Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

16 oktyabr 2020-ci il

Gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub. Gecə boyu cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyat nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 Qrad YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 Şilka özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib sıradan çıxarılıb.

***

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

***

Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub. 5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan olub. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmaması qeydə alınıb. 10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralananlar olub. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb. 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb. Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

***

Səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə məruz qoyub. Atəş günortadan sonra da davam etdirilib. Müdafiə Nazirliyi, həmçinin bir gün əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirildiyini, lakin xoşbəxtlikdən sakinlərə və mülki obyektlərə zərər dəymədiyini bildirir.

***

Saat 20:03-ə olan məlumata görə, Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə məruz qoyub.

***

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması sərhədçilərimiz tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb. İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki "Çaxırlı" və "Mahmudlu" sərhəd zastavaları üzərində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən dövlət bayrağımız ucaldılıb və bu sərhəd zastavalarının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Ermənistan silahlı qüvvələrinin əzəli Azərbaycan torpaqlarından çıxarılması üzrə döyüş əməliyyatlarında sərhədçilərimizin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib. Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmaları vurğulanıb, şəxsi heyətin döyüş ruhunun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə göndərilmə barədə çoxsaylı müraciətlərin daxil olması bildirilib. 27 ildən sonra azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı və Mahmudlu sərhəd zastavalarında Dövlət Sərhəd Xidmətinin Qoşunları xidməti-döyüş fəaliyyətinə başlayıb.

Qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayıb.

17 oktyabr 2020-ci il

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna. Qarabağ Azərbaycandır". Bunu Prezident İlham Əliyev xalqa müraciətində elan edib.

Gecə Gəncənin yaşayış sahələri yenidən iki raket hücumuna məruz qalıb. Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi məlumata görə, Ermənistan ordusu saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Lakin raketlər Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havadaca zərərsizləşdirilib.

***

Azərbaycan Ordusu tərəfindən gün ərzində həyata keçirilən əməliyyat nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. 27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 234 tank, 49 ədəd piyadanın döyüş maşını, 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd "Uraqan" sistemi, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 2 ədəd "Elbrus" əməliyyat-taktiki raket kompleksi, 1 ədəd "Toçka-U", 2 ədəd "S-300" kompleksi, 35 ədəd "Osa" zenit-raket kompeksi, 3 ədəd "Tor" zenit-raket kompleksi, 5 ədəd "Kruq" və "Kub" zenit-raket kompleksləri, 9 ədəd radioelektron mübarizə sistemləri, 196 ədəd yük avtomobili məhv edilib. 36 tank, 24 ədəd piyadanın döyüş maşını, 98 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirilib.

***

Saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində Azərbaycan Ordusu mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistana məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrinin dəqiq atəşi ilə məhv edilmişdir.

***

Saat 12 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun S-300 zenit-raket kompleksinin məhv edildiyini göstərən videogörüntü yayımlayıb.

***

Saat 16 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun yanacaq-sürtkü materialları və döyüş sursatı anbarlarının aviasiya zərbələri ilə darmadağın edildiyini göstərən videogörüntü yayımlayıb.

***

Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə dəqiq zərbə ilə Ermənistan silahlı qüvvələrinə məxsus 3 ədəd "Tor-M2KM" zenit-raket kompleksi məhv edilib. Cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

***

Saat 19:40 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin "S-125" zenit-raket kompleksinin sıradan çıxarıldığını açıqlamışdır. Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00:00- dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

"Respublika".