abonentləri razı salır, rayonun əhatə etdiyi ərazilərdə yenidənqurma işləri davam etdirilir.

Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zaur Şirəliyevlə söhbət edərkən o, bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- Cari ildə energetiklərimiz ikiqat qüvvə ilə çalışırlar. Prezident cənab İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: "Biz çox müasir enerji sistemimizi yaradırıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrdə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji ilə təminat necədir? Son illər hər zaman müsbət rəylər eşidirəm. Bu məni çox sevindirir. Bu onu göstərir ki, "Azərenerji" və "Azərişıq" bu istiqamətdə çox böyük işlər görürlər...".

Qürur hissi ilə qeyd etmək lazımdır ki, 2020-ci ildə ərazilərimiz işğaldan azad olunduqdan sonra həmin yerlərdə energetika sistemi yeniləşir, məqsədyönlü işlər aparılır.

Hazırda Nizami rayonunun ərazisində əhali sektorunda 65187, qeyri-əhali sektorunda 4200 abonent vardır. Vurğulamaq lazımdır ki, cari ilin ötən 9 ayında satış tapşırığı 101,9 faizlə yerinə yetirilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.

Qeyd etmək lazımdır ki, rayon Enerji Təchizatı və Satışı İdarəsinin balansında 2 ədəd 110 kv, 8 ədəd 35 kv olmaqla 10 ədəd yarımstansiya var. Rayon üzrə qoyulmuş güc 460,6 MVT təşkil edir.

110 kv-luq 2 ədəd yarımstansiya Bakı Neft Emalı Zavodunu qidalandırır. Ümumilikdə 302 ədəd TM və KTM abonentlərə nümunəvi xidmət göstərir.

İlin 9 ayında 110 kv yarımstansiyada 110 kv-luq 4 ədəd transformator sınaq olunub. Rele mühafizəsi və avtomatika yoxlanılıb və cari təmir işləri yerinə yetirilib. TM 46-da 630 KVA transformator 1000 KVA transformatorla əvəz edilmişdir. İstismara yararsız olan KTM 13/4 160 KVA yeni 400 KVA KTM ilə əvəz olunub. Əlavə olaraq yarımstansiyalarda 35,10 və 6 kv-luq çıxış xəttində, yuvalarda cari təmir işləri aparılıb, rele mühafizəsi və avtomatika yoxlanılıb.

Yarımstansiya və TM-lərdə tikinti-təmir işləri aparılıb, dam örtükləri təmir olunub.

Yaşayış binalarında paylayıcı lövhələr, sayğac panoları əsaslı təmir olunub, aşkar olunan qüsurlar aradan qaldırılıb.

2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq ilə əlaqədar tədbirlər planına uyğun olaraq işlər davam etdirilir. Belə ki, yanvar ayından bu günə qədər 54 ədəd TM və KTM-də cari təmir və təftiş işləri aparılmış, rele mühafizəsi və avtomatika yoxlanılmışdır. Yarımstansiyaların əraziləri alaq otlarından təmizlənmiş, hava xətlərinə toxunan ağaclar budanmışdır. Rayon ərazisində yollarda aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq gələcəkdə yolların hərəkət hissələrinin qazılmaması məqsədilə T.Abbasov, Ş.Mirzəyev və R.Teymurov küçələrində yolun hərəkət hissəsinə borular quraşdırılmışdır.

İlin 9 ayında 214 ədəd 0,4 kv-luq və 14 ədəd 35 kv-luq elektrik dayaqları rənglənmişdir. "Asan Kommunal" xidməti tərəfindən verilmiş 176 ədəd texniki şərt icra olunmuşdur.

İdarədə kadr potensialını gücləndirməklə daha uğurlu nəticələrə imza atmaq məqsədilə gənclərin işə qəbulu üçün şərait yaradılır.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb-quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemini uğurla həll etmək, cəmiyyətə tələb olunan kadr potensialını təmin etmək üçün "Azərişıq" ASC tərəfindən Tədris Mərkəzi yaradılmışdır. Elektrik şəbəkələrində istifadə olunan və gələcəkdə istifadə ediləcək müasir texniki avadanlıqların öyrənilməsi, quraşdırılması məqsədilə Nizami rayonunun energetika sistemində yeni əmək fəaliyyətinə başlayan gənclər Tədris Mərkəzində fəaliyyət göstərən kurslara cəlb olunur və burada təcrübə toplayırlar.

Qədir ASLAN,

"Respublika".