Sağlam həyat
Maraqlı

Sağlam həyat

Qocalmanı  ləngidən cənnət meyvəsi

İnsan yaşa dolduqca onun orqanizmindəki zədələnmiş hüceyrələrin də sayı artır. Daim bədəndə yığılan toksinlər, şlaklar, azad radikallar və digər zərərli maddələr orqanizmdə gedən qocalma proseslərini sürətləndirir, müxtəlif orqan və sistemləri zədələyir, mübadilə proseslərini pozur. Lakin bu yaxınlarda ABŞ-ın Mayo Klinikası və Minessota Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, cənnət meyvəsi hesab etdiyimiz xurma orqanizmi sözügedən zərərli  maddələrdən təmizləyərək qocalma proseslərini hüceyrə səviyyəsində ləngidir, ona cavanlaşdırıcı təsir göstərir.

Elm adamları  xurmanın tərkibində aşkar etdikləri fizetin adlı boyaq maddəsinin orqanizmdə zədələnmiş hüceyrələrin sayını azaldaraq sağlamlığa müsbət təsir etməklə yanaşı, onu cavan saxladığını, ömrü uzatdığını söyləyirlər. Bunu tədqiqatçıların siçanlar üzərində apardıqları təcrübələri də təsdiq edib.

Qeyd edək ki, bu maddə  xurmadan əlavə,  xiyar, çiyələk, alma, üzüm, soğan, kivi və şaftalının da tərkibində mövcuddur. Mütəxəssislərin fikrincə, tərkibində fizetin olan bu bitkilərin mütəmadi olaraq istifadəsi, hətta ahıl yaşlarda sağlamlığın qorunmasına da yardım edir. Araşdırmalar göstərib ki, bu maddə Alzheimer və xərçəngin belə qarşısını alır.

Alimlər maddənin cavanlaşdırıcı effektinin  əsas səbəbini onun immun sisteminə potensial təsiri ilə əlaqələndirirlər. Fizetin immun sistemini stimullaşdırır, orqanizmin köhnə və xəstə hüceyrələrdən təmizlənməsi prosesini sürətləndirir. Belə xəstə və köhnə hüceyrələr orqanizmdə iltihabın artmasına səbəb olur. İltihab fonunda isə  orqanizmdə toxumaları zədələyən və şişlərin yaranmasına səbəb olan maddələr əmələ gəlir. Bu maddə həmçinin insanın beyninin fəaliyyətinə müsbət təsir edir, beynin qocalmasının qarşısını alır.

Mütəxəssislər gündəlik qida rasionuna fizetinlə zəngin olan məhsulları daxil etməyi tövsiyə edirlər.

Araşdırmanın nəticələri "Apetite" jurnalında  dərc olunub.

 

Allergiyalara qarşı necə mübarizə apara bilərik?

Son dövrlər  ən çox yayılan xəstəliklərdən biri də mövsümi allergiyalardır. Dünya üzrə  aparılan  araşdırmalar göstərir ki, hər yüz insandan 22-də bu xəstəlik müşahidə olunur. Xəstəliyin ilkin izləri çox qədim zamanlara gedib çıxsa da, onun çarəsi XX əsrdə tapılıb. Hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı kifayət qədər çoxdur və günü-gündən də artmaqdadır. Bəs bu xəstəlik nədən qaynaqlanır və onunla mübarizə aparmaq üçün hansı üsullardan istifadə edə bilərik?

Allergiya orqanizmin hər hansı bir maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Adətən dəridə səpkilər, ümumi zəiflik və selikli qişanın qıcıqlanması ilə özünü büruzə verir. Allergik xəstəliklərə pollinoz (bitkilərə qarşı həssaslıq), allergik rinit (məişət tozuna qarşı həssaslıq), bronxial astma, atopik bronxial astma, qida və dərman allergiyası aiddir.

Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. Mövsümi allergiyaların yaranma səbəbi təbiətdə baş verən dəyişikliklərlə (ağacların çiçəkləndiyi dövr) əlaqələndirilir. Bəzən çiyələk, fındıq, yumurta, balıq, kif göbələkləri də buna səbəb ola bilər. Allergenlər orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər. Onun əsas əlamətləri isə dərinin qızarması və qaşınması, başağrısı, burun axması, tez-tez asqırmaq, gözlərin sulanması, çətin nəfəs almaq və  tənginəfəslikdir.

Allergiyaya qarşı mübarizə aparmaq üçün evdə heyvan saxlamamaq və rütubətli bir otaqda yaşamaq tövsiyə edilir. Bundan əlavə, otaqda toz yığa bilən əşyaların sayının (kitab rəfləri, yumşaq oyuncaqlar, divan və kreslo örtükləri və s.) mümkün olduğu qədər azaldılması məsləhət görülür. Həmçinin içərisində yun, pambıq, quş tükü olan yataq əşyaları (yorğan, döşək, yastıq) sintetik ev əşyaları ilə (porolon, poliester, sintefon və s.) əvəz edilməlidir.      

 Hər hansı bir qidaya qarşı allergiya hiss olunarsa, mütləq həmin qidadan imtina edilməli, havaya qarşı  həssaslıq hiss olunduqda isə evdən çıxmamağa, pəncərə və qapıları müəyyən zaman ərzində bağlı saxlamağa çalışmaq lazımdır. 

İnformasiya "Sabah" qəzetində dərc edilib.

 

 

 

 

Daim formada qalmaq istəyirsinizsə...

Artıq çəki problemi olanların ən böyük arzusu qısa müddətdə arıqlamaq, ideal  bədən quruluşuna sahib olmaqdır. Ona görə də belə insanlar bəzən  sürətli çəki itirmək fikrinə düşürlər. Bu isə onların orqanizmində bir çox fəsadlara yol açır. Lakin amerikalı elm adamları sağlam yolla arıqlamağın ən optimal yolunu tapıblar. Belə ki,  mütəxəssislər axşam yeməyinin vaxtının  arıqlamaq üçün mühüm rol oynadığını deyirlər. Harvard Tibb Məktəbində aparılan araşdırmalar nəticəsində  məlum olub ki,  axşam saat 17:00-dan sonra qəbul edilən qidalar arıqlama  prosesini ləngidir. 

"Cell Metabolism" jurnalında dərc edilən araşdırmada, axşam saatlarında kalori yandırma sürətinin  daha ləng getdiyini qeyd edən mütəxəssislər, şam yeməyinin erkən saatlarda qəbulunun həm aclığı daha tez dəf etmək, həm də çəki itirmək  baxımından əlverişli olduğunu  bildiriblər.

Sınaq zamanı axşam yeməyini  müntəzəm olaraq saat  17:00-da yeyənlərlə 21:00-da qidalananlar müqayisə edilib. Nəticədə erkən yemək yeyənlərin bədənlərində piylənmə prosesinin getmədiyi müşahidə olunub.

Mütəxəssislər bunun səbəbini  gec saatlarda qida istehlakının yemək istəyini artıran leptin və qrelin hormonlarına təsiri ilə əlaqələndirirlər.

"Biz gec saatlarda şam yeməyinin piylənmə riskini necə artırdığını öyrənmək istədik. Bu araşdırma bizə erkən yeməklə gec yemək arasındakı fərqi müqayisə etmək üçün çox önəmli idi",-deyə tədqiqat rəhbəri Frank Scheer qeyd edib.

Araşdırmada, həmçinin gec saatlarda yeyən insanların böyük qisminin oyaq ikən daha az enerji yandırdığı və bu səbəbdən də arıqlaya bilmədikləri məlum olub.

  

Diabet dərmanları demans riskini azalda bilər

Bu yaxınlarda aparılan yeni bir araşdırma zamanı son dövrlər istifadə edilməyən bəzi diabet dərmanları qrupunun Alzheimer xəstəliyinin qarşısını aldığı məlum olub. Belə ki,  ABŞ -ın Arizona Universitetinin alimləri  yarım milyondan çox  diabet xəstəsinin məlumatlarından  istifadə edərək, tiazolidindion (TZD) oral antidiyabetik dərman sinfinə aid həblərin  demansın (əqli geriləmə, yaddaş pozğunluğu)  inkişaf riskini 20 faiz azaltdığını ortaya çıxarıblar.

Son zamanlar bu qrup dərmanların qanda pis xolesterolu azaldaraq beyinə qan və oksigen axınını sürətləndirdiyi üçün  ürəklə əlaqəli problemlərə yol aça biləcəyi səbəbindən  nadir hallarda təyin edilir. Lakin mütəxəssislər gələcəkdə demansa çevrilə biləcək koqnitiv problemlərin qarşısını almaq üçün  bu dərmanların  2-ci tip şəkərli diabet xəstələrinə təyin edilməli olduğunu söyləyirlər.

"Sözçü" qəzetində dərc olunan araşdırmaya görə, tədqiqatçı  komanda 2000-ci ildən 2019-cu ilə qədər 560 min  2-ci tip diabet xəstəsinin sağlamlıq məlumatlarını səkkiz il ərzində izləyiblər. Məlumatların çox hissəsi  yaşı 60-dan yuxarı olan və  TZD sinfinə aid  məşhur diabet əleyhinə dərmanları qəbul edən xəstələrə aid olub. Nəticədə məlum olub ki, yalnız bu dərman qrupundan istifadə edənlərin, digər dərman preparatları  qəbul edənlərlə müqayisədə demansa yaxalanma riski  20 faiz aşağıdır.

Qeyd edək ki, uzun müddətdir 2-ci tip diabetin inkişafı demans riski ilə əlaqələndirilir. Bu səbəbdən də bəzi mütəxəssislər Alzheimer və demansiyanın da bədənə hüceyrə səviyyəsində təsir göstərməsinə  görə, onları diabet  xəstəliyinə bənzədərək " 3-cü tip diabet" adlandırırlar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".