Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Genləri dəyişdirərək fövqəlbəşər insan yarada bilərikmi?

Yəqin ki, 2021-ci ildə çəkilən "Dune" filminin baş qəhrəmanı Paul Atreides obrazının fövqəladə gücə sahib olmasından çoxlarınız məlumatlısınız. Sizcə, uzun illər ərzində öyrənilən gen mühəndisliyinin və selektiv yetişdirmənin nəticəsi olaraq ortaya çıxarılan fövqəlbəşəri güclərə sahib olan bu obrazı real həyatda da yarada bilərikmi?

Xatırladaq ki, 2018-ci ilin noyabr ayında Çində ilk dəfə geni dəyişdirilmiş əkiz körpələrin dünyaya gəlməsi xəbəri dünyanı şoka salmışdı. Layihənin arxasında duran fırıldaqçı alim He Kiankuin əkiz qızların genetik quruluşunu dəyişdirmə səbəbi kimi onların atalarının HİV (İİV - İnsanda İmmunçatışmazlığı Virusu) virusunu daşıdığını göstərmişdir. Güya "alim" bu yolla uşaqların immun sistemində HİV-ə qarşı müqavimət yaratmaq istəmiş və CRISPR-Cas9 adlı gen redaktə texnologiyasından istifadə edərək buna nail olmuşdu. Lakin o zaman insan embrionlarına gen redaktəsinin tətbiqini qadağan edən Çin qanunlarını pozduğuna görə həmin şəxsə 3 il həbs cəzası verilmişdi.

Qeyd edək ki, hazırda çox az sayda ölkədə buna icazə verilir və bu cür embrionların ana bətninə implantasiyası heç bir yerdə qanuni hesab edilmir. Lakin nə bilmək olar texnologiya inkişaf etdikcə zaman-zaman bu, dəyişə bilər...

2020-ci ildə CRISPR texnologiyasının inkişafındakı roluna görə kimya üzrə Nobel mükafatına layiq görülən Kaliforniya Universitetinin professoru Cennifer Doudnanın fikrincə, yaxın 30 il ərzində istənilən genomda hər cür dəyişiklik etmək mümkün olacaq.

"Təsəvvür edin ki, gələcəkdə genlərimizi hədəflədiyimiz şəkildə dəyişsək valideynlərimizdən miras qalan DNT-dən asılı olmaya bilərik. Təbii ki, əgər bu addım atılsa, super qəhrəman yaratmaq məqsədilə deyil, təhlükəli xəstəliklərin qarşısının alınması yolunda olacaq", - deyə professor bildirib.

Hazırda DNT-nin redaktəsi ilə bağlı mübahisələr davam etməkdədir və hələ ki, ortaq bir qərara gəlinməmişdir.

Sizcə, bu addım atılarsa, dünyada yaşamaq daha asan olar, yoxsa hər şey daha da çətinləşə bilər?

İnformasiya "Sözcü" qəzetində dərc edilib.

 

Kişilər güzgü qarşısında daha çox zaman keçirirlərmiş

Avstriyalı psixoloqlar kişilərlə bağlı maraqlı bir araşdırma aparıblar. Belə ki, kişilərin güzgü qarşısında keçirdikləri vaxtın müddətini təhlil edən elm adamları onların buna qadınlara nisbətən daha çox zaman ayırdığını ortaya çıxarıblar.

"Güzgüyə məruz qalma terapiyası" adlı araşdırmaya əksəriyyəti 20 yaşından yuxarı olan 68 gənc cəlb edilib. Nəticədə kişilərin güzgüdə özlərini seyr etməyə orta hesabla 80, qadınların isə cəmi 50 saniyə vaxt sərf etdikləri məlum olub.

Maraqlısı odur ki, araşdırmanın nəticəsi qadınların xarici görünüşlərinə, bütünlükdə özlərinə kişilərdən daha çox güvəndiyini göstərir.

"Adətən güzgüyə çox baxmaq insanın özünə hörmətindən irəli gəlir. Bu səbəbdən də bəzi insanlar üzlərinə baxmaqdan zövq alır, bəziləri isə emosional sıxıntı yaşayırlar. Ümumilikdə insanlarda özgüvənin olması onların özlərindən daha çox razı olmasına işarə edir. Təəccüblüdür ki, araşdırmanın nəticələri özünə güvənən insanların güzgü qarşısında daha az vaxt keçirdiyini göstərdi", - deyə Avstriyanın Qraz Universitetinin tədqiqatçısı, araşdırma müəllifi Jonas Potthoff qeyd edib.

Qeyd edək ki, bu tədqiqat Böyük Britaniyada kişilərin ömrü boyu nə qədər partnyor axtarması ilə bağlı araşdırmanın ardınca aparılıb. 35 ölkə üzrə aparılan bu araşdırmadan sonra Böyük Britaniya 16-cı yerdə qərarlaşıb. Türkiyə 14,5 xalla birinci, Avstraliya 13,3 xalla üçüncü, Yeni Zelandiya 13,2 xalla dördüncü, İslandiya və Cənubi Afrika isə müvafiq olaraq 13 və 12,5 xalla ilk beşlikdə yer alıb.

İnformasiya "Sabah" qəzetində dərc edilib.

 

Bu balıqlar düşündüyümüz qədər...

Bəzən unutqan və ya əqli cəhətdən zəif olan insanları xalq arasında Yapon balığı kimi də tanınan qızıl balıqlara bənzədərək, onları məzəmmət edirik. Lakin yeni araşdırma indiyə qədər formalaşan bu fikri təkzib edib. Belə ki, onların yaddaşının və zəkasının düşündüyümüz qədər zəif olmadığı ortaya çıxıb. Tədqiqatlar göstərib ki, akvariumları bəzəyən bu canlılar hətta nə qədər üzdüklərini bilmək üçün məsafəni belə dəqiq hesablama bacarığına sahibdirlər.

"Bu balıqlar, şübhəsiz ki, axmaq deyillər, çünki onlar üzdükləri zaman cisimlərin axınına əsaslanan məsafə yaddaşına malikdirlər", - deyə Oksford Universitetindən araşdırmaya rəhbərlik edən doktor Adelaide Sibeaux qeyd edib.

"Live Science" veb saytında yayımlanan informasiyaya görə, sınaq zamanı Coco və Bubble kimi adlandırılan balıqlara 70 santimetrlik məsafəni üzdükdən sonra yemək mükafatlarını almaq öyrədilib. Sınaqlardan uğurla çıxan canlıların bir həftəlik fasilədən sonra belə məsafəni xatırlaya bildiyi təsbit edilib. Bundan əlavə, onların məsafəni hesablamaq üçün vizual olaraq arxa fondan istifadə etdiyi də müşahidə edilib.

Tədqiqatçıların fikrincə, balıqlar məsafəni üzərkən üzgəclərinin neçə dəfə tərpənməsilə hesablayırlar. Çünki onların daha əvvəl çox sayda obyektləri hesablaya bildikləri kəşf edilmişdir. Bu səbəbdən də, onların nəzəri olaraq üzgəclərinin hərəkətlərini izləyə bildikləri ehtimal edilir.

 

Niyə bəzən yumurtanın sarısı yaşıla çevrilir?

Yəqin ki, bəzi hallarda qaynanmış yumurtanın sarısının bir neçə saat sonra yaşıl rəngə çevrildiyinin şahidi olmusunuz. Bəs bunun nə ilə əlaqədar olduğunu heç düşünmüsünüzmü?

Əvvəla, qeyd edək ki, yumurta suda qaynadılarkən onun tərkibindəki zülallarda olan turşu zəncirləri bəzən dəyişikliyə məruz qalaraq ya müvəqqəti bir-birindən ayrılır, ya da ki, quruluşlarını dəyişir. Çünki istiləşmə prosesi davam etdikcə bu kütlələr içində yeni bağlar qurulur ki, nəticədə onların üzərində möhkəm bir protein təbəqəsi yaranır.

Məhz bu, yumurtanın ağının da, sarısının da qatı konsistensiyaya çatmasına gətirib çıxarır. Qaynama davam etdikcə, sarının rəngi də yaşıla çevrilir. Çünki yumurtanın ağı sulfiddən ibarətdir və bu maddə qaynama vaxtı hidrogenlə birləşərək hidrogen sulfidə çevrilir. Qeyd edək ki, maddənin qoxusu xarab yumurta qoxusunu xatırladır. Məlumdur ki, hidrogen sulfid zəhərli, yanıcı və partlayıcı təsirə malik bir qazdır. Amma əlbəttə ki, yumurtanın tərkibində olan hidrogen sulfidin az miqdarı belə, risklər yarada biləcək qədər çox deyil. Yəni bunun zərərli olduğunu düşünüb qorxmanıza ehtiyac yoxdur.

İnformasiya "Live Science" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".