Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Sidney Opera Evi

Avstraliya və dünya memarlığının beynəlxalq səviyyədə tanınmış şah əsəri Sidney Opera Evi XX əsr incəsənətinin ən unikal nümunələrindən biridir. Yeni Cənubi Uels ştatında inşa olunan Sidney Opera Evinin dizaynını hazırlamaq məqsədilə keçirilən müsabiqədə 223 memar iştirak etsə də, danimarkalı memar Yorn Utzonun layihəsi qalib gəlmişdi. İlkin hesablamalara görə, teatrın tikintisi 3-4 il çəkməli və 7 milyon dollara başa gəlməli idi. Təəssüf ki, işə başlayandan qısa müddət sonra hökumət memar Utzonu layihədən uzaqlaşdırdı və şəhər rəhbərliyi ilə böyük mübahisədən sonra 1966-cı ildə o, Sidneyi tərk etdi. Gənc avstraliyalı memarlar qrupu tikintini başa çatdırmaq üçün məsuliyyəti öz üzərinə götürdü, ancaq tikinti işləri 10 il gecikdiyi üçün binanın ümumi dəyəri təxminən 102 milyon dollara çatdı.  Şəhərin «vizit kartı» olan Sidney Opera Evi Avstraliya kraliçası II Yelizaveta tərəfindən 20 oktyabr 1973-cü ildə açılmışdır.

Heç bir binaya bənzəməyən yelkənvari damla örtülmüş binanın uzunluğu 183, eni isə 118 metrdir.  21500 kvadratmetrdən çox ərazini əhatə edən  binanın ümumi tutumu 5500 nəfərdir və 5 ayrı teatr zalı var. Limanın gil dibinə 25 metr dərinliyə vurulmuş 580 beton sütunların üzərində dayanan kompleksin nəhəng günbəzinin hündürlüyü 67 metrdir. Günbəzin bütün səthini örtmək üçün bir milyondan çox ağ keramik plitələrdən istifadə edilib. Bina 645 kilometr kabel vasitəsilə elektrik enerjisi ilə təmin olunub.

Qitənin əsas turistik yerlərindən biri olan teatrda tamaşalara ildə iki milyona yaxın insan baxır, o cümlədən ildə 200.000-ə qədər insan binaya ekskursiya edir. Sidney Opera Evi “Dünyanın yeni yeddi möcüzəsi” siyahısına daxil olmağa namizəd olsa da, finalda məğlub olur, lakin 28 iyun 2007-ci ildə memarlığın möcüzəsi olan kompleks YUNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilir.

 

Akşhardham məbədi

Hindistan mədəniyyətinə, mənəviyyatına və memarlığına həsr edilmiş  bənzərsiz Akşardham məbədi Yamuna çayının sahilində, Nyu Dehlidə yerləşir. Bir qəsri xatırladan məbəd Svaminarayan hindu hərəkatının tərəfdarlarının ianələri ilə tikilib və 2005-ci ildə istifadəyə verilib. 5 il davam edən tikinti zamanı Racastan, Orissa və Benqaldan 7 mindən çox usta iştirak edib və məbəd ümumilikdə 500 milyon dollara başa gəlib.

Məbəd Oris, Gujjar, Mughal və Racasthan bölgələrinin memarlıq  ənənələrini özündə əks etdirir. Ümumi ərazisi 12 hektar olan kompleks perimetri boyunca bir-birini təkrarlamayan 148 daş fil heykəlləri ilə əhatə olunub. Xarici divarların tikintisi üçün istifadə edilən Racastandan gətirilən çəhrayı qumdaşı Tanrıya sonsuz məhəbbəti, interyerdə istifadə edilən qar kimi ağ mərmər isə saflıq və sülhü simvolizə edir. Hindu memarlığının müasir abidəsinin 10 nəhəng giriş qapısı var. Ziyarətçilər bu qapıdan keçərək hündürlüyü 43, uzunluğu 108, eni 96 metr olan əzəmətli ibadət evi olan Mandirə daxil olurlar. 20 minə qədər çoxsaylı hindu tanrılarının (murti) şərəfinə ucaldılmış heykəllərlə bəzədilmiş namaz evinin hər bir divarı quşların, heyvanların və rəqqasların zərif fiqurları  ilə bəzədilib. Mənəvi və simvolik məna daşıyan Mandir bir neçə hissəyə bölünür. Əzəmətli bina zərif oyma naxışlarla bəzədilmiş 20 dördbucaqlı qüllə və 9 günbəzdən ibarətdir. Akşardham çayının sahilində ucalan məbəd kompleksinin tikintisində metal çərçivədən istifadə edilməyib və burada sement yalnız bünövrədə mövcuddur.

Kompleksin sol tərəfində lotus bağı, sağ tərəfində isə fəvvarələr bağı yerləşir. Dehlidəki Svaminarayan Akşardham Hindistanın ən çox ziyarət edilən yerlərindən biridir. Bundan əlavə, məbəd öz möhtəşəmliyinə görə nəinki əfsanəvi Tac Mahalı, hətta bir çox dünyaca məşhur binaları da üstələdiyi üçün «Dünyanın ən möhtəşəm hindu məbədi» kimi Ginnesin Rekordlar Kitabına  düşüb.

 

Montjuik Telekommunikasiya Qülləsi

 

Müasir incəsənətin ən maraqlı və unikal abidələrin yerləşdiyi Barselonada ucalan Montjuik Qülləsi memarlığın qeyri-adi əsərlərindən biridir. 1986-cı ildə Kataloniyanın paytaxtı Olimpiadaya evsahibliyi etmək hüququnu qazandıqdan sonra şəhər rəhbərliyi çoxsaylı qonaqları təəcübləndirmək üçün ölkədə bütün tikililərdən fərqlənən qeyri-adi binanın tikilməsinə qərar verir. Layihə artıq dünyada çoxsaylı futuristik obyektlərin müəllifi kimi tanınan istedadlı memar Santyaqo Kalatravaya həvalə edilir. Məşəl daşıyan idmançını təsvir edən memar  Yay Olimpiya Oyunlarını yayımlayan   Montjuik Telekommunikasiya Qülləsinin tikintisinə 1989-cu ildə başlayır və 1992-ci ildə qüllə tamamilə hazır olur. S.Kalatravanın  karyerasında dönüş nöqtəsi olan bu layihə ona böyük şöhrət qazandırır. 

Hündürlüyü 136 metr olan qüllə polad və elastik betondan tikilmişdir. Qülləyə ağ rəng vermək üçün ağ kartondan hazırlanmış üzlükdə suya davamlı boyadan istifadə olunub. Antonio Qaudi üslubunun davamçısı olan memar qüllənin bəzədilməsində incə  ornamentlərdən istifadə edib. Tikilinin gövdəsi elə qurulub ki, oxun kölgəsi Avropa Meydanına düşür və bir növ günəş saatını xatırladır.  Qüllənin aşağı hissəsi bazaya əsaslanır, burada kiçik bir hovuz da yerləşir.

Şəhərin bütün nöqtələrindən görünən qüllə Barselonanın əsas görməli yerlərindən biridir. Diqqətçəkən təkcə onun orijinal forması deyil, həm də “çoxtərəfliliyi”dir. Belə ki,  tikili müxtəlif bucaqlardan fərqli görünür.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».