Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

İşıqsaçan bitkilər yetişdiriləcək

Elm adamları bioluminessent göbələklərindən ilhamlanaraq, işıqsaçan dekorativ otaq bitkilərinin əldə edilməsi yolunda diqqətçəkən yeniliyə imza atıblar. Belə ki, Rusiya Elmlər Akademiyasının Bioüzvi Kimya, London Tibb Elmləri, Avstriya Elm və Texnologiya İnstitutunun tədqiqatçıları ənənəvi üsulla böyüyən işıqsaçan otaq bitkisi yetişdiriblər.

Bioluminessent (bəzi canlı orqanizmlərin kimyəvi enerjini işıq enerjisinə çevirərək işıq yayması) göbələkləri valehedici bitkilər olsalar da, onların evdə və ya bağçada yetişdirilməsi indiyə qədər çox çətin proses idi. Lakin elm adamları maraqlı bir üsuldan istifadə edərək buna nail olublar. Belə ki, göbələklərin işıq saçmasının sirrini öyrənən elm adamları, sözügedən bitkilərin DNT-ni çıxararaq ekstraktları tütün bitkilərinin içərisinə yerləşdiriblər. Sınaq məqsədilə məhz tütün bitkisinin seçilməsi isə təsadüfi deyildir. Çünki bu bitki genetik olaraq sadə quruluşu və tez böyüməsi ilə digər bitkilərdən fərqlənir.

Genetik cəhətdən dəyişdirilmiş bitkinin inkişafının bütün mərhələlərində gövdə, kök, yarpaq və çiçəklərindən davamlı olaraq yaşıl işıq yaydığı müşahidə edilib. Hətta göbələklərdən çıxarılan DNT ehtiva edən bitkilərin 10 qat daha parlaq olduğu təsbit olunub.

Qeyd edək ki, bu göbələklərin işıqsaçma xüsusiyyəti kofein turşusu kimi tanınan molekul sayəsində baş verir. Həmçinin bu molekul bitkilərin hüceyrə divarının strukturunda da mövcuddur.

Elm adamları bu texnologiyadan gələcəkdə kommersiya məqsədilə istifadə etməyi  planlaşdırırlar.

Tədqiqatla bağlı məqalə "Nature Biotechnology" jurnalında dərc olunub.

 

"Meta" şirkətindən daha bir yenilik

"Facebook"un daxil olduğu "Meta" şirkəti ard-arda yeniliklərə imza atmaqda davam edir. Bu dəfə isə şirkət az tanınan dilləri tərcümə etmək üçün süni intellektə əsaslanan "Universal Speech Translator" (UST) adlı sistem hazırlayıb. Sistem sayəsində istənilən dil real vaxt rejimində digər dilə tərcümə edilə biləcək.

Hazırda dünyada tanınan 7000 dildən 2,8 mini yazı sisteminə sahib deyil. Bu səbəbdən də, belə dillər alqoritmlər əsasında çalışan müasir tərcümə sistemləri vasitəsilə tərcümə edilə bilmirdi. Lakin "Meta" şirkəti bu problemin həll yolunu tapıb. Şirkətin hazırladığı sistem sayəsində metakainatın gələcək istifadəçiləri rahatlıqla öz aralarında qarşılıqlı əlaqə qura biləcəklər.

Bu layihə çərçivəsində mütəxəssislər Tayvanın rəsmi dillərindən biri hesab edilən hokkien dialektinə müraciət ediblər. Dialekt Asiyada geniş yayılsa da yazı sisteminə sahib deyil.

"Machine learning" alqoritmləri əsasında çalışan tərcümə sistemlərinin məşq etdirilməsi üçün adətən müəyyən dilin həm şifahi, həm də yazılı nümunələri lazımdır. Bu cür məhdudiyyətlərdən yan keçmək üçün speech-to-unit translation (nitqdən dil vahidinə tərcümə) adlı modeldən istifadə edilir. Bu model çərçivəsində şifahi nitq real zaman ərzində akustik vahidlərə çevrilir.

Yazı sisteminə sahib olmayan dildəki şifahi nitq, ilk növbədə, doğma hesab edilən və yazı sisteminə sahib olan vasitəçi dilə mətn formatında konvertasiya edilir. Konvertasiya edilmiş mətni isə daha sonra ingilis dilinə tərcümə etmək olur. Sistem bir dəfəyə bir cümləni tərcümə edə bilir. Lakin "Facebook" şirkətinin baş direktoru Mark Zuckerberg yaxın gələcəkdə bu sistemin müxtəlif dillərdə istifadə ediləcəyinə və real zaman ərzində ünsiyyət qurmağa imkan verəcəyinə inanır.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Qidaların donunu açmaq üçün cihaz

İtaliyalı elm adamları ən sevimli yeməkləri olan pizzanın donunu açmaq üçün kiçik həcmli sensor hazırlayıblar. Cihazın ən üstün özəlliyi isə onun yeyilə bilməsidir. Üstəlik cihaz qidanın düzgün dondurulub-dondurulmadığını da təsbit edəbilmə xüsusiyyətinə malikdir.

"Sözcü" jurnalında dərc olunan xəbərə görə, İtaliya Texnologiya İnstitutunun tədqiqatçıları öz-özünə çalışan buz əridici sensor ixtira ediblər.  Sensor qidanın üzərinə yerləşdirildiyi zaman, onun buzunu əritməklə yanaşı, düzgün olmayan şəkildə dondurulmasını da təsbit etmək üçün su, xörək duzu və müxtəlif elektrolitlər kimi mayelərin və ya əlavələrin təbii elektron xüsusiyyətlərindən istifadə edir.

Tamamilə yeyilə bilən sensorun üzərindəki bal mumu bloku iki hissəni bir-birinə bağlayır. Onun reaksiyaya girdiyi temperatur duzları və ya sudakı konsentrasiyasını dəyişdirərək 0- 50 dərəcə Selsi arasında tənzimləyə bilir.

Qeyd edək ki, sistem təkcə pizza üçün deyil, ət və balıq kimi digər məhsulların da süfrəyə verildiyi zaman donunu açmaq üçün nəzərdə tutulub.

 

"Rolls-Royce" elektrik mühərrikli avtomobilini təqdim edib

Tanınmış avtomobil brendi Rolls-Royce bu yaxınlarda Spectre adlı elektrik mühərrikli avtomobilini  təqdim edib. Avtomobilin qiyməti barəsində heç bir məlumat verilməsə də, onun satışına 2023-cü ilin sonunda start veriləcəyi bildirilib. Xarici görünüşü ilə elektrik mühərrikli avtomobil nəhəngi "Tesla" brendinin modellərindən fərqlənən "Spectre", ənənəvi dizaynına görə diqqət çəkib.

"Phys.org" veb saytında yayımlanan xəbərə görə, məşhur avtomobil brendinin bu təqdimatı daha çox elektromobilin xarici görünüşünün sərgilənməsinə həsr olunub. Buna görə də elektromobilin texniki özəllikləri barəsində məlumat verilməyib. Hələki, elektromobilin bir dəfə şarj olunandan sonra qət etdiyi yol, saatda 100 km sürəti neçə saniyəyə yığması, batareya həcmi və digər texniki özəllikləri tam olaraq dəqiqləşdirilməyib. Buna görə də, elektromobilin texniki tərəfi barəsində ətraflı məlumat daha sonra veriləcək. Həmçinin daha sonra veriləcək məlumatlara elektromobilin satış qiyməti də daxildir.

"Spectre"nin sınağı davam etdiyi üçün son güc, sürətlənmə, diapazon nəticələri hələ tam yekunlaşmayıb və yekun sınaq 2023-cü ilin birinci rübündə tamamlanacaq. İlkin məlumatlara görə, "Spectre"nin 520 km məsafə qət etməsi (WLTP standartı) və 900 Nm fırlanma anına malik 430 kVt-lıq blokun olması gözlənilir. 0-dan 100 km/saat sürətlənmənin 4,5 saniyə olacağı güman edilir. Qeyd edək ki, Rolls-Royce Spectrenin uzunluğu 5.45 metr, eni isə 2.077 metr təşkil edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".