Kərə yağında yeni vitamin kəşf edildi
Elm adamları çoxlarımızın sevə-sevə yediyi kərə yağının tərkibində daha əvvəl eşitmədiyimiz - K2 vitamini tapıblar. "Apetite" jurnalında yayımlanan araşdırmaya görə, üstəlik bu vitaminin sağlamlığımız üçün hələ bilmədiyimiz bir çox faydalarının olduğu güman edilir.
Alimlərin fikrincə, K2 vitamininin təbii olaraq müxtəlif qidalarda, o cümlədən fermentləşdirilmiş və ya müəyyən heyvan mənşəli məhsulların tərkibində olma ehtimalı yüksəkdir. Elm adamları əslində bu vitaminin kərə yağı , yumurta sarısı və fermentləşdirilmiş qidaların tərkibində olan K vitamininin digər bir forması olduğunu söyləyirlər.
Vitamin K çox eşitdiyimiz bir vitamin deyil, çünki digər vitaminlər qədər adı çəkilmir. Bəs, bir çoxlarımızın indiyə qədər eşitmədiyi bu vitamin nə işə yarayır?
Bu zəruri vitamin çox qan itirməmək üçün qan laxtalanma prosesində görünən zəruri bir komponentdir. Laxtalanmağa kömək etmək, K vitamininin ən çox bilinən funksiyasıdır. Bununla birlikdə, bu vitamin bir çox xroniki xəstəliklərlə də mübarizə edir.
Tədqiqatçılar K vitamininin ürək-damar xəstəliyi, diabet, osteoporoz, revmatoid artrit, sümüklərlə bağlı müxtəlif problemlər və xərçəng kimi təhlükəli xəstəliklərin riskini azalda biləcəyini söyləyirlər. Əslində, K vitamini, ümumiyyətlə damar və toxuma qoruyucu rolunu oynayır. Elm adamları bu qəbildən olan K2 vitamininin də eyni təsirlərə sahib olacağını ehtimal edirlər.
Dünyanın ən qəribə və nadir xəstəlikləri
El arasında belə bir məsəl var: "Ölümdən başqa hər dərdin çarəsi var". Lakin hərdən bu deyimlər də özünü doğrultmur. Çünki tibb nə qədər inkişaf etsə də, hətta müasir dövrdə belə, çarəsi tapılmayan bir çox xəstəliklər var. Bu xəstəliklərin əlamətləri tibbə bəlli olsa belə, müalicəsi hələ də yoxdur.
Belə xəstəliklərdən biri də Ağac adam xəstəliyidir.
Dünyanın ən nadir xəstəliyi hesab edilən bu xəstəlik bir növ dəri xəstəliyinə bənzəyir. Belə ki, dəridə ziyil kimi quruluşların meydana gəlməsinə səbəb olur. Əslində isə bu insan papilloma (HPV) virusudur. Bu ziyillər tədricən ağac kökü kimi forma almağa başlayır və əllər, ayaqlardakı kötüklər o qədər böyüyür ki, bir müddət sonra onlar öz funksiyasını yerinə yetirə bilmir. Xəstəliyin kökündə genetik pozğunluq dayansa da, sözügedən virus da əsas səbəblərdən biri hesab edilir.
Digəri bir xəstəlik isə xalq arasında vaxtından əvvəl qocalma kimi tanınan Progeriya xəstəliyidir. Bu genetik xəstəlik 8 milyon insandan 1-də görünür. DNT quruluşundakı telomere zəncirinin qısalması ilə əlaqələndirilir. Əsas əlamətləri isə saçın hamısı və ya bir hissəsinin tökülməyə başlaması ilə özünü büruzə verir. Daha sonra keçəl dəridəki damarlar qabarıq şəkildə nəzərə çarpır. Hətta dişlər belə tökülməyə başlayır. Bu səbəbdən də xəstəliyə tutulan uşaqların üz ifadələri yaşlı insanı xatırladır. Lakin xəstələrdə zehni gerilik və ya danışmaqda çətinlik müşahidə edilmir. Onlarda xarici böyümə hormonları olsa da, bu, işə yaramır, çünki belə xəstəliyi olan uşaqların ortalama ömrü 12-13 ildir.
Böyümə xəstəliyi olaraq da bilinən digər nadir xəstəliklərdən biri də Akromeqaliyadır. Səbəbi isə beynin hipofiz bezinin daha çox böyümə hormonu ifraz etməsi ilə əlaqələndirilir. Xəstəlik zamanı saç telləri qalınlaşır, dişlər arasındakı məsafə və çənə böyüyür, dodaqların qalınlaşması, kəllə sümüyünün arxa hissəsinin xaricə doğru genişlənməsi müşahidə olunur.
Su pərisi (Sirenomelia) adı ilə tanınan digər bir xəstəlik də çarəsi tapılmayan dərdlər sırasındadır. Çox nadir görünən bu xəstəlik zamanı uşaqlar ayaqları yapışıq formada dünyaya gəlirlər. Görünüşləri ilə su pərisini xatırlatdıqları üçün xəstəlik belə adlanır. Bu cür körpələrin ayaqları cərrahiyyə əməliyyatı ilə ayrılsa da, böyrək və ifrazat sistemi yetərincə inkişaf etmədiyi üçün onlar da uzun müddət yaşamırlar.
Trombun qarşısını alan qidalar
Məlumdur ki, infarkt, insult kimi bəzi təhlükəli xəstəliklərin yaranma səbəbi qanın laxtalanma qabiliyyətinin həddindən çox olmasından qaynaqlanır. Laxtalanmaya meyilli olan qanda asanlıqla tromblar əmələ gəlir və nəticədə ürək, beyin damarlarında tıxanıb qalaraq həmin nahiyəyə gedən oksigen axınına mane olur. Belə bir məqamda isə təhlükəli vəziyyət yaranır. Amma elə qidalar var ki, qandurulducu xüsusiyyətə malikdir və tromboz təhlükəsi yaradan qan laxtasının miqdarını azaldır. Həmin qidalardan istifadə etməklə profilaktik olaraq bu problemin qarşısını ala bilərik. Bəs bu qidalar hansılardır?
Daha çox soyuqdəymənin profilaktikasında istifadə olunan zəncəfil çox güclü qandurulducu təsirə malikdir. Onun tərkibində olan gingerol adlı maddə omega-3 və omega-6 yağ turşuları ilə birlikdə, trombositlərin bir-birinə yapışmasına mane olan xüsusi fermentlər istehsal edir. Gingerol əvvəldən mövcud olan xolesterini qandan uzaqlaşdırır və yenidən meydana gəlməsinin qarşısını alır, onu daha duru hala gətirir. Bundan əlavə, zəncəfil damarlardakı "pis" xolesterin səviyyəsini aşağı salaraq, qan axınını artırır və onun bütün orqanlara daxil olmasına kömək edir.
Qandurulducu xüsusiyyətə malik qidalardan biri də Kayen bibəridir. Gündəlik rasionunuza bu bibəri əlavə etməklə qan dövranını yaxşılaşdırmaq olar. Qeyd edək ki, bibərin bu təsiri tərkibində çox miqdarda olan salisilat adlı maddənin hesabına baş verir.
Ən güclü təbii antioksidant bitkilərdən biri hesab edilən sarımsaq iltihab əleyhinə təsir göstərməklə yanaşı, qandurulducu kimi də effektivdir. Ədviyyatlardan özünəməxsus spesifik ətri ilə seçilən darçın da güclü bir antikoaqulyantdır: gündəlik qəbul etdikdə qan təzyiqini aşağı salır, iltihabı azaldır, insultdan qoruyur. Lakin onun həddindən çox istifadəsi qaraciyərə zərər verə bilər. Qoz, balıq, kətan toxumu kimi tərkibi omega-3 turşusu ilə zəngin olan qidalar da tromblaşmanın qarşısını alır. Bundan əlavə, qırmızı kələm, soğan, pomidor, sarıkök, moruq, nar, xurma, sitrus meyvələri və bal kimi bəzi qidalar güclü qandurulducu təsirə malikdir.
İnformasiya "Apetite" jurnalında yayımlanıb.
Panik atak zamanı nə etməliyik?
Son zamanlar daha çox gənclər arasında rast gəlinən psixoloji pozuntulardan biri də panik ataklardır. Xüsusilə də COVID-19 pandemiyasından sonra daha çox vüsət alan bu problem təəssüf ki, günü-gündən artmaqdadır. Bir zamanlar adını belə eşitmədiyimiz bu xəstəlik əslində nədən qaynaqlanır və tutmalarından necə xilas ola bilərik?
Panik atak qəfil və ya müntəzəm olaraq qorxu hissi ilə bir müşayiət olunan narahatlıqdır. Demək olar ki, hər kəs müəyyən zamanlarda hər hansı bir hadisə ilə əlaqəli narahatlıq və qorxu hissləri yaşaya bilər. Ancaq panik atak pozğunluğundan əziyyət çəkən insanlarda narahatlıq və stress hissi tez-tez heç bir səbəb olmadan müntəzəm olaraq baş verir. Anidən gələn panik ataklar təxminən 10 dəqiqə (daha qısa və ya uzun ola bilər) çəkir. Bu zaman başgicəllənmə və ürək döyüntülərində artım müşahidə olunur. Belə bir zamanda insan özünü və ətrafını tanımaya bilir, hətta öləcəyini, havalanacağını belə düşünür.
Bəs, bu zaman nə edə bilərik?
Mütəxəssislər belə bir zamanda diqqəti ətrafdakı əşyalara və ya insanlara yönəltməklə fikri yayındırmağı tövsiyə edirlər. Bundan əlavə, bu ərəfədə ani və sürətli şəkildə artan nəfəsi kontrol altında saxlamaq da vacibdir. Belə ki, nəfəsinizi burundan alaraq aramla 3-ə qədər saydıqdan sonra ağızdan buraxmaq lazımdır.
Digər bir tədbir isə insanın özünün-özünə təskinlik verməsidir. Məsələn, "ürəyimin sürətlə döyünməsi hazırkı həyəcanımdan qaynaqlanır. Bu hal məni dəli etməyəcək və öldürməyəcək. Bir müddət gözlədikdən sonra bu duyğular və əlamətlər keçəcək", - deyərək pis fikirləri özünüzdən kənarlaşdıra bilərsiniz. Bundan əlavə, şiddətli və ani gələn panik atak zamanı yanınızda kiminsə olması və onun sizə hər şeyin keçəcəyini söyləməsi belə, olduqca təsirli ola bilər.
İnformasiya "Sabah" qəzetində dərc edilib.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".