Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Qubadlı Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

Qubadlı Dövlət Təbiət Yasaqlığı

Qubadlı rayonu 1933-cü il martın 14-də Qubadlı kəndinin əsasında yaradılmışdır. 1963-cü ildə rayon ləğv edilərək ərazisi Zəngilana birləşdirilmiş və  1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır.  Şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Ərazisi Bərgüşad çayının hər iki sahilində yerləşir və təbiəti olduqca zəngindir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.

Qubadlı Dövlət Təbiət Yasaqlığı 1969-cu ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində təşkil olunmuşdur. Yasaqlığın yaradılmasında məqsəd həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu) və quşları (qırqovul) qorumaqdır. Ərazisi 20 min hektardır.

Yasaqlıq dəniz səviyyəsindən 1600 metr hündürlükdə olan Böyük Kirs, Bala Kirs, Maral dağlarının əhatəsində yerləşir. İqlimi əsasən mülayim isti və quru subtropikdir. Yasaqlıqda qəhvəyi dağ-meşə torpaqları  geniş yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Burada qırmızı palıd, qoz ağacı, ardıc, vələs, ağcaqayın kimi ağac növləri geniş massivdə çoxluq təşkil edir. Ərazi təbii dərman bitkiləri ilə də zəngindir. Burada biyan, kəklikotu, qantəpər, yemişan, itburnu, baldırğan, qatırquyruğu, bağayarpağı, yarpız, qarağat, böyürtkən, moruq və s. bitkilər var.

Yasaqlıqda meşənin zənginliyi  heyvanat aləmi üçün  əlverişli şərait yaratmışdır. Buradakı meşə sahələrində  ceyran, cüyür, bezoar keçisi, dağ qoyunu, vəhşi  donuz, qonur ayı, bəbir, vaşaq, canavar, çaqqal, tülkü və s. heyvanlar var. Quşlardan çil kəklik, qırqovul, turac, bildirçin,  meşə xoruzu, meşə toyuğu, sürünənlərdən gürzə ilanı, kərtənkələ, koramal, boz ilan  daha çoxdur. Həkəri çayının bol sularında şühüd, farel, iri qızıl balıq da var.

Qubadlı rayonu 31 avqust 1993-cü ildə erməni quldurları tərəfindən işğal olunmuş, 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. İşğal dövründə erməni quldurları tərəfindən ərazinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan vurulub, meşələr qırılıb, təbii ekosistemlər məhv edilib və vəhşi heyvanlar areallarını tamamilə itirmişdir.

23 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadı rayonunda olublar. Dövlətimizin başçısı deyib: "Bütün bunların hesabını Ermənistan dövləti verəcək. Bununla paralel olaraq bütün bərpa işləri təmin ediləcək və biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz".

İşğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış işçi qrupun fəaliyyəti çərçivəsində həmin ərazilərdə fauna və flora aləminin növ tərkibinin yenidən öyrənilməsi və təbiət abidələrinin inventarlaşdırılması istiqamətində monitorinq işləri aparılır.

Kamil İSMAYIL,

"Respublika".